Xəbərlər

DSX-nin Qubadlıda yeni hərbi hissəsi açılıb

Qubadlı rayonu ərazisində Ermənistanla dövlət sərhədində yeni hərbi hissə – sərhəd komendantlığı xidməti-döyüş fəaliy­yə­tinə başlayıb.

Bu barədə “Poliqon”a Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumat verilib.

Bununla əlaqədar təşkil olunan mərasimdə Dövlət Sərhəd Xidməti rəisinin müavini general-leytenant Azad Ələkbərov çıxış edərək yeni hərbi hissə­nin fəaliyyətə başlaması mü­nasibətilə Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbrikini şəxsi heyətə çatdırıb.

Çıxışda tədbirin Vətən Müharibəsində Azərbaycan xalqının haqq mübarizəsinin tarixi zəfərlə başa çat­ması, şanlı qələbənin coşqusunun yaşandığı dövrə, eləcə də milli-mənəvi irsin və ənənələrin rəmzi sayılan Novruz bayramı ərəfəsinə təsadüf etməsi xüsusi vurğulanıb.

Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsi, o cümlədən Ermənistan ilə dövlət sərhədinin azad olunmasından sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına əsasən bu ərazilərdə qısa müddət ərzində artıq sayca dördüncü hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlamasının azad edilən dövlət sərhədlərinin etibarlı mühafizə altına götürülməsi prosesi üçün böyük əhəmiyyət kəsb etməsi qeyd olunub.

Çıxışda Ali Baş Komandanın rəhbərliyi altında 44 günlük Vətən Müharibəsində işğalçı düşmən qüvvələrinə qarşı fədakarlıqla döyüşən Azərbaycan sərhəd­çi­sinin bu gün də səngərdə və sərhəddə böyük əzmlə xidmət apararaq dövlət maraqlarının müdafiəsini təmin etməkdən qürurlandığı, Azərbaycanın müqəddəs hüdudlarının toxunulmazlığının təmin edilməsi kimi şərəfli vəzifəni bundan sonra da layiqincə yerinə yetirəcəyinə əminlik bildirilib.

Tədbirin sonunda xidməti fəaliyyətində yüksək nəticələr göstərən bir qrup hərbi qulluqçu təltif edilib.

Mərasimdə Azərbaycan Hərbi Prokurorluğunun nümayəndələri də iştirak edib, yeni hərbi hissənin xidməti-döyüş fəaliyyətinə başlaması və Novruz bayramı münasibətilə Azərbaycan sərhədçilərini təbrik edib, dövlət sərhədlərinin etibarlı mühafizəsi kimi fədakar fəaliyyətlərində xidməti müvəffəqiyyətlər arzulayıblar.

Sonra mərasim iştirakçıları sərhəd komendantlığının hərbi qulluqçularının xidməti-döyüş fəaliyyətinin yerinə yetirilməsi üçün yaradılan şəraitlə tanış olublar.

Back to top button