DSX Akademiyasının yaradılmasından 16 il ötür

DSX Akademiyasının yaradılmasından 16 il ötür

İyunun 12-də Dövlət Sərhəd Xidməti (DSX) Akademiyasının yaradılmasının 16-cı ildönümü münasibətilə təntənəli tədbir keçirilib.

DSX-nin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, Azərbaycan Dövlət Himninin səsləndirilməsindən sonra Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriki kursant və müəllim heyətinə çatdırılıb.

Dövlət Sərhəd Xidməti Akademiyasının yaradılmasının 16-cı ildönümünün Azərbaycan Sərhəd Mühafizəsi tarixinin şanlı dövrünə təsadüf etdiyi xüsusi qeyd edilib, Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin rəhbərliyi altında Dövlət Sərhəd Xidmətinin qarşısında qoyulmuş döyüş tapşırıqlarının layiqincə icra edildiyi, “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş sərhədçilər sırasında 4 hərbi qulluqçunun Dövlət Sərhəd Xidməti Akademiyasının məzunu olması vurğulanıb. Tədbirdə Vətənin ərazi bütövlüyü uğrunda canlarından keçmiş qəhrəman övladların əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxış edənlər tərəfindən Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin 2007-ci il 12 iyun tarixli Sərəncamı ilə yaradılmış Dövlət Sərhəd Xidməti Akademiyasının ali təhsilli, dövlətçiliyə sadiq peşəkar sərhədçi zabitlərin yetişdirilməsindəki əhəmiyyətli rolu qeyd edilib. Müasir elmi-tədris bazasına, yüksək ixtisaslı hərbi-pedaqoji heyətə malik Akademiyanın uğurlu inkişaf yolu keçərək hazırda beynəlxalq səviyyəli tədris mərkəzinə çevrildiyi vurğulanıb.

DSX Akademiyasının nüfuzunun artmasının, xarici dövlətlər üçün sərhədçi kadrların hazırlanması üzrə beynəlxalq mərkəzə çevrilməsinin göstəricisi olaraq, Tacikistan sərhəd xidmətinin müraciəti əsasında ilk dəfə 6 kursantın 5 illik zabit hazırlığı bu il uğurla başa çatıb.

Milli dövlətçiliyə, Azərbaycan Prezidentinə sadiqliyi ilə seçilən sərhədçi zabitlərin yetişdirilməsi və formalaşdırılmasında DSX Akademiyasının komandir və pedaqoji heyətinin xüsusi rolu qeyd olunub.

Çıxışda dövlətin ərazi bütövlüyü təmin edildikdən, Ermənistanla dövlət sərhədi işğaldan azad olunduqdan sonra bu ərazilərdə dövlət sərhədlərinin mühafizəsinə DSX Akademiyasının məzunu olan sərhədçi-zabitlərin öz önəmli töhfələrini verəcəklərinə, milli maraqların təmin edilməsi üzrə bütün tapşırıqları ən yüksək səviyyədə icra edəcəklərinə əminlik ifadə olunub.

Poliqon.az

CATEGORIES
TAGS