Cari ilin ilk yarısı üçün ASELSAN-ın gəlirləri açıqlanıb

Cari ilin ilk yarısı üçün ASELSAN-ın gəlirləri açıqlanıb

ASELSAN şirkətinin 2023-cü ilin birinci yarısı üçün maliyyə nəticələri açıqlanıb.

“Poliqon” ASELSAN-a istinadən xəbər verir ki, ilk altı ayda mənfəətini 42% artıran şirkətin 6 aylıq dövriyyəsi əvvəlki ilin eyni dövrü ilə müqayisədə 67% yüksələrək 18.1 milyard TL-yə çatıb.

Bildirilib ki, ASELSAN-ın xalis mənfəəti əvvəlki ilin eyni dövrü ilə müqayisədə 42% artaraq 5.4 milyard TL-yə çatıb. Şirkət kapitalının aktivlərə nisbəti 51% təşkil edib.

2023-cü ilin ilk yarısı üçün maliyyə nəticələrini şərh edən ASELSAN-ın baş direktoru Ahmet Akyol, bu müddət ərzində şirkətin böyüməyə davam etdiyini vurğulayıb: “ASELSAN ilin ilk altı ayında yeni uğur hekayələri yazmağa davam etdi. Maliyyə nəticələrinə görə 2023-cü ilin birinci yarısını yüksək gəlir dərəcəsi və müvəffəqiyyətlə geridə qoyduq.

Yeni müqavilələr imzaladığımız 2023-cü ilin birinci yarısında ASELSAN-ın balans sifarişləri 8.4 milyard ABŞ dollarına çatdı. 2023-cü ilin ilk altı ayında tədarükçülərimizə təxminən 17.8 milyard TL ödədik. 2023-cü ilin ilk altı ayında 68 məhsulun milliləşdirilməsini uğurla başa çatdırdıq. Hərbi texnologiyada Türkiyəyə liderlik edərkən, son 5 ildə milliləşdirdiyimiz məhsulların sayını 738-ə çatdırdıq. Beləliklə, ölkəmizdə 900 milyon dollardan çox vəsaitin qalmasını təmin etdik”.

A.Akyol ASELSAN-ın ilk altı aylıq dövrdə mühüm ixrac müqavilələri imzaladığını diqqətə çatdırıb: “İnanıram ki, qarşıdakı dövrlərdə bu müqavilələrin müsbət nəticələrini görəcəyik. Önümüzdəki dövrdə ixracımızı artırmaq, yüksək texnologiyaya diqqət yetirmək və daha yüksək millilik dərəcəsinə çatmaq istəyirik”.

Şirkətin davamlı böyüdüyünü söyləyən baş direktor, bu baxımdan Türkiyənin milli gücü olmağa davam etdiklərini qeyd edib: “İstehsal etdiyimiz qabaqcıl texnologiyalarla həyatın bir çox fərqli sahələrində mühüm vəzifələr yerinə yetirərkən, davamlılığı da ön planda tuturuq. Daxildə və xaricdə istifadəçilərimizə təklif etdiyimiz yüksək rəqabətli həllərlə ölkəmizin dəyərli ixracat hədəflərinə ən yüksək girişləri təmin edəcəyik. Millətimizdən aldığımız güclə yeni dövr açacaq milli layihələri həyata keçirməyə davam edəcəyik”.

CATEGORIES
TAGS