Müdafiə

Daxili Qoşunların komandanı gənc əsgərlərlə görüşüb

Azərbaycan Daxili Qoşunların Komandanı xidmətə yeni qəbul olunan əsgərlərlə görüşüb.

Bu barədə “AzeriDefence” Daxili Qoşunların mətbuat xidmətinə istinadən məlumat verib.

Fevralın 10-da Daxili İşlər Nazirinin (DİN) müavini – Daxili Qoşunların Komandanı general-leytenant Şahin Məmmədov xidmətə yeni qəbul olunan əsgərlərin kazarma-məişət şəraiti, təchizatı, qidalanması və sağlamlıq durumunun vəziyyətinin yoxlanılması məqsədilə Qoşunların Bakı şəhərində yerləşən hərbi hissəsində olub və əsgərlərlə görüş keçirib.

Ş.Məmmədov çıxış edərək, ordu quruculuğu sahəsində respublikada həyata keçirilən məqsədyönlü islahatlar, o cümlədən Daxili Qoşunların vəzifələri, yerinə yetirdiyi tapşırıqları xidmətə yeni qəbul olunan əsgərlərin diqqətinə çatdırıb.

Son illərdə prezident İlham Əliyev tərəfindən Silahlı Qüvvələrin, eləcə də Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsindən danışan Ş. Məmmədov vurğulayıb ki, bu gün əsgər sıralarına daxil olmuş müddətli həqiqi xidmət hərbi qulluqçulara xidməti tələb olunan səviyyədə təşkil etmək üçün hərtərəfli şərait yaradılıb.

“Prezident İlham Əliyev çıxışlarında dəfələrlə qeyd edib ki, ordu quruculuğu prosesi Azərbaycanda dövlət siyasətidir. Ordumuzun maddi-texniki təminatı yüksək səviyyədə inkişaf etməkdədir. İldən-ilə hərbi qulluqçuların sosial müdafiəsinin daha da yüksəldilməsi məqsədilə həyata keçirilən tədbirlər Ali Baş Komandanın hərbi qulluqçularımızın fədakar xidmətinə yüksək qiymət verdiyini bir daha təsdiq edir”, – deyə Ş. Məmmədov bildirib.

Qeyd edilib ki, xidmət dövründə öyrənilən hərbi bilikləri, qazanılan təcrübəni dövlətin daha da qüdrətlənməsinə, güclənməsinə yönəltməli, vəzifə borclarından irəli gələn tələblər layiqincə yerinə yetirilməlidir. Vətənini, dövlətini ürəkdən sevən, hərb elmini, etibar edilmiş silah və texnikanı dərindən öyrənən, komandir və rəislərin əmrlərini layiqincə yerinə yetirən hər bir əsgər bu çətin, eyni zamanda şərəfli yolu inamla, uğurla keçməlidir.

Görüşün sonunda xidmətə yeni qəbul edilmiş əsgərləri maraqlandıran suallar cavablandırılıb.

20170211 2 2 b 1 e1486823960706

Back to top button