Braziliya “Spike LR2” TƏİRK alır

Braziliya “Spike LR2” TƏİRK alır

İsrailin tank əleyhinə idarə olunan raket kompleksləri (TƏİRK) ilə artıq Latın Amerikası ölkələri də maraqlanır.

“Poliqon” xəbər verir ki, Braziliya Müdafiə Nazirliyi TƏİRK tədarükü üçün elan edilmiş tenderdə İsrailin “Rafael” şirkətinin istehsalı olan “Spike LR2” komplekslərinin seçildiyini bildirib.

Baza müqaviləsinə ordu üçün 100 ədəd raket və 10 ədəd buraxma qurğusunun, həmçinin təlim avadanlığı və logistika xidmətlərinin alınması daxildir. Bu, Braziliyaya 19 milyon ABŞ dollarından bir qədər artıq məbləğə başa gələcək. Eyni zamanda, məlumatda bu partiyanın sınaq alışı ola biləcəyi də bildirilir.

Məlumdur ki, Braziliya Hərbi Dəniz Qüvvələri (HDQ) də öz helikopterlərini təchiz etmək üçün “Spike LR2” raketlərini nəzərdən keçirir. Lakin, müqavilə uğrunda İsrail istehsalı TƏİR kompleksi Böyük Britaniyanın Sea Venomu ilə rəqabət aparmalıdır.

Braziliya ordusunda “Spike LR2” TƏİR kompleksini 6×6 təkər formullu təkmilləşdirilmiş EE-9 “Cascavel” kəşfiyyat maşınlarının təchiz edilməsi üçün istifadə olunacaq.

“Spike LR2” TƏİR kompleksi istehsalçı tərəfindən çox platformalı çoxməqsədli raket kimi elan edilib. O, daşınan, mobil və gəmi buraxma qurğuları tərəfindən istifadə oluna, həmçinin helikopterlərin və təyyarələrin xarici asqılarına quraşdırıla bilər.

Çəkisi 12,7 kq olan raket yüksək nüfuzetmə qabiliyyətinə sahib tandem kumulyativ döyüş başlığına malikdir. Zirehə nüfuzetməsinin “Spike LR” raketindən 30% yüksək olduğu bildirilir və qəlpəli məhvetmə elementləri ilə tamamlanır.

İstehsalçı bildirib ki, “Spike LR2” raketi düşmənin ağır zirehli maşınlarını, eləcə də sığınacaqlarını eyni dərəcədə effektiv şəkildə məhv edə, canlı qüvvəsini zədələyə bilir. Qeyd edək ki, raket 20 sm qalınlığa qədər dəmir-betondan səddən keçə və maneənin arxasında partlaya bilir. “Spike LR2” raketləri 5,5 km-ə, eləcə də təyyarə modifikasiyasında 10 km-ə qədər məsafədə hədəfi məhv etmə qabiliyyətinə malikdir.

Əhəd Əzizov

Poliqon.az

CATEGORIES
TAGS