Daxili Qoşunlarda andiçmə mərasimi keçirilib

Daxili Qoşunlarda andiçmə mərasimi keçirilib

Noyabrın 10-da Daxili Qoşunların Bakı şəhərində yerləşən “N” saylı hərbi hissəsində xidmətə yeni qəbul edilmiş çağırışçıların hərbi andiçmə mərasimi keçirilib.

Daxili Qoşunların mətbuat xidmətindən “Poliqon”a bildirilib ki, mərasimdə daxili qoşunlar komandanının 1-ci müavini-qərargah rəisi general-mayor Tofiq Hüseynov iştirak edib.

Tədbir Ümummilli Lider Heydər Əliyevin və torpaqların azadlığı uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin yad edilməsi ilə başlayıb. Dövlət Himni ifa edilib.

Əsgərlər hərbi and içərək, Azərbaycanın mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.

Tədbirdə çıxış edən hərbi hissə komandiri polkovnik Telman Həsənov əsgərlərə hərbi andın mənasını, öz xalqına, Azərbaycana və Azərbaycan hökumətinə sədaqətlə and içən hərbi qulluqçuların üzərinə düşən şərəfli və məsul vəzifələri, eləcə də Konstitusiyanın müvafiq maddələrinin tələblərini xatırladıb.

Sonra daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbriki çatdırılıb.

Təbrikdə hərbi andı qəbul edən hərbi qulluqçuların qoşunların bütün şəxsi heyəti kimi, Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən qarşıya qoyulan hər bir tapşırıq üçün şəxsi məsuliyyət daşıdıqları, bundan əlavə, Daxili Qoşunların möhkəmlənməsi və qüdrətlənməsi üçün göstərilən diqqət və qayğının Daxili Qoşunların sıralarında xidmət edən hər bir gənci öz vəzifələrini mətinliklə yerinə yetirməyə ruhlandırdığı da vurğulanıb.

Qeyd olunub ki, hərbi and içərək Azərbaycanın müstəqilliyini, suverenliyini və ərazi bütövlüyünü göz bəbəyi kimi qorumağa söz verməklə, hər bir hərbi qulluqçu bu müqəddəs andın mənasını tam olaraq dərk etməlidir.

Təbrikdə, həmçinin, 2020-ci il sentyabrın 27-dən noyabrın 10-dək davam edən Vətən müharibəsində Daxili Qoşunların şəxsi heyətinin fədakarlıq göstərərək, şərəfli döyüş yolu keçdiyi də bildirilib.

Daxili Qoşunların sıralarına daxil olan hər bir hərbi qulluqçunun Azərbaycanın Konstitusiyasına, hərbi anda və nizamnamələrə sadiq qalacağına, dövlətçiliyin qorunması və qüdrətlənməsi naminə uğurlar qazanacağına əminlik ifadə olunub.

Təntənəli gün münasibətilə çıxış edənlər əsgərləri səmimi qəlbdən təbrik edərək, onları cəsur və intizamlı olmaqla, hərbi bilikləri öyrənməyə, daim Vətənin müdafiəsinə hazır olmağa səsləyiblər.

Mərasim şəxsi heyətin təntənəli keçidi ilə başa çatıb.

Poliqon.az

CATEGORIES
TAGS