DSX tərəfindən mütəşşəkil cinayətkar dəstə zərərsizləşdirilib

Azərbaycan Dövlət Sərhəd Xidməti (DSX) tərəfindən narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə məşğul olan mütəşşəkil cinayətkar dəstə zərərsizləşdirilib.
Bu barədə “AzeriDefence”yə Dövlət Sərhəd Xidmətinin mətbuat mərkəzindən məlumata verilib.
Bildirilib ki, dekabrın 25-də saat 23:00 radələrində Cəlilabad rayon Edişə kəndi ərazisindəki sərhəd zastavasının xidməti sahəsində həyata keçirilmiş sərhəd mühafizə və əməliyyat-axtarış tədbirləri nəticəsində tamah məqsədilə İran vətəndaşları ilə əlbir olmuş cinayətkar dəstə tərəfindən külli miqdarda ağır tərkibli narkotik vasitələrin İrandan Azərbaycana qanunsuz yolla keçirilməsinin qarşısı alınıb.
Əməliyyat zamanı 1991-ci il təvəllüdlü Cəlilabad rayon sakini Alışov Aqil Həsən oğlu 1 kiloqram həşiş, 7 kiloqram 445 qram tiryək və 5 kiloqram 345 qram heroinilə saxlanılıb.
Cinayətkar dəstənin digər üzvləri sərhədçilərin qanuni tələblərini icra etmədən havanın qaranlıq və relyefin mürrəkəb olmasından istifadə edərək hadisə yerindən qaçmağa müvəffəq oliblar.
Həmin şəxslərin yaxalanması və istintaqa cəlb edilməsi istiqamətində əməliyyat-axtarış və istintaq tədbirləri davam etdirilir.



