
DSEI-2025: “Excalibur Army” zirehli və artilleriya vasitələrini təqdim edir
Çexiyanın “Excalibur Army” şirkəti Londonda keçirilən DSEI-2025 beynəlxalq müdafiə sərgisində məhsul və xidmətlərini nümayiş etdirir.
“Poliqon” “Excalibur Army”ə istinadən xəbər verir ki, sərgidə şirkətin təqdim etdiyi əsas məhsullardan biri “Patriot 4×4” zirehli nəqliyyat vasitəsidir.
Bu vasitə müştəriyə yüksək balistik və mina qorunması təklif edir. Zirehli maşın modul dizaynı sayəsində müxtəlif missiyalara uyğunlaşdırıla bilər. Belə ki, ondan yüngül döyüş vasitəsi, patrul, kəşfiyyat və komanda-idarəetmə maşını, həmçinin təcili yardım və müxtəlif silah sistemlərinin daşıyıcısı kimi istifadə etmək mümkündür. “Patriot” zirehli nəqliyyat vasitəsi artıq Avropa, Yaxın Şərq və Asiyada bir neçə Ordu tərəfindən istifadə olunur.
Bundan əlavə, “Excalibur Army” şirkəti sərgidə 155 mm-lik MORANA və DITA özüyeriyən artilleriya qurğularını, RM-70 “Vampire” yaylım atəşli reaktiv sistemini, TREVA-30 təmir-təxiyə maşınını, “Tatra” şassisi üzərində körpü və istehkam sistemlərini də nümayiş etdirir.