DSX-nin yeni zastavası açılıb

Dövlət sərhədinin etibarlı mühafizəsinin təmin edilməsi məqsədilə sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin (DSX) mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, aprelin 30-da DSX-nin Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yeni inşa olunmuş “Ağ Göl” sərhəd zastavası kompleksi xidməti istifadəyə verilib.
Bu münasibətlə təşkil olunmuş mərasimdə çıxış edən DSX rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyevin təbriklərini şəxsi heyətə çatdırıb.
Prezident İlham Əliyevin rəhbərliyi altında Azərbaycan sərhədçisinin həm sərhəddə, həm də səngərdə dövləti maraqların keşiyində durmağa hər zaman hazır olması xüsusi vurğulanıb. Sərhəd mühafizə infrastrukturunun təkmilləşdirilməsinə ən ali səviyyədə xüsusi önəm verilməsi sayəsində Dövlət Sərhəd Xidmətinin hərbi hissə və bölmələrində şəxsi heyət üçün zəruri xidməti və məişət şəraitinin yaradılması qeyd olunub, açılışı baş tutan sərhəd zastavasının bu yüksək qayğının növbəti təzahürü olmasını bildirilib.
Açılış mərasimindən sonra tədbir iştirakçıları sərhəd zastavası kompleksinə baxış keçiriblər. Burada şəxsi heyətin xidmətinin yüksək səviyyədə təşkili və asudə vaxtının səmərəli keçirməsi üçün müxtəlif təyinatlı otaqlar, yataqxana, yeməkxana, hamam-camaşırxana, anbarlar inşa edilib, mərkəzləşdirilmiş istilik və işıqlandırma sistemləri yaradılıb.
Xidməti fəaliyyətində fərqlənən bir qrup hərbi qulluqçu təltifləndirildikdən sonra tədbir bayram süfrəsi arxasında davam etdirilib.
Tədbirin sonunda hərbi hissənin kinoloji mütəxəssisləri xüsusi təlim keçmiş itlərdən istifadə etməklə xidməti tapşırıqların icrası üzrə bacarıqlarını nümayiş etdiriblər.







