
Çinin “China Academy of Defence Technology” Müdafiə Texnologiyaları Akademiyası və “China National Precision Machinery Import and Export Corporation” (CPMIEC) korporasiyası tərəfindən inkişaf etdirilən, “China Aerospace Science & Industry Corporation Limited” (CASIC) şirkəti tərəfindən istehsal olunan HQ-9 (“HongQi-9” və ya “Qırmızı Bayraq-9”, ixrac markası FD-2000) uzaq mənzilli zenit-raket sistemi (ZRS) gecə-gündüz, istənilən hava şəraitində döyüş istifadəsinin bütün yüksəkliklərində düşmən təyyarələrini, qanadlı raketlərini və helikopterlərini məhv etmək üçün təyin edilib.
“Poliqon”un məlumatına görə, HQ-9, Çinin “yer-yer” sinif taktiki ballistik raketləri tuta bilən ilk hava hücumundan müdafiə sistemidir.
Sistem Ruisya istehsalı S-300PMU-1 (S-300 “Favorit”, NATO təsnifatı üzrə SA-10 “Grumble” zenit-raket sisteminin ixrac versiyası) ZRS-ə əsaslanır. Qərb analitiklərinin fikrincə, raket Rusiyanın SA-20 “Gargoyle” (NATO təsnifatı üzrə SA-20 sistemi Rusiyanın S-300PMU-1 və S-300PMU-2 “Favorit” zenit-raket sistemləri, eləcə də Çinin HQ-22 sisteminə verilmiş işarədir) sisteminə əsaslanan hibrid konstruksiyaya malikdir, lakin radiolokasiya, özütuşlama başlığı, həmçnini idarəetmə və nəzarət elementləri əhəmiyyətli dərəcədə ABŞ və İsrail texnologiyasından götürülmüşdür. Raket, inersial idarəetmə, orta kurs yuxarı xətti və terminal aktiv radarını özündə birləşdirən track-via-missile (TVM) tuşlama sistemindən istifadə edir. Daha erkən buraxılan raketlərdə istifadə edilən TVM tuşlama sisteminin İsrail və ya Almaniyadan alınan ABŞ MIM-104 “Patriot” raketi əsasında hazırlandığı ehtimal edilir.
HQ-9 ZRS, Çinin Hava Hücumundan Müdafiəsinin (HHM) ən qabaqcıl üçüncü nəsil nümunəsidir və düşmən tərəfindən müxtəlif hava hücumu silahlarının kütləvi istifadəsi də daxil olmaqla, mürəkkəb maneə mühitlərində yüksək döyüş effektivliyi ilə xarakterizə olunur.
HQ-9 sisteminin inkişafına 1970-ci illərdə, erkən prototiplərinin hazırlanmasına isə 1980-ci illərin əvvəllərində başlamış və 1990-cı illərin ortalarına qədər müxtəlif uğurlarla davam etmişdir. 1993-cü ildə Çin Rusiyanın S-300PMU-1 ZRS bir partiyasını satın almışdır. Bu sistemin texniki həlləri və konstruktiv xüsusiyyətləri əsasən Çin mütəxəssisləri tərəfindən HQ-9 ZRS-in sonrakı inkişafı zamanı tətbiq olunmuşdur. Keçən əsrin 90-cı illərinin sonlarında ÇİN Xalq Azadlıq Ordusu HQ-9 ZRS-i silahlanmaya qəbul etmişdir.
2003-cü ildə Çin hava hücumundan müdafiə bölmələrini təchiz etmək və tədqiq edilmək üçün istifadə edilən 16 S-300PMU-2 ZRS divizionu sifariş etmişdir. HQ-9 sisteminin təkmilləşdirilməsi üzrə işlər ABŞ istehsalı MIM-104A “Patriot” sistemi və Rusiyanın S-300PMU-2 haqqında əldə edilən məlumatlardan istifadə etməklə fəal şəkildə davam etdirilmişdir. Hazırda sistemin HQ-9A adlandırılan modernləşdirilmiş versiyası istehsal edilməkdədir. HQ-9A ZRS, sələfindən xüsusən təkmilləşdirilmiş elektronika və proqram təminatı sayəsində əldə edilən raket əleyhinə qabiliyyətlərində təkmilləşdirilmiş döyüş xüsusiyyətləri və effektivliyi ilə fərqlənir.
HQ-9 ZRS-in ixrac versiyası haqqında ilk məlumat 1998-ci ildə ortaya çıxıb. Hazırda Çinin CPMIEC korporasiyası onu qlobal silah bazarında FD-2000 markası ilə fəal şəkildə təşviq edir. Bir sıra xarici ekspertlərin fikrincə, FD-2000 ZRS Rusiyanın S-300 ZRS-nin ixrac versiyaları ilə rəqabət apara bilər. Modernləşdirilmiş HQ-9 sisteminin üstünlüklərindən biri onun aşağı qiymətidir.
2009-cu ilin mart ayında Cənubi Afrikanın Keyptaun şəhərində keçirilən “Africa Aerospace and Defence Exhibition” sərgisində CPMIEC korporasiyası, uzun mənzilli radiolokasiya kəşfiyyat təyyarələrini (airborne warning and control system – AWACS) və digər radioşüalandırıcı hədəfləri məhv etmək üçün hazırlanmış FT-2000 sisteminin yeni versiyasını təqdim etmişdir. FT-2000 raketi passiv radiolokasiya özütuşlama başlığı ilə təchiz olunub. FT-2000 sisteminin seriyalı istehsalına hələlik Çin Xalq Azadlıq Ordusu və xarici müştərilərdən sifarişlərin olmaması səbəbindən başlanmayıb.
2016-cı ildə Çinin Zhuhai şəhərində keçirilən sərgidə aerodinamik hədəflərə qarşı 300 km-ə qədər mənzilə malik HQ-9B ZRS təqdim edilib.
HQ-9 ZRS-in yerüstü hava hücumundan müdafiə variantının bir neçə modifikasiyası mövcuddur:
– HQ-9 – orijinal (baza) variantdır. NATO təsnifatı üzrə CH-SA-9.
– HQ-9A – təkmilləşdirilmiş versiyadır, ilk dəfə 1999-cu ildə sınaqdan keçirilmiş və 2001-ci ildə silahlanmaya qəbul edilmişdir.
– HQ-9B – 260 km-ə qədər mənzilə malik təkmilləşdirilmiş versiyadır və passiv infraqırmızı özütuşlama sistemi əlavə edilmişdir. Məlumata görə, 2006-cı ilin fevral ayında sınaqdan keçirilib. NATO təsnifatı üzrə CH-SA-21 adlandırılır.
– HQ-9C – təkmilləşdirilmiş yerüstü raket sistemidir, ballistik raket hədəflərini son mərhələlərində tuta bilir. Həmçinin, orijinal HQ-9 ZRS ilə müqayisədə daha kompakt raketlərə malikdir, hər bir döyüş maşını səkkiz tutucu daşıya bilir.
– HQ-19 –orta mənzilli ballistik raketlərə qarşı mübarizə aparmaq üçün hazırlanmış raket variantıdır. O, ballistik raketləri orta və son mərhələlərində hədəf alır. ABŞ-nin THAAD (Terminal High Altitude Area Defense) sistemi ilə müqayisə edilə bilər. Raketin ilkin sınaqlarına 2018-ci ilə qədər başlandığı ehtimal olunur. NATO təsnifatı üzrə CH-AB-2 olaraq tanınır.
– FD-2000 – 125 km mənzilli ixrac variantıdır. Az nəzərə çarpan hədəflərə qarşı YLC-20 passiv RLS ilə təchiz oluna bilər. HT-233 hədəf toplama RLS-indən, Type 120 aşağı hündürlüklü axtarış RLS-indən və Type 305A AESA (Active electronically scanned array) axtarış RLS-indən istifadə edə bilir.
– FD-2000B – 250 km mənzilli ixrac variantıdır.
– HQ-9P – Pakistan Ordusunun HHM Komandanlığı üçün xüsusi hazırlanmış variantdır. Təyyarələrə qarşı tutma mənzili 125 km, qanadlı raketlərə qarşı isə təxminən 25 km-dir.
Sistemin dəniz versiyalarına növbəti modifikasiyalar daxildir:
– HHQ-9 –HQ-9 ZRS-nin dəniz səthindən buraxılan variantıdır. NATO təsnifatı üzrə CH-SA-N-9 adlandırılır.
– HHQ-9B – HQ-9B ZRS-nin dəniz səthindən buraxılan variantıdır. NATO təsnifatına əsasən CH-SA-N-21 olaraq markalanıb.
– HHQ-9C – HQ-9C ZRS-nin dəniz səthindən buraxılan variantıdır.
HQ-9 zenit-raket sistemin tərkibinə zenit idarə olunan raketlər (ZİR), buraxma qurğuları, HT-233 çoxfunksiyalı aktiv fazalı şəbəkəli radiolokasiya stansiyası (işıqlandırma və tuşlama radiolokatoru), iki koordinatlı (2D) Type-120 (LLQ-120 kimi də tanınır) səyyar radiolokasiya stansiyası (aşağı hava hədəf aşkarlama radiolokasiya stansiyası) və texniki xidmət avadanlıqları daxildir.
Raketin maksimal uçuş məsafəsi 200 km, tutma hündürlüyü 500-30000 m, ballistik raketi tutma məsafəsi isə 30 km-dir. Sistemin açılma müddəti 6 dəqiqə, reaksiya müddəti isə 10 saniyədir. Raketin çəkisi 1300 kq, döyüş başlığının çəkisi isə 180 kq təşkil edir. 200 km-ə uçuş müddəti 2 dəqiqədir. Buraxma qurğusu dörd raket daşıyır.
Əhəd Vahidoğlu




