Çinin yeni nəsil HQ-16 zenit-raket kompleksi
Çinin yeni nəsil HQ-16 (LY-80E) zenit-raket kompleksi barədə bəzi məlumatlar açıqlanıb. “AzeriDefence” nin məlumatına görə, Çinin www.china-defense.com hərbi portalının forumunda məşhur hind jurnalisti Prasun Senguptanın HQ-16 kompleksinin xüsusiyyətləri haqqında məqaləsinin icmalı yayılıb.
Məqalədə deyilir ki, HQ-16 (LY-80E) zenit raket kompleksi Çinin “Aerospace Long-March International Trade Co Ltd” (ALIT) dövlət şirkəti tərəfindən hazırlanıb. Kompleks 15 metrdən 18 km qədər yüksəklikdə və 40 km uzaqda olan hədəfləri vurmaq qabiliyyətindədir. Qanadlı raketlərin vurma diapazonu 3.5 km-dən 18 km qədərdir. Raketlərin uçuş hündürlüyü 50 m, hədəf sürəti isə saniyədə 300 metrdir. Təyyarələri vurma ehtimalı 85%, raketləri vurma ehtimalı isə 60% təşkil edir.
Bundan başqa, kompleks 3 koordinatlı radiolokasiya sistemi ilə təchiz edilib. Sistemin hava hədəflərini aşkar etmə məsafəsi 140 km-dir. Hədəflər 20 km yüksəkliyə kimi tapılır. Radar sistemi eyni anda 144 hədəfi tapa bilir. Kompleksə daxil olan raketin çəkisi 615 kq, uzunluğu 5.01 m, korpusun diametri 0.34 m, sürəti 750 metr/saniyədir.