
Ağır tonnajlı pilotsuz uçuş aparatının (PUA) sınaq testlərinə başlanılıb.
“AzeriDefence”nin məlumatına görə, “Altair” adlandırılan PUA-nın yaradılması prosesi Rusiya Federasiyasının Tatarıstan Respublikasının paytaxtı Kazanda yerləşən M.P. Simonov adına Konstruktor Bürosunda aparılır.
Sınaqlar uçuşun bütün parametrləri üzrə həyata keçirilir.
PUA-nın uçuşa qalxma və havada olarkən bütün fəaliyyəti, o cümlədən enmə prosesi avtomatlaşdırılıb. Fors-major vəziyyətlərdə isə operator PUA-nı yerdən idarə edə bilir.
Paralel olaraq “Altair”in silah arsenalı ilə bağlı da işlər aparılır.
İstehsalçı müəssisədən bildirilib ki, yeni PUA-nın çəkisi 5 tondur. Aparat 500 at gücündə olan pərli RED A03/V12 versiyalı dizel mühərriklə işləyəcək.
PUA əlavə yanacaq doldurmadan 2 sutka havada qala bilir. Aparatın maksimal uçuş hündürlüyü 12 km, uzunluğu 12 metr, qanadlarının ölçüsü isə 30 metrdir.
“Altair”in maksimum uçuş məsafəsi 10 min km-dir.
PUA-nın sınaqları 2017-ci ilin sonuna kimi yekunlaşdırılacaq.
2018-ci ildən isə aparatın seriyalı istehsalına başlanılması nəzərdə tutulub.






