Müdafiə

Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə tələbə qəbulu elan edilib

Azərbaycan Daxili İşlər Nazirliyi (DİN) Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə 2017/2018-ci tədris ili üçün tələbə qəbulu elan edilib.

Daxili Qoşunların mətbuat xidmətindən “AzeriDefence”yə verilən məlumata görə, DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbula namizədlər azərbaycan dilini sərbəst bilən, boyu azı 165 sm, çağırışçı kimi Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin yerli idarə, şöbə və bölmələrində qeydiyyatda olan, buraxılış sinfində oxuyan və ya tam orta təhsilli, qəbul edildiyi ildə 17 yaşı tamam olan və 20 yaşı tamam olmayan Azərbaycan vətəndaşları (yalnız oğlanlar) sırasından seçilirlər.

Namizədlər Daxili Qoşunların Baş İdarəsində yaradılmış fiziki hazırlıq, hərbi-həkim və mandat komissiyalarında DİN tərəfindən müəyyən edilmiş normativlər üzrə sınaqdan keçməlidirlər. Fiziki hazırlıq üzrə minimal normativlər 6 dəfə turnikdə dartınma, 15 saniyə 100 metr məsafəyə və 4 dəqiqəyə 1000 metr məsafəyə qaçış, 18 dəfə qolların üzərində bədənin döşəmədən qaldırılıb-endirilməsi və 18 dəfə gövdənin döşəmədən qaldırılıb-endirilməsindən ibarətdi.

Sınaq və müvafiq yoxlamalardan müvəffəqiyyətlə keçən abituriyentlərin siyahısı müsabiqədə iştirak etmək üçün Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurasına göndərilir.

İmtahanlar IV ixtisas qrupunun fənləri üzrə test üsulu ilə azərbaycan və rus dillərində keçirilir.

Qəbul imtahanlarının keçirilməsi ilə bağlı bütün təşkilati tədbirlər, sənədləşmə, imtahanların vaxtı, yeri və digər şərtlər Dövlət İmtahan Mərkəzinin Direktorlar Şurası tərəfindən müəyyən edilir. Namizədlər bu məqsədlə Komissiyanın internet saytında və ya kütləvi informasiya vasitələrində verilən elanları izləməlidirlər.

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul olunmuş şəxslər dövlət hesabına geyim forması, yataqxana və yeməklə təmin edilirlər. Məktəbdə tədris azərbaycan dilində aparılır, təhsil müddəti 4 ildir.

Məzunlara müvаfiq hərbi iхtisаslаrlа bərаbər “Fiziki tərbiyə və çağırışaqədərki hazırlıq müəllimliyi” ixtisası və “leytenant” hərbi rütbəsi verilir, onlar Daxili Qoşunlarda müvafiq vəzifələrə təyin edilir. İkili vətəndaşlığı, digər dövlətlər qarşısında öhdəlikləri olan, 2017-ci ilin aprel və iyul çağırışlarında hərbi xidmətə getməli olan çağırışçılar, din xadimləri, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə fəaliyyət qabiliyyəti olmayan və ya məhdud fəaliyyət qabiliyyətli hesab edilmiş, cinayət törətdiyinə görə əvvəllər məhkum olunmuş, habelə barəsində cinayət işinin icraatına bəraətverici əsaslar olmadan xitam verilmiş, eləcə də Daxili Qoşunlarda xidmətə qəbul üçün müəyyən olunmuş digər şərtlərə uyğun gəlməyən şəxslər DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul edilmir.

DİN Daxili Qoşunlarının Ali Hərbi Məktəbinə qəbul üçün namizədlər Bakı şəhəri, Binəqədi rayonu, Q.Musabəyov küçəsi, 4 ünvanında yerləşən DİN Daxili Qoşunlarının Baş İdarəsinə tələb olunan şəxsiyyət vəsiqəsi və doğum haqqında şəhadətnamə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), təhsil müəssisəsinin buraxılış sinfində oxuması haqqında Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün arayış və ya tam orta təhsil haqqında sənəd (attestatın əsli və notarial qaydada təsdiq olunmuş surəti), yaşayış yeri üzrə tibb müəssisəsindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün sağlamlıq haqqında arayış, ilkin hərbi qeydiyyata alınma haqqında vəsiqə (əsli və notarial qaydada təsdiq olunmuş surəti), oxuduğu təhsil müəssisəsi tərəfindən Daxili Qoşunların Baş İdarəsinə təqdim olunması üçün verilmiş xasiyyətnamə və 9×12 sm ölçüdə 2 ədəd, 4×6 sm ölçüdə 4 ədəd fotoşəkil (papaqsız, rəngli, donuq kağızda) şəxsən təqdim etməlidirlər.

Ərizə və sənədlərin qəbulu 2017-ci il martın 1-dən aprelin 10-dək (bazar və bayram günləri istisna olmaqla) hər gün saat 10:00-dan 17:00-dək həyata keçiriləcək.

Məlumat üçün əlaqə telefonları: (012)-590-65-07, (012)-560-27-00.

Back to top button