
BORAN haubitsası Şimali Makedoniyada keçirilən atış fəaliyyətlərini uğurla yerinə yetirib
Türkiyənin “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti tərəfindən yerli və milli imkanlarla hazırlanmış 105 mm-lik BORAN haubitsası ixrac olunduğu Şimali Makedoniyada həyata keçirilən genişmiqyaslı atış fəaliyyətlərini uğurla yerinə yetirib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, bununla da BORAN haubitsası istifadəçidən yüksək qiymət alıb.
Bildirilib ki, Türkiyə Respublikası tarixinin ilk haubitsa ixracı kimi Banqladeşə çatdırılmış BORAN, Asiya qitəsindən sonra təhvil verildiyi ilk Avropa ölkəsində də meydanda yerini alıb və atış sınaqlarını uğurla tamamlayıb.
Xatırladaq ki, MKE ilə Şimali Makedoniyanın Müdafiə Nazirliyi arasında imzalanmış müqavilə çərçivəsində 6 ədəd BORAN və onlara aid sursatlar cari ilin iyununda bu ölkəyə təhvil verilib.
Türkiyə Silahlı Qüvvələrinin ehtiyacları nəzərə alınaraq dizayn edilən BORAN, 1775 kiloqram çəkisi ilə dünyanın ən yüngül haubitsaslarından biridir. Bu sayədə “Sikorsky” S-70 və CH-47 “Chinook” helikopterləri tərəfindən hava yolu ilə, yükdaşıma qabiliyyətinə malik vasitələrlə isə quru yolu ilə istənilən nöqtəyə asanlıqla daşına bilir. 1 dəqiqədən az müddətdə atışa hazır vəziyyətə gətirilən BORAN, təkər üzərində atəş edə bilməsi ilə də analoqlarından fərqlənir.
Haubitsa gecə-gündüz 360 dərəcə atəş açmaq, -32 dərəcə ilə +44 dərəcə hava temperaturunda fəaliyyət göstərmək bacarığına sahibdir. Atəşi idarəetmə sistemi ilə təchiz edilən BORAN-ın atəş məsafəsi 17 kilometr təşkil edir. Onun 105 mm-lik topu dəqiqədə 6 atəş aça bilir.
MKE şirkəti qeyd edib ki, hazırda BORAN-ın ixracı üçün bir çox ölkə ilə aktiv danışıqlar davam edir və yaxın zamanda bu haubitsanın daha bir Avropa ölkəsinə ixracı planlaşdırılır.