Böyük Britaniya reaktiv artilleriyanı təkmilləşdirir

İngilis mütəxəssislər reaktiv artiileriya sistemlərinin daha uzaq və daha dəqiq vurması üçün müvafiq işlər yerinə yetirirlər.
“Poliqon”un “Defence-blog”a istinadən verdiyi məlumata görə, Böyük Britaniya Müdafiə Nazirliyi qoşunların istifadəsində olan yaylım atəşli reaktiv sistemləri (YARS) təkmilləşdirməyə başlayıb.
Təfərrüatları açıqlanmayan müqavilənin bir hissəsi olaraq, Böyük Britaniya ordusu istismardakı bütün 44 ədəd M270 YARS döyüş maşınını beş il ərzində təkmilləşdirəcək. Tırtıllı döyüş maşınları yeni zirehli kabinlər, təkmilləşdirilmiş elektronika və buraxılış sistemi əldə edəcəklər.
Bundan əlavə, M270 YARS döyüş maşınları yenilənmiş atəşi idarəetmə sistemi və 150 km-ə qədər artırılmış atış məsafəli GMLRS-ER raketlərini buraxma qabiliyyəti əldə edəcəkdir. Yeniləmədən sonra M270 YARS, 500 km-ə qədər mənzilli perspektivli PrSM (Precision Strike Missile) raketi ilə də atəş aça biləcək.


Əhəd Əzizov




