Beyləqanda 100 mm çaplı top mərmisi aşkar edilib
Dekabrın 13-də, saat 18:09 radələrində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə (ANAMA) Beyləqan şəhəri, Birinci Şahsevən kəndi ərazində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.
ANAMA-dan “AzeriDefence”yə verilən xəbərə görə, havanın qaranlıq olması və təhlükəsizlik tədbirlərini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dekabrın 14-də həmin əraziyə göndərilib.
Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalının kənarına baxış keçirilib. Aparılan əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 100 mm-lik top mərmisi (OF-412) aşkar edilib və zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.
Aşkar olunmuş top mərmisinin ətrafında 300 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.