Xəbərlər

Cənubi Qafqaz ölkələrinin mühəndis texnikaları parkı: Mövcud durum, perspektiv inkişaf istiqamətləri

Cənubi Qafqaz dövlətlərinin 2000-ci illərin əvvəllərində silahlı qüvvələrdə həyata keçirdikləri kompleks inkişaf proqramları çərçivəsində keçmiş Sovet ordusundan miras qalan mühəndis döyüş texnikalarının müasir hərbi texnikalarla əvəz edilməsi prosesinə başanılmışdır.

Regionda baş verən silahlı münaqişələr texnika parkının müasirləşdirilməsinə yeni baxışlar ortaya çıxarmış və perspektiv istiqamətləri müəyyən etmişdir.

Son olaraq, Azərbaycan və Ermənistan arasında 27 sentyabr-10 noyabr 2020-ci il tarixlərində baş verən 44 günlük hərbi əməliyyat ənənəvi mühəndis-döyüş texnikalarının müasir müharibələrdə istənilən effektivliyi vermədiyini, qarşıya qoyulan tapşırıqların icrasını çətinliklə yerinə yetirdiyini, mühəndis bölmələrində insan itkilərinə və izafi xərclərə səbəb olduğunu göstərdi.

Döyüş meydanında düşmənin mühəndis maneələrini dağıdıb, hücum edən qüvvələrə keçid açmaq üçün təyinatlandırılmış ağır hərbi texnikaların özlərinin keçidlərdə ilişib qalması, texnikalar və heyət arasında itkilərin çox olması qoşunların yeni nəsil mühəndis texnikaları ilə təchiz edilməsinin vacibliyinə işarə edir.

Region ölkələrinin texnika parkı

Hər üç Cənubi Qafqaz respublikasının silahlı qüvvələrinin mühəndis bölmələrinin silahlanmasında keçmiş Sovet istehsalı olan “Bat-M”, “Bat- 2”, MDK-3 mühəndis maşınları, QMZ-3 minadüzənləri, UR-77 reaktiv mina təmizləmə qurğuları, TMM-2, TMM-3 mexaniki körpülər, MTU-20 və MT-55 tank körpüsalanları, PZM-2 və PZM-2M yerqazanları, müxtəlif markalı zirehləndirilmiş buldozer və ekskavator texnikaları yer alır.

Yeni hərbi texnikaların əldə edilməsində büdcə sıxıntıları yaşayan Gürcüstan və Ermənistan 2010-2015-ci illərdə bu texnikaların bir qisminin əsaslı təmiri vəpzm 2 təkmilləşdirilməsini həyata keçirib. Bu dövrdə Ermənistan Rusiyadan 6 ədəd İMR-2M mühəndis texnikası, TMM-3M mexaniki körpülər və 6 ədəd MTU-72 tank körpüsalanları, Gürcüstan isə Ukraynadan açıqlanmayan sayda İMR-2 və BAT-2 mühəndis texnikaları, 12 ədəd PZM-2M yerqazanı, İsveçrənin “Minewolf A.G” şirkətindən bir neçə ədəd məsafədən idarə olunan MW240 “Mini Minewolf” robot minatəmizləmə maşınıı alıb. 2005-2012-cü illərdə alınmış bu maşınlar hazırda humanitar minatəmizləmə əməliyyatlarında istifadə olunur.

2008-ci il avqust müharibəsində Rusiya qüvvələri tərəfindən Gürcüstan Ordusuna məxsus bir ədəd MW240 mexaniki minatəmizləmə maşını qənimət götürülüb.

2015-ci ildə Gürcüstan Ordusunun mühəndis briqadası yerli STC “Delta” Mərkəzi tərəfindən minatəmizləmə əməliyyatları üçün xüsusi hazırlanmış 5 ədəd zirehli ekskavatorla təchiz edilib.

MRS3043Azərbaycan isə bu dövrdə Ukraynadan KrAZ-5233 şassisində PZM-3 yerqazanları, Rusiyadan İMR-3M mühəndis-istehkam maşınları, EOV-3523 hərbi ekskvatorlar, KS-45719-7M hərbi təyinatlı kranlar, PP-91 ponton körpü keçidləri, KaMAZ və MZKT-7930 şassilərində TMM-6 mexanikiləşdirilmiş körpülər, MTU-90M tank körpüsalanları satın alıb. Belarus istehsalı olan 8×8 təkər formuluna malik MZKT-7930 şassisində qurulmuş yeni TMM-6 körpüləri Azərbaycan Ordusunun silahlanmasına 2020-ci ilin əvvəllərində qəbul edilib. Körpü keçidinin uzunluğu 17 m, yükqaldırma qabiliyyəti 60 tondur. Maneə üzərində körpünün salınmasına maksimum 50 dəqiqə vaxt tələb olunur.

Azərbaycanın 2013-2016-cı illərdə Rusiyanın “Ural Vaqon Zavod” Korporasiyasından satın aldığı İMR-3M mühəndis maşınları İMR mühəndis maşınlarının ailəsinin son nəsli sayılır. İMR-3M maşınları müstəqil şəkildə tank əleyhinə minalı sahələrin öhdəsindən gəlməyə və keçidlər açmağa imkan verir.

T-90 tankının şassisində (İMR modifikasiyası T-55, İMR-2/2M maşınları T-72 tankının şassisindədir) yaradılmış İMR-3-ün çəkisi 50,8 ton, maksimal sürəti şose yolda 60 km/saat, gediş ehtiyatı 500 kilometrdir. Maşın 840 at gücündə V-84MS dizel mühərriki ilə təchiz olunub.

MRS3017

Maşın zirehli kabinədən idarə olunan 8 metr uzunluğa və 2 ton yükqalldırma qabiliyyətinə sahib elektrohidravlik manipulyatora, universal buldozer bıçaqlarına sahibdir. Maşın KMT-R3 elektromaqnit mina tral ilə təchiz edilə bilər.

İMR-3M mühəndis maşınları tüstü qumbaraları və 12,7 mm çaplı NSVT pulemyotu ilə silahlandırılıb.

Kabinəsi tamamilə germetikləşdirilmiş İMR-3M maşınları radioaktiv şüalanma olan ərazilərdə də işləməyə bacarıqlıdır. Maşın meşəlik ərazilərdə, minalı sahələrdə və daş uçqunları olan yerlərdə saatda orta hesabla 300−400 metrlik keçid açmağa, 250 kub metrədək torpaq qazmağa imkan verir.

Xarkov Maşınqayırma Konstruktor Bürosu tərəfindən MT-T ağır yedəkçinin bazasında hazırlanmış BAT-2 çoxməqsədli buldozeri 1988-ci ildə Sovet Ordusunun Mühəndis Qoşunlarının və Mülki Müdafiə Qoşunlarının silahlanmasına daxil edilib. Bütöv lehimlənmiş qutu formalı korpus malik BAT-2-nin damında və dibdə texniki xidmət vaxtı maşının aqreqatlarına giriş üçün lyuklar var. Maşının iki heyət və əlavə 6 əsgər yerləşən kabinəsi tamamilə germetikdir. Maşın bulldozer tiyəsi, toxa, bucurğad və 2 tonadək yükqaldırma qabiliyyətinə malik kranla təchiz olunub. BAT-2 yükləri 3,5 metrə qədər dərinlikdə çuxurlara endirə və ya 7,5 metrə qədər hündürlüyə qaldıra bilər. Maşının ön hissəsində yerləşdirilmiş bucurğad 25 ton qədər yükü çəkməyi bacarır.

Ağır çəkiyə malik BAT-2-lərin əsas çatışmazlığı yumuşaq ərazilərdə tez-tez batması, manevr qabiliyyətinin aşağı olmasıdır.

Minalanma və minatəmizləmə texnikaları

Hər üç region ölkəsinin mühəndis xidməti, eləcə də regionda searatçıların nəzarəti altında olan Cənubi Osetiya və Abxaziyada qeyri-qanuni silahlı birləşmələri minalama əməliyyatlarının həyata keçirilməsində 1984-cü ildə keçmiş Sovet Ordusunun Mühəndis Qoşunlarının silahlanmasına daxil olmuş QMZ-3 mexaniki minalama maşınlarından istifadə edir.

QMZ-3 maşınları minaların qoyulmasını maskalanmasız və ya maskalanmayla həyata keçirir. Üç maşından ibarət olan mina mühəndis taqımı 30 dəqiqə ərzində zirehli tank texnikası üçün praktik olaraq keçilməz 2,5-3 km minalı sahə yaradır. QMZ-3-də mövcud olan naviqasiya avadanlıqları yalnız kursun təyin edilməsini deyil, həm də qurulmuş minaların rəqəmli indeksləşdirməsi, topoqrafiya xəritəsində minalı sahənin qeydlərinin aparılmasına imkan verir.

Minalı sahələrdən keçid açmaq üçün nəzərdə tutulan UR-77 “Meteorit” özüyeriyən reaktiv minatəmizləmə qurğusu 2S1 özüyeriyən haubitsanın bazasında yaradılıb. Keçmiş Sovet Ordusunda 1978-ci ildə silahlanmaya qəbul edilib.

UR-77 partlatma üsulu ilə tank əleyhinə minalı sahələrdə 6 metr enində və 90 metrədək uzunluqda keçid açmağa imkan verir. Sistem M14 piyada əleyhinə minalar basdırılmış ərazilərdə isə 14 metr enində keçid aça və sahələri təmizləyə bilir. Minalardan təmizləmə yükün partlayışından zərbə dalğasının yaranması yolu ilə həyata keçirilir. Qurğu minatəmizləmə zamanı UZ-67, UZP-77 və ZRŞ markalı yüklərdən istifadə edə bilər. Keçid açma müddəti 3-5 dəqiqə təşkil edə bilər.

Körpülər

Azərbaycan, Gürcüstan və Ermənistanın mühəndis qoşunlarının parkında əsas yeri keçmiş Sovet Ordusundan qalma MTU-55 və MTU-22 tank körpüsalanları,c674bf73524a3b0f8e704679e9ed6088 ТММ-3 mexanikiləşdirilmiş ağır körpülər, PP-91 panton körpü keçidləri tutur. Ötən dövrdə mexaniki körpü parkını yeniləyən Azərbaycan Rusiyadan T-90 tanklarının şassisində yaradılmış MTU-90M tank körpüsalanları, MZKT-7930 şassisində qurulmuş yeni TMM-6 körpüləri və KAMAZ daşıyıcılarda PP-91 panton körpü keçidləri, Ermənistan isə KAMAZ-53501 markalı nəqliyyat vasitələri şassisində qurulmuş açıqlanmayan sayda TMM-3M2 mexaniki körpü alıb. TMM-3M-körpülərindən fərqli olaraq, TMM-3M2 körpülərində quraşdırılma müddəti 45 dəqiqəyə endirilib, körpünün ötürmə qabiliyyəti 60 tonadək artırılıb.

Azərbaycanın aldığı PP-91M panton körpü keçidləri 60 ton yük ötürmə qabiliyyətinə sahibdir. KAMAZ-63501 şassisində qurulmuş dəstə panton körpülərlə yanaşı sahil bəndləri, MZ-330 yedəkləyici, BMK-225 katerləri daxildir.

Perspektivlər

Bir sıra istehsalçılar tərəfindən region ölkələri üçün müxtəlif mühəndis texnikalarının təqqdimatları keçirilib.

2015-2016-cı illərdə Fransanın CNIM şirkəti tərəfindən Azərbaycan və Gürcüstana PFM (Motorized Floating Bridge) üzən körpülərin təqdimatı keçirilmiş, qiymət təklifi verilmişdir. Qiymət və satış sonrası servis xərclərinin bahalığı əsas gətirilərək Azərbaycan tərəfi bu texnikaların alınmasından imtina edib. Bəzi məlumatlara görə, Fransadakı erməni lobbisinin təsiri altında olan dairələrin satışa qarşı çıxması da bu layihənin baş tutmamasında rol oynayıb.

Son illər Ukraynanın “Avto KRAZ” şirkəti layihələndirdiyi yeni mühəndis texnikalarının Azərbaycan və Gürcüstana satışı istiqamətində fəal iş aparan müəssisələrdəndir. Şirkət son olaraq Gürcüstana zirehləndirilmiş KrAZ-5233 şassisində PZM-3 yerqazanlarını ixrac etməyə nail olub. “Silah və Təhlükəsizlik-2019” sərgisində POLİQON (AZERİ DEFENCE) jurnalına danışan müəssisə rəsmiləri Azərbaycan və Gürcüstanla silahlı qüvvələrin istifadəsindəki keçmiş Sovet Ordusundan qalma mühəndis texnikalarının təkmilləşdirilməsi istiqamətində danışıqlar aparıldığını qeyd ediblər: “Azərbaycan və Gürcüstan orduları uzun illərdir “KrAZ” şassisində avtoekskavatorlar, habelə müxtəlif körpülər istifadə edirlər. Biz bu texnikaların təkmilləşdirilməsi üçün layihələrimizi adıçəkilən ölkələrin hərbi qurumlarına təklif etmişik”.

Şirkət mütəxəssislərinin fikrincə, silahlanmadakı, resursu bitmiş şassilərin yeni, manevrli və daha güclü, zirehləndirilmiş kabinəyə sahib şassilərə keçirilməsi, faydalı iş əmsalının artırılması, eləcə də yeni texnologiyaların tətbiqi ilə bəzi avtomatlaşdırılması imkanları mövcuddur.

Gürcüstan Müdafiə Naziriyinin hazırladığı proqramda mühəndis texnikası parkının müasirləşdirilməsinin prioritet istiqamətləri müəyyən olunub. Avropa və ABŞ istehsalı olan texnikalara keçid prosesi çərçivəsində bu işlərin 2030-cu ilədək həyata keçirilməsi planlaşdırılır.

Gürcüsta mediasında yer alan məlumatlara görə, ordunun mühəndis bölmələri Almaniyanın MAN, Çexiyanın “Tatra” və ABŞ-ın “Pearson Engieering” şirkətinin istehsalı olan mühəndis texnikalarını nəzərdən keçirir.

Azərbaycanın ordu yetkililəri isə daha çox Türkiyə istehsalı olan mühəndis texnikalarının maraq dairəsində olduğunu deyirlər.

Hərbi rəsmilərin sözlərinə görə, Türkiyənin FNSS şirkəti tərəfindən istehsal edilən Səyyar Üzən Hücum Körpüsü, üzən buldozer, eləcə də Suriyada hərbi əməliyyatlarda uğurla istifadə edilmiş “Best Qrup” və “Katmercilər” şirkətlərinin istehsalı olan məsafədən idarə olunan zirehli mühəndis texnikalarının Azərbaycan Ordusunda da silahlanmaya qəbulu perspektivləri vardır.

Ermənistan Ordusunun işğalından azad edilmiş ərazilərdə 2021-ci ildə başlanacaq və ən azı 2035-ci ilədək davam edəcəyyi planlaşdırılan böyük miqyaslı minatəmizləmə əməliyyatları zirehləndirilmiş və məsafədən idarə olunan minatəmizləmə və mühəndis texnikalarına (ekskavatorlar, buldozerlər, robotlar) tələb yaradacaq.

128143307 1314346875579917 8786309202189274410 oQarşıdakı dönəmdə Mühəndis Qoşunları ilə yanaşı Fövqəladə Hallar Nazirliyinin və Minatəmizləmə Agentliyinin (ANAMA) texnika parkının müasirləşdirilməsi gözlənilir.

Bir neçə il əvvəl mediada yer alan məlumatlara görə, Azərbaycan Xorvatiyanın “Dok-İng” şirkətinin MV-10 və Rusiyanın “Uran-6” mexaniki minatəmizləmə maşınları ilə yaxından maraqlanmağa başlayıb. Lakin dünya bazarında neftin qiymətinin kəskin şəkildə aşağı düşməsi ilə əlaqədar yaranan maliyyə problemləri səbəbindən görüşmələr dayandırılıb.

Altı ton ağırlığa sahib “Uran-6” minatəmizləmə maşınının uzunluğu 4,45 metr, eni 2,01 metrdir. Maşının üzərində 360° ətrafı müşahidə etməyə imkan verən 4 kamera mövcuddur və açıq ərazidə 1 km məsafədən idarə etmək mümkündür. Maşın eyni zamanda bir neçə minanı zərərsizləşdirməyə imkan verir. Maşına əməliyyat tapşırığına uyğun olaraq manipulyator, toxmaq və buldozer bıçağı taxmaq mümkündür.

Türkiyə şirkətləri hansı texnikaları təmin edə bilər

Dekabr ayının 9-da Türkiyənin ASFAT şirkəti Azərbaycanla mexaniki minatəmizləmə maşınlarının ixracına dair müqavilə imzaladığını açıqlayıb. Müqavilə çərçivəsində şirkət 2021-ci ilin iyul ayıdadək Azərbaycana 20 ədəd MEMATT adlı mexaniki minatəmizləmə maşını ixrac edəcək. Artıq MEMATT mexaniki minatəmizləmə maşınlarının ilk partiyası Azərbaycana çatdırılıb.

“FNSS Savunma Sistemleri A.Ş” şirkəti tərəfindən istehsalı həyata keçirilən “Samur” səyyar üzən hücum körpüsü (Seyyar Yüzücü Hücum Köprüsü – SYHK/ Armored Amphibious Assault Bridge- AAAB) həm bərə, həm də körpü kimi çayların və digər su hövzələrinin keçilməsində tanklar başda olmaqla, bütün növ hərbi texnika və yüklərin qarşı sahilə nəqli üçün nəzərdə tutulur. SYHK eyni zamanda sel daşqınları kimi təbii fəlakət zonalarında da istifadə oluna bilir.

“Samur” SYHK hazırda Türkiyənin Quru Qoşunlarının silahlanmasına daxildir. Körpü sisteminin suda hərəkəti iki ədəd pompa reaktiv vasitəsi ilə təmin olunur. Bu sistem maşının pivot dönmələr hesabına yan və önə doğru 360° manevr etməsinə imkan verir.

Bərə konfiqurasiyasında tək bir “Samur” sistemi MLC21 (hərbi yük sinfində 21 ton tırtırlı) nəqliyyat vasitəsinin, iki “Samur” sistemi bir birinə bağlanmaqla MLC70 T (70 ton tırtırlı) nəqliyyat vasitəsini, üç sistem biri birinə bağlanmaqla MLC100 W (100 ton təkərli) nəqliyyat vasitəsinin su hövzələrinin üzərindən keçidini həyata keçirə bilər.

Bərə konfiqurasiyası ilə yanaşı 8 ədəd “Samur” SYHK-ni MLC70 T və MLC100 W maşınlarını daşıya bilən 100 metr uzunluğunda bir körpünün qurulması üçün üçün birləşdirmək mümkündür. Daha geniş məsafələrin keçilməsi məqsədi ilə çox sayda “Samur” SYHK bir birinə bağlana bilər.

FNSS şirkətinin “Qunduz” adlı amfibiya tipli zirehli istehkam maşını Türkiyə Quru Qoşunlarının sifarişi əsasında yaradılıb. Tırtırlı istehkam maşını desantın çıxarılması və hərbi kalonların keçidi üçün su hövzələrinin sahilində mühəndis işlərinin aparılması üçün nəzərdə tutulur. Heyəti 2 nəfərdən ibarət olan zirehli istehkam maşını kürümə, yer səthinin hamarlanması, daşıma və qazma işləri həyata keçirməyə imkan verir.

2 Tosun Uzaktan Kumandalz Zzrhlz YukleyiciHazırda daha çox diqqət çəkən Türkiyənin “Best Qrup”un və “Katmerciler” şirkətləri tərəfindən istehsal olunan zirehləndirilmiş məsafədən idarə olunan mühəndis texnikalarıdır.

Türkiyə təhlükəsizlik qüvvələri və ordu bölmələri tərəfindən ölkə daxilində, eləcə də Afrin əməliyyatları zamanı geniş istifadə edilmiş “Tosun” uzaqdan idarə olunan zirehli yükləyici həm zirehləndirilmiş kabinə daxilindən, həm də məsafədən radioidarəetmə ilə istifadə olunur. “Çukurova Makina” şirkətinin istehsalı olan təkərli ekskvatorun zirehləndirilməsi və məsafədən idarə etmə sisteminin tətbiqi nəticəsində meydana çıxmış “Tosun”un 100-dən çox nümunəsi hazırda Türkiyə Silahlı Qüvvələri tərəfindən ölkə daxilində və xaricində həyata keçirilən əməliyyatlarda istifadə olunur. Maşının kabinəsi, motorxanası, təkərləri və yanacaq çəni güllələrdən, qumbara atəşindən və əldəqayırma partlayıcılardan qorunması üçün BR-6 və BR-7 səviyyəsində zirehləndirilib. Zirehli ekskavator polikarbon qata malik gülləkeçirməz şüşələrə, run-flat tipli təkərlərə, kabinə, motorxana və təkərlər üzərində yanğınsöndürmə sistemlərinə malikdir. Bəzi məlumatlara görə, maşının orduya təklif olunan partiyaları “Nero İndustries” şirkətinin “Ares” avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub. Ekskvatora qurulan radiokanallı idarəetmə sistemi maşını yaşayış məntəqələri daxilində, maneələr arxasında 1 km, açıq sahədə 5 km məsafədən idarə etməyə imkan verir.

“Best Grup” mütəxəssislərinin sözlərinə görə, “Tosun” tələbdən asılı olaraq 7.62 mm çaplı pulemyot və ya avtomatik qumbaraatan yerləşdirilmiş “Koralp” döyüş modulu ilə də silahlandırıla bilər.

Türkiyə Təhlükəsizlik Baş İdarəsi üçün 50 ədəd istehsal edilmiş Uzaqdan İdarə olunan Zirehli Ekskvator 11000 kq ağırlığa sahibdir. 100 at gücündə mühərrikə və 60 km/saat sürətə malik ekskvator dar ərazilərdə fəaliyyət və sürətli əməliyyatlar üçün dizayn edilib. Ekskavator görüş məsafəsində 5000 metr, görüş məsafəsindən kənarda 1000 metr uzaqlıqdan idarə olunur.

10 Belden Kirmali Yukleyici Is Makinesi Remote Controlled Armoured Articulated Wheel Loader

“Katmerciler” şirkəti tərəfindən ordu və təhlükəsizlik qüvvələri üçün uzaqdan idarə olunan ekskavator və buldozerlər istehsal edilir.

2018-ci ilin iyun ayında “Katmerciler” şirkəti Türkiyənin Milli Müdafiə Nazirliyi ilə Quru Qoşunlarının ehtiyacını qarşılamaq üçün 5,67 milyon lirə dəyərində zirehli ekskvatorların tədarükünə dair müqavilə imzaladığını açıqlayıb.

“Isuzu-AH-6HK1X” markalı ekskvatorun bazasında yaradılmış uzaqdan idarə olunan zirehli ekskvatorun korpusu və kabinəsi zirehləndirilərək güllələrə və partlayışlara qarşı mühafizəsi təmin olunub.

Ekskvatorun kabinəsi, yanacaq çəni, akkumulyator qutusunun alt və yan hissələrində, motorxana və radiator bölməsi 7.62×51 mm polad başlıqlı güllələrdən qoruyan polad zirehlə mühafizə edilir. Ekskvatorun qolundakı hidravlik borular da maşının gövdəsi ilə standart şəkildə 7.62×51 mm polad ucluqlu, 830±10 m/saniyə sürətə malik güllələrə qarşı qorunur. Maşının motorxanası və kabinəsi avtomatik yanğınsöndürmə sistemi ilə təchiz olunub. Şirkətin kataloq məlumatlarında kabinədaxili yanğınsöndürmə sisteminin 3 millisaniyə ərzində yanğını hiss etdiyi, 10  milli saniyə içində müdaxilə etdiyi və 250 milli saniyə ərzində yanğını söndürdüyü qeyd olunub.

Katmerciler Zirhli Dozer 2

“Katmerciler”in tırtıllı “Komatsu 5AA6D140E-5” buldozerinin bazasında Türkiyə Quru Qoşunları üçün hazırladığı məsafədən idarə edilən buldozeri NATO STANAG 4569 Level 4B səviyyəsində mühafizəyə sahibdir. Şirkətin digər mühəndis texnikalarında olduğu kimi buldozerin həyati əhəmiyyətli bölmələri zirehlə və yanğınsöndürmə sistemi, kameralar, əlavə olaraq bir ədəd optik (UV-İR) tip alov və istilik aşkarlayıcı sensorla təchiz edilib. Bütün funksiyaları uzaqdan kontrol edilən zirehli buldozer 10 saat fasiləsiz şəkildə məsafədən idarə olunur. Buldozerlər 2 km uzaqdan komanda və özünün güc qaynağı hesabına 6 saat fasiləsiz çalışa bilir. Türkiyə mediasında yer alan məlumata görə, zirehli buldozerlərin Suriyanın şimalında başlayan “Barış Pınarı” əməliyyatında iştirak edən qüvvələr tərəfindən istifadə olunub.

Azər Hüseynov

Back to top button