Çin üçüncü aviadaşıyıcı gəmisini suya buraxıb

Çin üçüncü aviadaşıyıcı gəmisini suya buraxıb

Çin “Fujian” adlandırılan “Type 003” üçüncü milli aviadaşıyıcı gəmisini suya buraxıb.

“Poliqon” Çinin mərkəzi televiziyasına (CC TV) istinadən xəbər verir ki, ölkənin Dövlət gəmiqayırma sənayesi korporasiyası (China Shipbuilding Industry Corporation – CSIC) tərəfindən 2018-ci ilin noyabr ayından hazırlanmasına başlanmış 80 min tondan artıq subasma qabiliyyətli “Fujian” aviadaşıyıcı gəmisinin inşasında yalnız öz texnologiyalarından istifadə olunub.

Yaxın vaxtlarda aviadaşıyıcı gəminin dəniz sınaqlarına çıxacağı gözlənilir.

Suya buraxılma mövcud ənənələrə uyğun olaraq Çin dövlət himninin sədaları altında baş tutub. Dənizə buraxılış mərasimi Şanxaydakı “Jiangnan Shipyard Group” tərsanəsində baş tutub.

Xatırladaq ki, indiyədək Çin Xalq Azadlıq Ordusunun Hərbi Dəniz Qüvvələrinin (HDQ) tərkibində “Liaoning” və “Shandong” adlı iki aviadaşıyıcı gəmi xidmət aparır. Bu gəmilər də Çin əyalətlərinin şərəfinə adlandırılıb.

“Liaoning” gəmisi, Çinin Ukraynadan aldığı yarımçıq sovet ağır aviadaşıyıcı “Varyaq” kreyseri əsasında qurulub. “Shandong” gəmisi isə “Liaoning” aviadaşıyıcısının bazasında inşa edilib. Hər iki gəmi qeyri-nüvə güc qurğusu ilə təchiz olunub. “Shandong” gəmisi “Liaoning” gəmisindən fərqli olaraq daha böyük anqara malikdir, onun qalxma tramplininin mailliyi 12 dərəcə, “Liaoning” gəmisinin isə 14 dərəcədir.

“Fujian”, CATOBAR (“Catapult Assisted Take-Off But Arrested Recovery” və ya “Catapult Assisted Take-Off Barrier Arrested Recovery”) sistemindən və göyərtə əsaslı aviasiyanın buraxılması üçün elektromaqnit katapultlardan istifadə edən ilk Çin aviadaşıyıcı gəmisidir. Bu, uçuş aparatlarının və təyyarələrin buraxılması üçün Çinin özünün hazırladığı elektromaqnit katapultla təchiz edilmiş ilk aviadaşıyıcı gəmidir.

Çinin “Hket” portalı iddia edir ki, bu cür texnologiya hazırda yalnız ABŞ HDQ və Çin HDQ tərəfindən istifadə olunur, “Fujian” özü “konfiqurasiya baxımından ABŞ-ın ən yaxşı aviadaşıyıcı gəmisi ilə müqayisə edilə bilər”. Lakin söhbətin konkret hansı gəmidən getdiyini portal dəqiqləşdirmir.

“Sina” portalı isə “Fujian” gəmisinin ABŞ HDQ-nin “Gerald Ford” sinifli aviadaşıyıcıları ilə oxşarlığına işarə edir. Gəmi 2024-cü ilə qədər Çin HDQ tərkibinə daxil olmalıdır. Onun J-35 döyüş təyyarələrini və Çinin hazırda inkişaf etdirdiyi KJ-600 erkən xəbərdarlıq göyərtə təyyarələrini (müvafiq olaraq ABŞ-ın F-35 və E-2 “Hawkeye” təyyarələrinin analoqları) daşıyacağı gözlənilir. Həmçinin ondan J-15T qırıcıları və J-15D radioelektron mübarizə təyyarələri də havaya qalxa biləcək.

Yeni aviadaşıyıcı gəminin uzunluğu təxminən 318 metr, eni isə 74 metrdir. Gəminin düz göyərtəsi var, tramplindən imtina edilib və onun əvəzində üç elektromaqnit katapult quraşdırılıb. Katapult kanallarının uzunluğu təqribən 105 metrdir. Gəmi aerofinişerlərlə təchiz olunub.

Üst tikili və iki lift “Shandung” aviadaşıyıcı gəmisində olduğu kimi sağ bortda yerləşir. Liftlər böyüdülüb. İndi onların hər biri bir yox, iki təyyarə qaldırır ki, bu da böyük irəliləyişdir. Üst tikili kiçildilib. Burada uçuşların idarə olunması mərkəzi yerləşir. O, fazalı anten şəbəkəli radiolokasiya stansiyası və rabitə avadanlığı ilə təchiz edilib.

Bundan əvvəl isə bildirilmişdi ki, Çinin “Shandung” aviadaşıyıcı gəmisinin göyərtəsində şaquli uçuş və eniş qabiliyyətinə malik müxtəlif tipli pilotsuz uçuş aparatları (PUA) qrupu müşahidə edilib. Bundan başqa, Çinin onlarla hava, dəniz və sualtı dronları daşıya bilən “Zhu Hai Yun” pilotsuz gəmisinin dəniz sınaqlarına başlandığı da bildirilib.

Əhəd Əzizov

Poliqon.az

KATEQORIYA:
Bu xəbəri paylaş