
DSX rəisi Cəbrayılda yeni tikilən hərbi hissə komplekslərinin açılışını edib
Azərbaycan Prezidenti İlham Əliyevin Ali Baş Komandanlığı altında xalqın ədalət savaşı tarixi zəfərlə başa çatdıqdan sonra dövlət başçısının tapşırığına əsasən işğaldan azad olunmuş ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması üzrə kompleks tədbirlər davam etdirilir.
Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən “Poliqon”a verilən məlumata görə, noyabr ayının 7-də Cəbrayıl rayonu ərazisində DSX-nin hərbi hissəsində hərbi xəstəxana, idman və yaşayış kompleksləri xidməti istifadəyə verilib.
Bununla əlaqədar təşkil olunmuş mərasimdə çıxış edən Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev işğaldan azad olunmuş ərazilərdə yeni inşa olunmuş hərbi hissə komplekslərinin fəaliyyətə başlaması münasibətilə şəxsi heyəti təbrik edib.
Çıxışda ölkənin ərazi bütövlüyünün bərpa olunmasından və dövlət sərhədlərinin işğaldan azad edilməsindən sonra Azərbaycan Prezidenti İlham Əliyevin tapşırığına uyğun olaraq bu ərazilərdə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə ardıcıl tədbirlərin həyata keçirilməsi qeyd olunub, görülən işlər çərçivəsində yeni hərbi hissələrin xidməti-döyüş fəaliyyətinə başlamasının dövlət sərhədinin mühafizəsi məsələlərinə ali diqqətin növbəti təzahürü olması bildirilib.
Vətən Müharibəsində döyüş tapşırıqlarını uğurla icra edərək şücaət göstərən, bu gün də düşmən tapdağından azad olunmuş Vətənin müqəddəs sərhədlərinin toxunulmazlığını təmin edən Azərbaycan sərhədçilərinin ölkənin ərazi hüdudlarının mühafizəsi vəzifəsini hər zaman layiqincə yerinə yetirəcəkləri vurğulanıb.
Tədbir çərçivəsində Azərbaycan ərazi bütövlüyünün bərpa olunmasında iştirak etmiş Vətən Müharibəsi iştirakçılarına “Vətən müharibəsi iştirakçısı” medalı təqdim edilib, həmçinin xidməti vəzifələrinin icrası zamanı fərqləndiklərinə görə bir sıra hərbi qulluqçular təltif olunublar.
Açılış mərasimindən sonra hərbi qulluqçuların xidməti fəaliyyətinin təşkili üçün yaradılmış şəraitlə tanış olub, o cümlədən zəruri avadanlıqlar, mebel, məişət əşyaları, istilik sistemi ilə təmin edilmiş xidməti otaqlara, döyüş texnikalarına, silah və texniki vasitələrə baxış keçirilib.
Tədbirin sonunda şəxsi heyətlə birgə nahar edilmiş və şəxsi heyətlə xatirə fotoşəkilləri çəkilib.