DSA 2024: Çin torpeda ata bilən UUV-300CD insansız sualtı qayığını təqdim edib
Çinin “Poly Technologies” şirkəti DSA 2024 sərgisində özünün UUV-300CD və UUV-300CB insansız sualtı qayıqlarını təqdim edib.
“Poliqon” “Army Recognition”a istinadən xəbər verir ki, bu çoxfunksiyalı insansız sualtı qayıqlar həm suüstü və sualtı kəşfiyyat əməliyyatlarının aparılması, həm də hücum və minaların yerləşdirilməsi kimi tapşırıqlar üçün nəzərdə tutulub.
UUV-300CD insansız sualtı qayığının uzunluğu 28 metr, kütləsi 50 ton, maksimum sürəti 10 düyün və kruiz sürəti 5 düyündür. Suyun 200 metr dərinliyinə dala bilən UUV-300CD-nin əməliyyat məsafəsi 600 kilometrdir. İnsansız sualtı qayıq dörd ədəd torpedo daşımaq qabiliyyətinə malikdir ki, bu da ona kəşfiyyat tapşırıqları ilə yanaşı, həm də hücum missiyalarını icra etməyə imkan verir.
UUV-300CD ilə müqayisədə təqdim olunan UUV-300CB insansız sualtı qayğının ölçüləri daha kiçikdir. Onun uzunluğu 11.5 m, yüklə birlikdə maksimum kütləsi 50 ton, maksimum sürəti 12 düyün, suya dalma dərinliyi 300 m və əməliyyat mənzili 450 dəniz milidir. UHF, peyk və akustik kanallar vasitəsilə əlaqə saxlanılan UUV-300CB insansız sualtı qayığı mina yerləşdirmə və kəşfiyyat missiyalarını yerinə yetirmək qabiliyyətinə malikdir.