Ceyhun Xəlilov: Aerokosmik sahədə mütəxəssislərin yetişdirilməsi vacibdir

Ceyhun Xəlilov: Aerokosmik sahədə mütəxəssislərin yetişdirilməsi vacibdir

Azərbaycanın aerokosmik mühəndisləri Türkiyə və Qazaxıstan üçün peyklərin hazırlanmasında mütəxəssis kimi yaxından iştirak edirlər.

Bu barədə, Bakı Ekspo Mərkəzində keçirilən SPECA ölkələrinin sərgisində “Poliqon”a açıqlama verən Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin sədri Ceyhun Xəlilov deyib.

C.Xəlilov əvvəlcə sərgidə təqdim etdikləri məhsullar barəsində danışıb: “Sərgidə nümayiş etdirdiyimiz məhsullar eksperimental kosmoplanlarıdır (cosmoplane). Onları üç modifikasiyada təqdim etmişik. Bu, eksperimental olduğu üçün ilk növbədə həm təcrübi, həm də elmi tədqiqatların aparılması məqsədi daşıyır. Onlar kəşfiyyat və hərbi təyinatlı məqsədlər üçün istifadə oluna bilər. Kosmoplan iki konsepsiyadan ibarətdir: raket və playner. Müəyyən olunmuş məsafədən sonra raket geri dönür, playner isə uçuşunu davam etdirir. Özəlliyimiz isə bundan ibarətdir ki, bizim raketlərin stablizatorları xüsusi roleron sistemi ilə təmin olunmuşdur. Bu da uçuş zamanı raketin daha düzgün və səlis uçuşunu təmin edir. Həmin özəlliyi bu yaxınlarda Azərbaycanda keçirilən 74-cü Beynəlxalq Astronavtika Konqresində də təqdim etdik. Hansı ki, “SpaceX” şirkəti də artıq həmin konsepsiya üzərində işləyir”.

DSC 6048C.Xəlilov bildirib ki, sözügedən məhsulların artıq bir sıra sınaq uçuşları keçirilib: “Bizim iki-üç uçuşumuz olub ki, bunların da datalarını yığmışıq. Həmin dataları digər şirkətlərlə, digər komandalarla bölüşürük. Bu qaydada inkişaf edirik. Çünki bilirsiniz ki, Azərbaycanda raketlərin start məntəqəsi yoxdur. Buna görə, xüsusi poliqonlardan istifadə edirik. Məsələnin mahiyyəti burasındadır ki, kompozit materialdan hazırladığımız prototiplər tamamilə Azərbaycana məxsusdur. Bizim özümüzün bu sahə üzrə xüsusi mütəxəssislərimiz var”.

Yeni Texnologiyaların İnkişafına Dəstək İctimai Birliyinin fəaliyyət istiqamətlərindən bəhs edən C.Xəlilov, Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin (RİNN) və İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinin (İRİA) dəstəyi ilə işlər gördüklərini, bu sahə üzrə startap layihələri inkişaf etdirdiklərini vurğulayıb.

“Sözügedən kosmoplanların öz emalatxanamızda yığıldığı üçün nəyisə xaricdən sifariş etməyə gərək qalmır. Bu sahə, 3D printer xidmətlərindən daha çox qəlibləməyə yaxındır. Çünki buradakı bir çox məsələ spesifikdir. 3D format hazırlanana qədər onu qəlibləmə edib, modelini hazırlayıb test edirik. Testdən sonra seriyalı istehsala keçəndə artıq 3D printerdən istifadə olunur. Sadaladığım məsələlərin hamısını yerli mütəxəssislər ilə edirik. Onu da qeyd edim ki, bu sahədə Azərbaycanın Milli Aerokosmik Agentliyi (MAKA) ilə əməkdaşlıq edəcəyik. Bununla bağlı Milli Aerokosmik Agentliyi ilə memorandum imzalamışıq. MAKA-nın laboratoriyasından istifadə etməyə icazəmiz olacaq”, – deyə C.Xəlilov vurğulayıb.

C.Xəlilov aerokosmik sahədə mütəxəssislərin yetişdirilməsinin vacibliyini qeyd edərək, bunun əhəmiyyətindən danışıb: “Hal-hazırda Türkiyə və Qazaxıstan üçün peyklər ki hazırlanır, biz orada artıq mütəxəssis kimi iştirak edirik. Ancaq bu peyklərin energetika bloku hissəsində iştirak edirik. O hissədə artıq azərbaycanlı mütəxəssislər yetişir. Sadəcə bir yol var ki, onu qət etmək lazımdır. Bu istiqamətdə yerli mütəxəssislərin hazırlanması üçün Milli Aerokosmik Modelçilik Federasiyasının yaradılması ilə bağlı artıq müraciət etmişik. Məqsədimiz gəncləri bu sahə üzrə yetişdirməkdir. Təəssüf hissi ilə bildirmək istəyirəm ki, bizim kimi potensialı olan şəxslərin 70 faizi artıq ölkəni tərk edib, 30 faizi isə burada gördüyü işin nəticələrini gözləyir. Bu beyin axının qarşısını alma funksiyasını yerinə yetirdiyinə görə Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi ilə İnnovasiya və Rəqəmsal İnkişaf Agentliyinə təşəkkürümüzü bildiririk”.

Gələn il Milli Aerokosmik Agentliyinin (MAKA) 50 illik yubileyi ilə bağlı qlobal tədbirin keçirilməsinin planlaşdırıldığını söyləyən C.Xəlilov tədbirdə iştirak etmələri üçün xaricdən də komanda və şirkətlərin dəvət ediləcəyini deyib. Onun sözlərinə görə, MAKA-nın rəhbərliyi ilə keçiriləcək ilk tədbirin aprelin 12-də baş tutması planlaşdırılır”.

CATEGORIES
TAGS