Birləşmiş Ərəb Əmirlikləri “Rafale” təyyarələrinin böyük partiyasını alır

Birləşmiş Ərəb Əmirlikləri “Rafale” təyyarələrinin böyük partiyasını alır

Birləşmiş Ərəb Əmirlikləri (BƏƏ) 80 ədəd “Rafale” qırıcısı alır.

“Poliqon” xəbər verir ki, “Dassault Aviation” şirkəti döyüş təyyarəsinin son modifikasiyası üçün müqavilənin imzalandığını elan edib.

Müqavilə çərçivəsində, BƏƏ köhnəlmiş “Mirage 2000-9” parkını əvəz edəcək 80 ədəd “Rafale” F4 qırıcısı alacaq. Bununla da BƏƏ rəsmi olaraq 2023-cü ilə qədər inkişaf mərhələsində olan təyyarənin ən yeni versiyasının ilk ixrac sifarişçisi olacaq.

Bildirilir ki, kompleks müqaviləyə qırıcılardan əlavə 12 ədəd çoxməqsədli “Airbus Helicopters” H225M “Caracal” helikopteri də daxildir.

Qeyri-rəsmi məlumatlara görə, sövdələşmənin ümumi dəyəri təqribən 17 milyard avro təşkil edir. Bundan 1 milyard avro helikopterlərə, 2 milyard avro döyüş sursatlarına, qalan 14 milyard avro isə təyyarə, təlim, logistika və əlavə avadanlığa xərclənəcək. Qırıcıların çatdırılması 2027-ci ilə planlaşdırılır.

Qeyd edək ki, bu alış BƏƏ-ni “Rafale” qırıcıları üzrə Fransadan sonra ən böyük sifarişçiyə çevirəcək. BƏƏ bu təyyarələrin altıncı xarici alıcısıdır. Eyni zamanda, 2021-ci il “Dassault Aviation” şirkəti üçün çox uğurlu bir il olub. Belə ki, üç ölkə (Xorvatiya (Xorvatiya Fransadan “Rafale” təyyarəsi alacaq), Yunanıstan (Yunanıstan aviasiya parkını “Rafale” döyüş təyyarələri ilə gücləndirir) və BƏƏ) “Rafale” qırıcısını ilk dəfə sifariş edib, üstəlik, Misir əvvəllər alınmış 24 ədədə əlavə olaraq 30 ədəd “Rafale” (Misir əlavə “Rafale” döyüş təyyarələri alır) təyyarəsini almaq niyyətində olduğunu bildirib.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS