Çexiya “Dana” ÖAQ-ın daha təkmil versiyası üzərində işləyir
Fransanın paytaxtı Paris şəhərində keçirilən “Eurosatory-2022” beynəlxalq müdafiə sərgisi çərçivəsində Çexiyanın “Excalibur Army” müdafiə şirkəti özünün ən son 155 mm NATO çaplı çaplı, səkkiz oxlu Tatra T815 zirehli şassisindən istifadə edən “Morana” özüyerirən artilleriya qurğusunu (ÖAQ) təqdim edib.
“Poliqon” xəbər verir ki, “Morana” artilleriya qurğusu “Dana” ÖAQ-a əsaslanan “Dita” ÖAQ-ın yeni versiyasıdır. Yeni təkərli “Morana” ÖAQ 41 km-ə qədər atəş məsafəsini təmin edən, lülə uzunluğu 52 çap olan 155 mm çaplı haubitsa təchiz edilib.
Daşınan döyüş dəsti 45 atəş yığımıdır. Mərminin doldurulması avtomatikdir. Qüllə 60 dərəcə dönə bilir.
Qeyd edək ki, sələflərindən fərqli olaraq, “Morana” ÖAQ qeyri-standart tərtibata malikdir. Məsələn, bu qurğuda insansız qüllə arxa tərəfdə, güc qurğusu ortada, heyət üçün zirehli kabina isə qabaqda yerləşir.
ÖAQ-ın heyəti 3 nəfərdən – sürücü, komandir və operatordan ibarətdir. Amma “əlavə funksiyaları” yerinə yetirə bilən dördüncü “sərbəst” heyət üzvü üçün də iş yeri nəzərdə tutulub. Qurğu özünümüdafiə üçün 12,7 mm-lik pulemyotla təchiz edilmiş məsafədən idarə olunan “Guardian Secutor” modulu ilə təchiz olunub.
“Morana” insansız qülləsinin maraqlı “nou-hau”su var – qüllə həm təkərli şassidə, həm də tırtıllı şassidə quraşdırılmaq üçün uyğunlaşdırılıb.
Təəssüf ki, bu ÖAQ ilə bağlı digər təfərrüatlar hələlik məlum deyil. Yeni inkişafın nə vaxt seriya istehsalına girəcəyi də bilinmir. Ancaq burada bir faktı qeyd etmək lazımdır ki, “Dana” ÖAQ o qədər uğurlu və effektifdir ki, “Excalibur Army” şirkətinin konstruktorları bu qurğunun təkmilləşdirilməsindən ötrü fasiləsiz iş üçün əlavə stimul alıblar.
Əhəd Əzizov