Cənubi Koreya şirkəti Hindistana yüngül K21-105 tankı təklif edib

Cənubi Koreya zirehli texnika istehsalçıları Hindistan ordusunun yüngül tanklara olan ehtiyacını ödəmək niyyətindədirlər.
Bu barədə “Poliqon” xarici mediaya istinadən xəbər verib.
Daha əvvəl Hindistan rəsmiləri Ladakx bölgəsindəki qarşıdurmada istifadə etməkdən ötrü yüngül tanklara tələbat olacağını açıqlayıblar. Bununla belə, bu yaxınlarda Hindistan Müdafiə Nazirliyi T-72 və T-90 tanklarının Çin istehsalı “Type 15” “dağ” tankından üstün olduğunu elan edib.
Hindistan Müdafiə Nazirliyi, tank birləşmələrinin ehtiyaclarını ödəmək üçün təxminən 300 (digər mənbələrə görə isə 350) ədəd yüngül tanka ehtiyac olduğunu bildirib. Bununla əlaqədar olaraq, Cənubi Koreyanın “Hanwha Defence” şirkətinin nümayəndələri Hindistan ordusuna bu qədər zirehli texnikanı tədarükü təklifi ilə çıxış ediblər.
Cənubi Koreyalı hərbi texnika istehsalçısı Hindistana K21 piyadaların döyüş maşınının bazasına əsaslanan K21-105 yüngül tankını təklif edib. K21-105 tankının əsas silahı НАТО M1060CV standartına uyğun döyüş sursatlarının tətbiqinə imkan verən 105 mm çaplı tank topudur. Tankın kütləsi konfiqurasiyadan asılı olaraq 29 tona qədərdir. İki heyət üzvü üçün nəzərdə tutulmuş CT-CV 105HP qülləsi Belçikanın “CMI Defense” şirkəti tərəfindən layihələndirilib.
İstehsalçı əvvəllər daha ağır tankların istifadəsi üçün çətinliklərin yarana biləcəyi landşaft şəraiti də daxil olmaqla belə bir tankın əsas məqsədinin piyadaları dəstəkləmək olduğunu açıqlayıb. İlk dövrlərdə K21-105 tankı orta tank adlandırılıb.
Koreya şirkətinin nümayəndələri K21-105 yüngül tankının digər istehsalçıların oxşar döyüş maşınlarına nisbətən ən yaxşı qiymət-performans nisbətinə sahib olduğunu iddia edirlər. Eyni zamanda, Hindistan üçün konkret (mümkün) qiymət hələ açıqlanmayıb. Ancaq Cənubi Koreya istehsalçılarının “Hindistanda yarat” proqramında iştirak etmək qərarına gəldikləri ifadə edilib. Bunu həyata keçirmək üçün, ortaq “L&T” şirkəti ilə əməkdaşlıq edərək istehsalın bir hissəsini Hindistana köçürməyə hazırdırlar. “L&T” şirkəti artıq Hindistan ordusu üçün 155 mm çaplı K9 “Vajra-T” tırtıllı özüyeriyən artilleriya qurğularının yaradılması layihəsini həyata keçirir.
“K21-105 tankı dağlıq ərazilərdə istifadə üçün ideal həlldir”, – deyə “Hanwha Defense” şirkətinin nümayəndələri bildiriblər.
Əhəd Əzizov




