
Çexiyanın “Excalibur” şirkəti Т-72 tankının modernizə edilmiş “Scarab” adlanan yeni versiyasını nümayiş etdirib.
“AzeriDefence”nin xarici mətbuata istinadən verdiyi məlumata görə, Çexiyanın Brno şəhərində keçirilən IDET-2017 sərgisində “Excalibur” şirkətinin modernizə etdiyi T-72 “Scarab” tankı iştirakçılara təqdim olunub.
Yeni modernizə edilən T-72 tankı dinamik müdafiəsi ilə fərqlənir. Aktiv müdafiə sistemi tankın görünüşünü əhəmiyyətli dərəcədə dəyişdirib.
Tankın 780 at gücündə V-46 mühərriki 840 at gücündə V-84 mühərriki ilə əvəz edilib. Bu da tankın manevr qabiliyyətini yüksəldib. Tankın maksimal sürəti 60 km/saata (magistral yolla hərəkət zamanı) qədər çata bilər.
Tankın əsas silahı – 125 mm-lik 2A46 topu qoşalaşdırılmış pulemyotla birgə saxlanılıb. Üzərindəki 12,7 mm-lik pulemyot isə məsafədən idarə olunan iriçaplı pulemyot və ya qubaraatanla təchiz edilə bilən döyüş modulu ilə əvəzlənib.
Bundan başqa tankın optik sistemləri də yenilənib.





