Böyük Britaniya sınaq istismarı üçün yerüstü pilotsuz platformalar sifariş edib

Böyük Britaniya sınaq istismarı üçün yerüstü pilotsuz platformalar sifariş edib

Böyük Britaniya Silahlı Qüvvələri sınaq istismarı üçün yerüstü pilotsuz platformalar sifariş verib.

“Poliqon” “Janes” portalına istinadən məlumat verir ki, Böyük Britaniyanın Müdafiə Nazirliyi yerli “Marlborough Communications Limited” (MCL) və İsrailin “Israel Aerospace Industries” (IAI) şirkətləri ilə 4 ədəd pilotsuz yerüstü nəqliyyat vasitəsinin (Unmanned Ground Vehicl – UGV) tədarükü barədə müqavilə imzalayıb.

Alqı-satqı Birləşmiş Krallıq Silahlı Qüvvələrində taqım səviyyəli məsafədən idarə olunan yerüstü nəqliyyat vasitələrinin (Remote Platoon Vehicl – RPV) sınaq istismarı sahəsində təcrübə qazanmaq məqsədi ilə həyata keçirilən “Spiral 2” proqramı çərçivəsində yerinə yetirilib.

“Spiral 2” proqramı, pilotsuz yerüstü nəqliyyat vasitələri ilə hərbi qulluqçular üçün təhlükədən qaçaraq qoşunlara bütün zəruri material vəsaitləri çatdırmağı hədəfləyir.

Əvvəllər “Marlborough Communications Limited” şirkəti Böyük Britaniya Müdafiə Nazirliyinin “Spiral 1” proqramı çərçivəsində tapşırıqlara uyğunlaşdırılmış platforma sistemli (Mission Adaptable Platform System) pilotsuz yerüstü nəqliyyat vasitələri üçün gələcək tələbləri müəyyənləşdirməkdən ötrü müqavilə alıb.

IAI şirkətindən bildiriblər ki, pilotsuz yerüstü platforma kəşfiyyat qabiliyyətlərinə əlavə olaraq, şəxsi əşyaların daşınması, yaralıların təxliyyəsi, taqımın bir sıra digər əmlakının və silahlarının daşınması kimi xüsusi logistika dəstəyi göstərə bilər.

IAI şirkəti, RPV pilotsuz nəqliyyat vasitəsini özünün Rex 4×4 təkərli pilotsuz platforması əsasında ingilislər üçün hazırlayıb və istehsal edib. Yeni pilotsuz aparatın uzunluğu 3,2 m, eni 1,53 m və hündürlüyü 1,1 m-dir.

550 kq faydalı yüklə birlikdə tam yüklənmiş vəziyyətdə kütləsi 1800 kq-dır. Fəaliyyət məsafəsi 100 km-dən 300 km-ə qədərdir. Məsafədən idarə olunma və ya avtonom rejimlərdə işləyə bilir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS