Düşməni nəzarətdə saxlayan “Əjdaha gözü”

Düşməni nəzarətdə saxlayan “Əjdaha gözü”

Geostrateji maraqların kəsişdiyi bir mövqedə yerləşən Azərbaycanın hüdudlarının etibarlı şəkildə qorunması vətən müdafiəçilərinin çiyninə ağır və məsuliyyətli yük qoyur. Bu şərəfli missiyada milli ruh və peşəkarlıq qədər vacib olan daha bir  nüans var: Azərbaycan əsgəri vətəni qorumaq üçün mütləq müasir hərbi texniki vasitələrə sahiblənməli, xidməti işində çağın texnoloji yeniliklərini tətbiq etməlidir.

“Poliqon”un məlumatına görə, modern texniki təchizatı prioritet istiqamətlərdən sayıb, bu yöndə önəmli məsafə qət edən, Azərbaycan Silahlı Qüvvələrinin etibar etdiyi şirkətlər sırasında ASELSAN-ın xüsusi yeri var.

ASELSAN şirkətinin quru qoşunlarının ehtiyaclarını qarşılamaq üçün hazırladığı “Dragon Eye” (“əjdaha gözü”) elektro-optik müşahidə sistemi hərbi qurumlara gecə və gündüz, istənilən hava şəraitində yüksək keyfiyyətli görüntü əldə etmək imkanı yaradır. Hədəf koordinatlarının yüksək dəqiqliklə təsbit olunmasına imkan verən sistem eyni zamanda fərqli əlaqə vasitələri ilə aşkar olunan koordinat məlumatlarının digər dəstək elementlərinə ötürülməsində önəmli rol oynayır. “Dragon Eye” sərhəd nəzarəti, sahil mühafizəsi, kəşfiyyat, təhlükəsizlik qurumlarının ehtiyaclarını qarşılamaq üçün rəqabətə davamlı sistemdir.

ASELSAN şirkətinin çeşidli modfikasiyalarda elektro-optik kəşfiyyat və müşahidə sistemləri mövcuddur və bunların bir çoxu Azərbaycanın milli müdafiə sisteminin inventarları siyahısına daxil olub. “Dragon Eye” elektro-optik sensor sistemindən xüsusi olaraq söz salmağımızın səbəbi həm də bu sistemin 44 günlük Vətən müharibəsində sınaqdan uğurla çıxmasına görədir. Müharibədən öncə, savaş anında və ondan sonrakı aylarda düşmənin təmas boyu hərəkətliliyinin  izlənməsində, hədəflərin aşkar edilməsində və işarələnməsində “Dragon Eye” sistemi geniş tətbiq olunmuşdur.

“Dragon Eye” sistemi özündə termal kamera, lazer məsafə ölçən, gündüz kamerası, GPS qəbuledici, rəqəmsal kompası birləşdirir.

“Dragon Eye” adının seçilməsində məqsəd, türk mifologiyasında əjdaha güclə bərabər həm də müdrikliklə assosiasiya olunur. Alternativ sistemlər içindən müdrik düşüncənin seçimi olan “Dragon Eye” Azərbaycan əsgərinə düşməni daha etibarlı və təhlükəsiz şəkildə nəzarətdə saxlamağa imkan verir.

Anar Şuşalı

Poliqon.az

CATEGORIES
TAGS