Bundesver “Kodiak” zirehli buldozeri alır

Almaniya Ordusu (Bundesver) 44 ədəd yeni zirehli “Kodiak” buldozerinin tədarükü üçün “Rheinmetall AG” müdafiə konserni ilə ümumi dəyəri 295 milyon avro olan müqavilə imzalayıb.
“Poliqon” “European Defence Rewiew” portalına istinadən xəbər verir ki, imzalanmış müqavilə şərtlərinə əsasən ilk maşın istehsal konveyerindən 2023-cü ildə çıxmalı, sonuncu maşının tədarükü isə 2029-cu ildə başa çatdırılmalıdır.
Əlavə olaraq bildirilir ki, müqavilə qiymətinə alınan yeni “Kodiak” mühəndis texnikalarının istehsalı və tədarükü ilə yanaşı, onların istismarı üçün servis xidməti və personal hazırlığı da daxildir.
“Pionierpanzer 3 Kodiak” olaraq da tanınan “Kodiak” mühəndis zirehli maşını, “Leopard 2” tankının şassisi üzərində qurulub. Maraqlıdır ki, Almaniya ordusu bu maşının ilk operatoru olmayacaq. Belə ki, artıq ümumilikdə 40 ədədə yaxın “Pionierpanzer 3 Kodiak” texnikası İsveçrə, İsveç, Hollandiya və Sinqapur ordularında istismar olunur.
“Kodiak” zirehli buldozerinin əsas xüsusiyyəti işlərinin tam avtomatlaşdırılmasıdır. Üç heyət üzvünün gün ərzində aydın və tutqun hava şəraitində texnikanın ətrafındakı bütün perimetrə ümumi baxış imkanı verən altı videokamerası var. Ehtiyacdan asılı olaraq, zirehli nəqliyyat vasitəsinin tərtibatı baxımından ən optimal format seçilə bilər.
Lazım gələrsə, “Kodiak” maşını çömçəsini məsafədən idarəetmə pultu vasitəsilə “çıxara” bilir. “Kodiak”ın köməkçi güc qurğusu, əsas mühərrik söndürüldükdə belə bütün maşın mexanizmlərini işlədə bilir.
Özünümüdafiə üçün “Kodiak” zirehli buldozeri 76 mm-lik tüstü qumbaraatanından və 7,62 mm və ya 12,7 mm pulemyotdan və ya 40 mm-lik avtomatik qumbaraatandan ibarət “Natter” döyüş moduluna malikdir.
Əhəd Əzizov




