Xəbərlər

Çağırışaqədərki hazırlıq rəhbərləri ilə növbəti vebinar keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən plana uyğun olaraq Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birlikdə orta təhsil müəssisələrində vətəndaşlara çağırışaqədərki hazırlıq fənni üzrə dərslərin keyfiyyətli tədrisinə yaxından köməklik göstərilməsi və çağırışaqədər yaş həddində olan vətəndaşların Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanması məqsədilə xüsusi ixtisaslar üzrə mütəxəssis hazırlığının daha səmərəli təşkil edilməsi üçün silsilə tədbirlər davam etdirilir.

Bu barədə “Poliqon”a SHXÇDX-nin mətbuat mərkəzindən məlumat verilib.

Şəki rayonunda yerləşən tam orta məktəblərdə fəaliyyət göstərən çağırışaqədərki hazırlıq rəhbərləri ilə “Vətənpərvər Azərbaycan Gəncliyi” devizi altında “Zabit olmaq, hərbi vəzifə daşımaq gənclərimizin ən müqəddəs vəzifələrindəndir” mövzusunda keçirilmiş vebinar 28 May-Respublika Gününə həsr olunub.

Xidmətin idarə rəisi mayor Füzuli İsmayılov tədbirin məqsədi barədə ətraflı məlumat verib. Bildirib ki, 1918-ci il mayın 28-də Azərbaycan Xalq Cümhuriyyətinin yaradılması ölkənin həyatına böyük tarixi hadisə kimi daxil olub. Müstəqil, azad, demokratik dövlət qurmaq məqsədini qarşıya qoyan Azərbaycan Xalq Cümhuriyyəti cəmi 23 aylıq fəaliyyəti dövründə xalqın milli mənlik şüurunu özünə qaytarıb, onun öz müqəddəratını təyin etməyə qadir olduğunu nümayiş etdirib. Qeyd edib ki, Prezident İlham Əliyevin dəmir yumruq siyasəti və rəşadətli Azərbaycan Silahlı Qüvvələrinin uğurlu hərbi əməliyyatlarının nəticəsi olaraq ölkənin ərazi bütövlüyünün bərpası aidiyyəti dövlət qurumları tərəfindən birgə əməkdaşlıq çərçivəsində gənc nəslə vətənpərvərlik hisslərinin bundan sonra da daha güclü aşılanması üçün sistemli fəaliyyətin həyata keçirilməsini şərtləndirir.

Vebinarda Şəki rayon 3 saylı tam orta məktəbin, 9 saylı tam orta məktəbin, Qoxmuq kənd tam orta məktəbinin çağırışaqədərki hazırlıq rəhbərləri Nicat Mütəllimov, Boran Kərimov və Şirin Hümmətov çıxış edərək öz təcrübələrini bölüşüblər.

Görüşdə vurğulanıb ki, “Çağırışaqədərki hazırlıq” fənni öz məzmunu etibarı ilə şagirdləri Azərbaycanın Silahlı Qüvvələri haqqında məlumatlandırır, hərbi nizamnamə qaydalarını mənimsədir, ordu həyatı ilə tanış edir, hərbi xidmətə fiziki və mənəvi-psixoloji cəhətdən hazırlayır. Şagirdlərdə orduda xidmətin müqəddəs borc və şərəf işi olmasına inam yaradaraq, vətənpərvərlik, dözümlülük, cəsurluq, intizam və şəxsi məsuliyyət hissi kimi mənəvi keyfiyyətləri inkişaf etdirir.

Poliqon.az

Back to top button