Xəbərlər

Çağırışaqədərki hazırlıq rəhbərləri ilə vebinar keçirilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) tərəfindən Təhsil Nazirliyi və Azərbaycan Gənclər Fondu ilə birlikdə təşkil edilmiş növbəti onlayn müzakirə Gəncə şəhər orta təhsil müəssisələrinin çağırışaqədərki hazırlıq rəhbərlərinin iştirakı ilə keçirilib.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, ümumtəhsil məktəblərinin yuxarı sinif şagirdlərinin Silahlı Qüvvələrdə müddətli həqiqi hərbi xidmətə hazırlanmaları, hərbi peşəyönümü, həmçinin dərslərin keyfiyyətli tədrisinə dəstək göstərilməsi məqsədilə davam etdirilən silsilə tədbirlər mütəşəkkilliyi ilə fərqlənir.

Xidmətin idarə rəisi mayor Füzuli İsmayılov keçirilən tədbir barədə ətraflı məlumat verib. O, bildirib ki, çağırışaqədərki hazırlıq dərsləri gənclərin ilkin hərbi biliklərə yiyələnmələrində, onların hərbi xidmətə hazırlanmalarında mühüm əhəmiyyət daşıyır.

Vebinarda Təhsil Nazirliyinin şöbə müdirinin müavini Orxan Abbasov bildirib ki, çağırışaqədərki hazırlıq rəhbərləri ilə keçirilən tədbirlər tədris prosesinin yaxşılaşdırılması və fikir mübadiləsi üçün müəyyən əhəmiyyətə malikdir.

O.Abbasov ölkə rəhbərinin gənc nəslin vətənpərvərlik tərbiyəsi istiqamətində təhsil işçiləri qarşısında qoyduğu vəzifələrin icrası baxımından çağırışaqədərki hazırlığın əhəmiyyətini vurğulayıb. Qeyd edib ki, 44 günlük Vətən müharibəsində Azərbaycan əsgərinin şücaəti müəyyən mənada ümumtəhsil məktəblərində təlim-tədrisin əməli nəticəsidir və bu işdə çağırışaqədərki hazırlıq rəhbərlərinin rolu danılmazdır.

Diskussiya şəraitində keçən tədbirin sonunda suallar cavablandırılıb.

Back to top button