SƏRHƏDXəbərlər

DSX: Müasir dünyada sərhəd təhlükəsizliyi daha mürəkkəb xarakter daşıyır

Müasir dünyada sərhəd təhlükəsizliyi əvvəlki dövrlərlə müqayisədə daha mürəkkəb və çoxşaxəli xarakter daşıyır.

“Poliqon” xəbər verir ki, bunu Dövlət Sərhəd Xidməti (DSX) rəisinin müavini, general-leytenant Abbas Xəlilov “Azərbaycan” qəzetinə müsahibəsində deyib.

O vurğulayıb ki, qeyri-qanuni miqrasiya, narkotik vasitələrin qanunsuz dövriyyəsi, qaçaqmalçılıq, transmilli mütəşəkkil cinayətkarlıq, terrorçuluq, saxta sənədlərdən istifadə və digər qanunsuz fəaliyyətlər sərhəd təhlükəsizliyinə qarşı əsas təhdidlər sırasındadır.

General-leytenantın sözlərinə görə, texnologiyanın sürətli inkişafı cinayətkar qrupların istifadə etdiyi metodların da dəyişməsinə səbəb olur: “Bu gün sərhədçilər təkcə ənənəvi sərhəd pozucusu ilə deyil, müasir texnoloji imkanlardan istifadə edən mütəşəkkil qruplarla da qarşılaşırlar. Son dövrdə narkotik vasitələrin qanunsuz daşınmasında pilotsuz uçuş aparatlarından istifadə hallarının qeydə alınması bunun bariz nümunəsidir. Ona görə sərhəd mühafizəsi sistemi daim yenilənməli, təhdiddən bir addım öndə olmalıdır”.

A.Xəlilov bildirib ki, 2025-ci ildə Dövlət Sərhəd Xidməti tərəfindən dövlət sərhədini pozduqlarına görə 516 nəfər, sərhəd rejimini pozduqlarına görə 1226 nəfər, hüquq-mühafizə orqanları tərəfindən axtarışda olan 3922 nəfər saxlanılıb. İl ərzində DSX-nin struktur qurumları tərəfindən və digər hüquq-mühafizə orqanları ilə birgə 4 ton 311 kiloqram 864 qram narkotik vasitənin, 78 min 457 ədəd müxtəlif tərkibli həbin dövlət sərhədindən qanunsuz keçirilməsinin qarşısı alınıb.

“Bu mübarizə 2026-cı ildə də eyni qətiyyətlə davam etdirilir. Belə ki, bu ilin ilk 6 ayı ərzində Dövlət Sərhəd Xidmətinin struktur qurumları tərəfindən həyata keçirilən məqsədyönlü və ardıcıl tədbirlər nəticəsində 1 ton 630 kiloqram 280 qram narkotik vasitə, 43 min 251 ədəd müxtəlif tərkibli həb aşkar edilərək qanunsuz dövriyyədən çıxarılmışdır. Bütün bunların arxasında sərhədçilərimizin sayıqlığı, peşəkarlığı və böyük əməyi dayanır”, – deyə DSX rəisinin müavini qeyd edib.

Back to top button