Danimarka qırıcılarını AIM-120D-3 raketləri ilə silahlandırır
ABŞ Dövlət Departamenti 744 milyon dollar dəyərindəki AIM-120D-3 AMRAAM raketlərinin Danimarkaya satışını təsdiqləyib.
Bu barədə “Poliqon” ABŞ-ın Müdafiə Təhlükəsizliyi Əməkdaşlıq Agentliyinə (DSCA) istinadən xəbər verib.
Bildirilib ki, sifarişə 203 ədəd AIM-120D-3 raketinin və digər lazımi avadanlıqların satın alınması, eləcə də onlara təmir, texniki xidmət və logistika dəstəyinin göstərilməsi daxildir.
Sözügedən sifarişin baş podratçısı ABŞ-ın “RTX Corporation” şirkəti olacaq.
Qeyd edilib ki, “hava-hava” tipli AMRAAM raketləri Danimarkanın döyüş imkanlarını artırmaqla ölkənin cari və gələcək təhdidlərə cavab vermək qabiliyyətini yüksəldəcək. Həmçinin Danimarka bu raketlərdən NATO müttəfiqlərini və tərəfdaşlarını müdafiə etmək üçün istifadə edəcək.
AIM-120D-3, “Form, Fit, Function Refresh” (F3R) proqramı çərçivəsində hazırlanmış AMRAAM raketinin ən təkmil variantıdır. “Hava-hava” tipli bu raket ABŞ-ın həm Hərbi Hava Qüvvələrinin, həm də Hərbi Dəniz Qüvvələrinin aviasiya parkında yer alan 4-cü və 5-ci nəsil döyüş təyyarələrindən atılmaq üçün nəzərdə tutulub.