Bolqarıstan T-72 tanklarının təkmiləşdirilməsini davam etdirir

Bolqarıstan T-72 tanklarının istismar müddətini 2030-cu ilə qədər uzatmaq məqsədi ilə təmir edir və təkmilləşdirir.
“Poliqon” “Defence24″ə istinadən xəbər verir ki, “Novo Selo” poliqonunda hərbçilər tankların əsas silahlarından atəş açıblar.
Onlar müxtəlif məsafələrdə və müxtəlif növ sursatlarla yerindən və hərəkətdə işləyərək, həmçinin pulemyotdan stasionar və hərəkətdə olan hədəflərə atəş açıblar. Eləcə də, gecə vaxtı və məhdud görmə şəraitində termal kameranın hədəfləri aşkar etmək qabiliyyəti də nümayiş etdirilib.
Müdafiə nazirliyindən bildiriblər ki, hərbi texnikanın təkmilləşdirilməsi uzunmüddətli prosesdir və döyüş əməliyyatlarının aparılmasının müasir tələblərinə cavab verməsi üçün silah sistemlərinin təkmilləşdirilməsini tələb edir.
Digər yeniliklərlə yanaşı, tankın təkmilləşdirilməsi “Elbit Systems” şirkətinin yeni TIFCS atəşi idarəetmə sisteminin quraşdırılmasını, ştat 1K13 gecə nişangahının TIFCS-GS gecə-gündüz nişangahı ilə əvəz edilməsini əhatə edir ki, buna da 9 km-ə qədər diapazona malik lazer məsafəölçən daxildir.
“Elbit Sysyems” şirkəti tanka E-LAWS lazer şüalanma xəbərdarlıq sistemini tətbiq edib. Bundan əlavə, təkmilləşdirmə prosesində mütəxəssislər döyüş maşınlarında müasir rabitə sistemləri qurmalı və ümumilikdə heyətin müdafiə səviyyəsini artırmalıdırlar.
Verilən məlumata əsasən, ümumilikdə 44 ədəd T-72M1 təkmilləşdiriləcək ki, onlardan 40 ədədi Quru Qoşunları üçün, 4 ədədi isə Vasil Levski adına Milli Hərbi Universitet üçün nəzərdə tutulub.
Xatırladırıq ki, Bolqarıstan hökuməti 16 fevral 2022-ci il tarixli iclasında T-72 tankının təkmilləşdirilməsi layihəsinin yenilənmiş variantını təsdiqləyib. 44 ədəd T-72 tankının təkmilləşdirilməsi üçün Bolqarıstanın Müdafiə Nazirliyi ilə yerli “Terem” holdinqi arasında 78,7 milyon lev (təxminən 40,2 milyon avro) dəyərində iki illik müqavilə imzalanıb.
Döyüş maşınlarının təkmilləşdirilməsi atəşi idarəetmə sistemləri, təhlükəsiz rabitə və situasiya məlumatlılığı baxımından tank birləşmələrinin texnoloji geriliyini aradan qaldırmaq məqsədi daşıyır.
Əhəd Əzizov




