BOYGA PUA ilk ixrac uğuruna imza atıb
STM şirkətinin mühəndisləri tərəfindən yerli və milli imkanlarla inkişaf etdirilən BOYGA pilotsuz uçuş aparatı (PUA) ilk ixrac uğuruna imza atıb.
“Poliqon” Türkiyənin STM şirkətinə istinadən xəbər verir ki, 81 mm-lik minaatan mərmisi daşıyan BOYGA PUA-nın ilk xarici müştərisi adı açıqlanmayan Afrika ölkəsidir.
Bildirilib ki, tərəflər arasında BOYGA-nın ixracı üçün müqavilə imzalanıb. Bu müqaviləyə əsasən, PUA-nın tədarükləri 2024-cü il ərzində tamamlanacaq.
2022-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına daxil olan BOYGA pilotsuz uçuş aparatı terrorla mübarizədə, sərhəd əməliyyatlarındə və beynəlxalq təlimlərdə aktiv şəkildə istifadə edilir. BOYGA sonuncu dəfə EFES-2024 təlimində istifadə olunub və təyin edilmiş hədəfləri tam dəqiqliklə vurub.
İxrac ilə bağlı fikirlərini bölüşən STM şirkətinin baş direktoru Özgür Güleryüz vurğulayıb ki, türk əsgərlərinin ehtiyacları üçün qabaqcıl mühəndislik imkanları ilə STM tərəfindən hazırlanan taktiki mini PUA ailəsi beynəlxalq arenada da ön plandadır: “Fırlanan qanadlı milli zərbə PUA-mız KARGU-nu 2018-ci ildə Türkiyə Silahlı Qüvvələrinin inventarına qazandırdıq və bu günə qədər 10-dan çox ölkəyə ixrac etdik. Ardınca ailəmizin kəşfiyyatçı üzvü TOGAN-ı iki il əvvəl Ordumuzun xidmətinə verdik və daha sonra iki Afrika ölkəsinə ixrac etdik. Son olaraq, 2023-cü ildə sabit qanadlı zərbə PUA-mız ALPAGU-nun da ilk ixracını həyata keçirdik.
Bütün bu uğurlardan sonra Ordumuzun inventarına qazandırdığımız BOYGA-nın ilk beynəlxalq satışını bir Afrika ölkəsinə etdik. Beləliklə, hazırladığımız və əməliyyat meydanında özünü uğurla sübut edən taktiki mini PUA ailəmizin bütün üzvlərini ixrac etməklə əhəmiyyətli uğurlar qazandıq. Əməliyyat meydanında təəccüblü və təsirli effekt yaradan PUA-larımızın yeni ixracatları üçün də danışıqlarımız davam edir. Dost və qardaş ölkələrin, xüsusən də ordumuzun tələblərini ödəmək üçün mini PUA sahəsində istehsal gücümüzü də artırdıq”.
Onun sözlərinə görə, Ukrayna-Rusiya müharibəsi dronların və döyüş sursatı atmağa qadir olan PUA-ların nə qədər effektiv olduğunu bir daha bütün dünyaya göstərdi.
BOYGA haqqında danışan STM şirkətinin baş direktoru, PUA-nın üstünlüklərini diqqətə çatdırıb: “BOYGA milli və özünəməxsus proqram təminatı, xüsusi hazırlanmış sursatı və proqnozlaşdırma alqoritmi ilə istifadəçilərə əməliyyat meydanında ciddi üstünlük təmin edir. BOYGA yüksək hündürlükdən hədəfləri tam dəqiqliklə vura bilir ki, bu da onun düşmən tərəfindən aşkarlanmasını çətinləşdirir”.
STM şirkətinin taktiki mini PUA ailəsinin üzvü olan BOYGA təkmil ballistik qiymətləndirmə alqoritmi sayəsində daşıdığı xüsusi 81 mm-lik minaatan sursatını tam dəqiqliklə hədəfə buraxır. Terrorla mübarizədə və asimmetrik müharibə mühitində effektiv şəkildə istifadə edilə bilən BOYGA, minaatan sursatı ilə 30 dəqiqə havada qalma müddətinə malikdir. PUA-nın maksimum uçuş tavanı 3000 metr və əməliyyat mənzili 10 kilometrdir. 17 kq ağırlığa sahib olan BOYGA tək bir personal tərəfindən daşına bilir. STM, PUA-ya sursat sisteminin inteqrasiyasını “Makine ve Kimya Endüstrisi” (MKE) şirkəti ilə əməkdaşlıq çərçivəsində həyata keçirir.