DTX-nin Beynəlxalq Antiterror Təlim Mərkəzində “Milli təhlükəsizlik” mövzusunda kurs keçirilir

Oktyabrın 25-də Dövlət Təhlükəsizliyi Xidmətinin (DTX) Beynəlxalq Antiterror Təlim Mərkəzində Azərbaycan Təhlükəsizlik Şurası katibinin xidmətinin təşkilatçılığı ilə “Milli təhlükəsizlik” mövzusunda kursun açılış mərasimi keçirilib.
“Poliqon” Dövlət Təhlükəsizliyi Xidmətinin İctimai əlaqələr şöbəsinə istinadən xəbər verir ki, tədbirdə Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov, Prezidentin köməkçisi – Prezident Administrasiyasının Xarici siyasət məsələləri şöbəsinin müdiri Hikmət Hacıyev, DTX-nin rəisi general-polkovnik Əli Nağıyev, dövlət orqanlarının rəhbər əməkdaşları və Türkiyənin Milli Təhlükəsizlik Şurasının Baş katibinin nümayəndəsi iştirak ediblər.
Oktyabrın 29-dək davam edəcək kursda Azərbaycanın 32 dövlət qurumunun 54 nümayəndəsinin milli təhlükəsizliyin müxtəlif aspektlərinə dair mühazirələrlə çıxışları, praktiki məşğələlər və panel müzakirələr nəzərdə tutulur. Kursun keçirilməsində məqsəd milli təhlükəsizlik sahəsində mövcud vəziyyətin və ona qarşı yönələn təhdidlərin qiymətləndirilməsi, milli təhlükəsizliyin təmin olunmasında aidiyyəti strukturların birgə fəaliyyətinin təkmilləşdirilməsi və dövlət təşkilatları arasında təcrübə mübadiləsinin aparılmasıdır.
Tədbir Azərbaycanın suverenliyi və ərazi bütövlüyü uğrunda qəhrəmancasına həlak olmuş Vətən övladlarının əziz xatirəsinin bir dəqiqəlik sükutla yad olunması ilə başlayıb.
İlk olaraq çıxış edən Təhlükəsizlik Şurasının katibi general-polkovnik Ramil Usubov belə bir tədbirin keçirilməsi üçün yaradılan şəraitə görə DTX-nin rəisi general-polkovnik Əli Nağıyevə, tədbirdə iştirakına görə Prezidentin köməkçisi Hikmət Hacıyevə təşəkkürünü ifadə edib. R.Usubov bildirib ki, Prezident İlham Əliyevin yürütdüyü uğurlu daxili və xarici siyasət nəticəsində Azərbaycan dünyada sabitlik məkanı kimi tanınır və bu amil də öz növbəsində respublikada bütün sahələrin hərtərəfli inkişafına zəmin yaradıb. Bu gün Azərbaycanın birbaşa iştirakı olmadan beynəlxalq səviyyəli nəqliyyat-logistika və nəhəng enerji layihələrinin reallaşması, mühüm siyasi qərarların qəbul olunması mümkün deyildir. Bununla yanaşı qeyd edilib ki, son zamanlarda, xüsusən də Vətən müharibəsində qazanılmış Qələbədən sonra bəzi qüvvələr öz məkrli planlarını həyata keçirməklə bölgədə yaranmış stabilliyin yenidən pozulmasına çalışır, müxtəlif təxribatlara əl atırlar. Bu təhdidlərə qarşı xüsusi xidmət və hüquq mühafizə orqanlarının birgə effektiv mübarizəsindən danışan R.Usubov dövlətin hərbi potensialının artırılması, müdafiə qabiliyyətinin yüksəldilməsi istiqamətində daim lazımi tədbirlərin görüldüyünü, vacib addımların atıldığını diqqətə çatdırıb.
Hikmət Hacıyev çıxış edərək hər bir dövlətin prioritet məsələsi olan milli təhlükəsizliyin etibarlı təmin olunmasından danışıb, bu sahədə fəaliyyətin həyata keçirilməsində Prezident İlham Əliyevin rəhbərliyi ilə hazırlanmış Milli Təhlükəsizlik Konsepsiyasının önəmindən bəhs edib. 30 ilə yaxın müddət ərzində Azərbaycanın təhlükəsizliyi əleyhinə yönəlmiş başlıca amilin Ermənistan tərəfindən aparılan işğalçılıq siyasəti olduğunu bildirən şöbə müdiri qeyd edib ki, Ali Baş Komandanın qətiyyətli sərkərdəliyi altında Azərbaycan Ordusunun Vətən savaşında qələbə çalmaqla erməni faşizmini məhv etməsi nəticəsində regionda yeni təhlükəsizlik düzəni formalaşıb.
Tədbirdə çıxış edən DTX-nin rəisi Əli Nağıyev tədbirin keçirilməsinin əhəmiyyətinə toxunaraq hazırkı dönəmdə Azərbaycanın təhlükəsizliyinə yönəlmiş təhdidlərə qarşı səylərin birləşdirilməsinin vacibliyindən bəhs edib, aidiyyəti qurumların koordinasiyalı şəkildə mümkün risklərlə səmərəli mübarizəsindən danışıb. Vurğulanıb ki, Azərbaycanın sülh çağırışlarına baxmayaraq, Vətən müharibəsindən sonra hələ də bölgədə olan real vəziyyətlə barışmaq istəməyən, revanşist ideyalarla yaşayan qüvvələrin destruktiv əməlləri müşahidə edilməkdədir. Belə ki, mövcud vəziyyəti qəbul edə bilməyən Ermənistandakı mənfur ünsürlər daima Azərbaycana qarşı əks-təbliğat aparır, Azərbaycanda yaşayan müxtəlif xalqların arasında nifaq toxumu səpməyə çalışır, qonşu dövlətlərlə Azərbaycan arasında olan münasibətlərin gərginləşməsinə çalışır. İlham Əliyevin rəhbərliyi altında aidiyyəti dövlət orqanları tərəfindən ermənilərin Azərbaycana qarşı mümkün təxribatları diqqətlə izlənilir və adekvat tədbirlər görülür. Ə. Nağıyev ayrı-ayrı xarici dövlətlərin xüsusi xidmət orqanlarının Azərbaycana qarşı kəşfiyyat-pozuculuq fəaliyyətinin zərərsizləşdirilməsi istiqamətində həyata keçirilmiş tədbirlər barədə məlumat vermiş, bəzi vətəndaşların ölkə hüdudlarından kənarda qanunsuz silahlı birləşmələrə qoşulması, hərbi təlimlər keçərək silahlı münaqişə ocaqlarında iştirak etməsinin də narahatlıq doğuran məsələlərdən biri olduğunu və həmin şəxslərin gələcəkdə ölkə ərazisində terror-təxribat əməlləri törətməyə cəhd etməsinin də daim diqqət mərkəzində saxlanıldığını nəzərə çatdırıb. Çıxışında informasiya təhlükəsizliyi sahəsində baş verən cinayətlərin, koronavirus pandemiyasının yaratdığı problemlərin ümumi təhlükəsizlik arxitekturasına təsirlərindən də danışan DTX rəisi vurğulayıb ki, Azərbaycanda mövcud sabitliyin pozulmasına yönəlmiş bütün sadalanan hallara qarşı DTX tərəfindən bundan sonra da qətiyyətli tədbirlər görüləcəkdir.
Tədbir iştirakçı müvafiq dövlət qurumlarının nümayəndələrinin çıxış və mühazirələri ilə davam edib.






