Çağırışaqədərki hazırlıq müəllimləri təltif edilib

Çağırışaqədərki hazırlıq müəllimləri təltif edilib

Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti (SHXÇDX) Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin anadan olmasının 100-cü ildönümü münasibətilə planlaşdırılan tədbirləri davam etdirir.

SHXÇDX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Xidmət rəisi Mürsəl İbrahimovun müvafiq əmri ilə Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyi və 5 Oktyabr – Beynəlxalq Müəllimlər Günü münasibətilə hərbi vətənpərvərlik tərbiyəsində fərqlənən 100 nəfər çağırışaqədərki hazırlıq rəhbəri fəxri fərmanla təltif olunub.

Təltif edilənlər Azərbaycanın bütün rayonlarını əhatə edilməklə müvafiq fənn üzrə tədris prosesinin həyata keçirilməsində müsbət nəticələr qazanan müəllimlər arasından seçilib.

Bakı şəhəri üzrə təltif edilən müəllimlərə fəxri fərmanların təqdim olunması məqsədilə keçirilən tədbirdə çıxış edən SHXÇDX-nin aparatının Çağırışaqədərki hazırlıq idarəsinin rəisi polkovnik-leytenant Füzuli İsmayılov gənclərin vətənpərvərlik ruhunda tərbiyə edilməsi istiqamətində görülən işlərdən, əldə edilən nailiyyətlərdən danışıb. Müzəffər Ali Baş Komandan İlham Əliyevin rəhbərliyi altında şanlı Qələbə ilə nəticələnən Vətən müharibəsində Azərbaycan müəlliminin təlim-tərbiyə verdiyi gənclərin göstərdiyi qəhrəmanlıqlara diqqət çəkib.

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin nümayəndələri və mükafatlandırılan müəllimlər qalib ordunun əsgəri olmuş gənclərin formalaşmasında “Çağırışaqədərki hazırlıq” fənninin əhəmiyyətindən bəhs ediblər. Çıxış edənlər Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin gənclərin çağırışaqədərki hazırlığı işinə verdiyi önəmi, göstərdiyi diqqəti yüksək qiymətləndiriblər.

CATEGORIES