Daxili Qoşunların gənc əsgərləri Hərbi And qəbul ediblər

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunların hərbi hissəsində xidmətə yeni qəbul edilən əsgərlərin andiçmə mərasimi keçirilib.
Bu barədə “AzeriDefence”yə Daxili Qoşunların mətbuat xidmətindən məlumat verilib.
Mərasimdə Daxili Qoşunlar Komandanının 1-ci müavini – qərargah rəisi general-mayor Şirin Xəlilov, Mənəvi-psixoloji hazırlıq şöbəsinin rəisi polkovnik Mətləb Qəmbərov, Veteranlar Şurasının üzvləri və əsgər valideynləri iştirak ediblər.
Xidmətə yeni qəbul edilmiş əsgərlər hərbi and içərək, Azərbaycan Respublikasının mənafeyini, onun suverenliyini, ərazi bütövlüyünü və müstəqilliyini şərəflə qoruyacaqlarına, bundan ötrü canlarını belə əsirgəməyəcəklərinə söz veriblər.
Sonra Daxili İşlər Nazirinin müavini – Daxili Qoşunların Komandanının hərbi andiçmə münasibətilə əsgərlərə ünvanladığı təbrik çatdırılıb.
Daha sonra general-mayor Ş.Xəlilov diqqətə çatdırıb ki, torpaqları düşmən tapdağı altında qalan vətənin hər bir əsgəri respublikanın ərazi bütövlüyünü bərpa etməyə hər an hazır olmalı, vətən, xalq qarşısında müqəddəs borcunu ləyaqətlə yerinə yetirməlidir.
Çıxış edən Veteranlar Şurasının üzvləri, əsgər valideynləri də xidmətə yeni qəbul edilən əsgərləri səmimi qəlbdən təbrik edərək onlara xidmətlərində müvəffəqiyyətlər arzulayıblar. Qeyd olunub ki, hərbi andı qəbul edən hər bir hərbi qulluqçu birmənalı olaraq dərk etməlidir ki, vətənə, millətə, dövlət və dövlətçiliyimizə sonsuz sədaqətlə xidmət etməlidir.
Mərasim şəxsi heyətin sıra meydanından təntənəli keçidi ilə başa çatıb.



