SərgilərXəbərlər

CSG qrupu SAHA 2026-da geniş məhsul portfeli ilə çıxış edəcək

Çexiyanın “Czechoslovak Group” (CSG) şirkəti 5-9 may tarixlərində Türkiyədə keçiriləcək SAHA 2026 sərgisində geniş çeşidli məhsul və layihələrini nümayiş etdirəcək.

“Poliqon” CSG-yə istinadən xəbər verir ki, sərgidə texnologiya-sənaye qrupu olan CSG-nin məhsulları onun “Excalibur Army”, “MSM Group”, “Excalibur International”, “AviaNera Technologies” və “Tatra Export” şirkətləri vasitəsilə təqdim olunacaq.

“Excalibur International” şirkəti müdafiə sənayesində “açar-təhvil” sistem həlləri, logistika prosesləri və layihələrin maliyyələşdirilməsinə fokuslanan kompleks layihələrin inteqratorudur. SAHA 2026 çərçivəsində şirkət həm davam edən, həm də planlaşdırılan beynəlxalq layihələrin geniş spektrini elektron təqdimatlar və biznes nümayəndələri vasitəsilə ziyarətçilərə təqdim edəcək. Şirkət artıq Yaxın Şərqdə bir sıra uğurlu layihələr həyata keçirib və güclü müştəri-partnyor bazası formalaşdırıb. Bu yaxınlarda isə Türkiyənin ASELSAN şirkəti ilə Avropa İttifaqında birgə müəssisə yaradılması üzrə strateji əməkdaşlıq müqaviləsi imzalayıb və KORKUT hava hücumundan müdafiə sistemini “Tatra” təkərli platformasına inteqrasiya edərək birgə təqdim edib.

“Excalibur Army” şirkəti də məhsullarını maketlər, təqdimatlar və artırılmış reallıq proqram təminatı vasitəsilə nümayiş etdirəcək. Şirkətin əsas məhsullarından biri NATO standartlarına uyğun 155 mm-lik “Morana” özüyeriyən artilleriya qurğusudur (ÖAQ). Bundan əlavə, RM-70 “Vampire” yaylım atəşli reaktiv sistemi (YARS) və həm hərbi qüvvələr, həm də xilasetmə və yanğınsöndürmə bölmələri tərəfindən istifadə olunan “Patriot 4×4” zirehli avtomobili də təqdim ediləcək. Şirkət, eyni zamanda “Tatra” şassisi üzərində qurulmuş mühəndis və dəstək texnikalarını – AM-70 EX və AM-50 EX körpüquran maşınları, TREVA-30 təmir-təxliyə maşınını və DECON vasitəsini nümayiş etdirəcək.

“Tatra Export” şirkəti hərbi istifadə üçün nəzərdə tutulmuş bütün “Tatra Trucks” model xətlərinin geniş portfelini təqdim edəcək. Ziyarətçilər “Tatra Force”, “Tatra Tactic” və “Tatra Phoenix” modellərinin xüsusiyyətlərini araşdıra biləcəklər. Bu model xətlərinin hər üçü artıq Türkiyə və Yaxın Şərq daxil olmaqla dünyanın müxtəlif ölkələrinin silahlı qüvvələrində istifadə olunur. Əsas diqqət yeni üçüncü nəsil “Tatra Force” və modernləşdirilmiş “Tatra Tactic” modellərinə yönəldiləcək.

“MSM Group” şirkəti müxtəlif istehsalçıları birləşdirərək müasir orta və iriçaplı döyüş sursatlarının tam çeşidini təqdim edəcək. Sərgidə mütəxəssislər “VOP Nováky”, “Fábrica de Municiones de Granada”, ZVS və ZVI kimi şirkətlərin məhsullarını əhatə edən geniş portfeli araşdıra biləcəklər. Sərgi çərçivəsində 155 mm və 105 mm-lik artilleriya sursatları, 155 mm-lik təlim mərmiləri, 120 mm-lik tank sursatları, 30 mm-lik top mərmiləri, eləcə də NATO-da geniş istifadə olunan 60 mm, 81 mm və 120 mm-lik minaatan mərmilərinin maketləri və pirotexniki komponentlər nümayiş olunacaq. Bundan əlavə, barıt yükləri, partladıcı fitillər, başlanğıc qurğular və digər komponentlər də təqdim ediləcək.

“AviaNera Technologies” şirkəti də CSG stendində iştirak edəcək. “Excalibur International” ilə sıx əlaqəli olan bu şirkət pilotsuz sistemlər üçün kiçik mühərriklərin hazırlanması, istehsalı və satışı üzrə ixtisaslaşıb. İstanbulda şirkət qanadlı raketlər, hədəf dronları və gəmiəleyhinə raketlər kimi müasir silah platformaları üçün nəzərdə tutulmuş kompakt reaktiv və turbofan mühərriklərini təqdim edəcək. Bu mühərriklər yüksək etibarlılığı, kompakt ölçüləri və aşağı yanacaq sərfiyyatı ilə seçilərək yüksək səsaltı sürətlərdə uzun məsafələr qət etməyə imkan verir. Şirkət nümayəndələri həmçinin inkişaf mərhələsində olan digər mühərrikləri və strateji layihələri də təqdim edəcəklər.

Back to top button