Ekvador Türkiyədən “Cobra II” zirehli nəqliyyat vasitələri alıb

Ekvador Türkiyədən “Cobra II” zirehli nəqliyyat vasitələri alıb

Türkiyənin “Otokar” şirkəti Ekvador Silahlı Qüvvələrinin Birləşmiş Komandanlığına 20 ədəd “Cobra II” zirehli nəqliyyat vasitəsi tədarük edib.

“Poliqon” xəbər verir ki, bununla bağlı Ekvador prezidenti Gilyermo Lasso özünün “X” (“Twitter”) hesabında paylaşım edib.

O bildirib ki, Türkiyədən alınan 20 ədəd “Cobra II” zirehli maşını ölkədə cinayətkarlıqla mübarizənin aparılamasına və Ekvador xalqının təhlükəsizliyinin təmin olunmasına töhfə verəcək.

“Otokar”ın mövcud 4×4 “Cobra” zirehli maşınlarının bazasında hazırladığı və ilk nümunəsi 2013-cü ildə təqdim olunan “Cobra II” daha üstün texniki-taktiki xüsusiyyətləri, gücləndirilmiş mina partlayışına qarşı mühafizəsi, balistik mühafizəsi və geniş daxili həcmi ilə sələfindən fərqlənir. Sürücü və komandir daxil 11 heyət daşıyan, yüksək keçicilik və mühafizə qabiliyyətinə malik “Cobra II” çətin ərazi və iqlim şərtlərində üstün performans təmin edir.

Türkiyə Silahlı Qüvvələrinin və müttəfiq ölkələrin tələbləri əsasında, gələcək ehtiyacların qarşılanması məqsədi ilə yaradılan “Cobra II” müasir texnoloji və taktik xüsusiyyətlərə sahib modulyar platformadır. Geniş çeşiddə silah inteqrasiyası və təchiz olunduğu sistemlər sayəsində “Cobra II” sərhəd mühafizəsi, daxili təhlükəsizlik əməliyyatlarından sülhyaratma missiyalarınadək çox sayda tapşırıqlarda yer ala bilir.

“Otokar” şirkəti “Cobra II” zirehli nəqliyyat vasitəsini personal daşıyıcı, silah platforması, KBRN, sərhəd təhlükəsizlik maşını, daxili təhlükəsizlik maşını, ambulans, komanda-nəzarət və s. konfiqurasiyalarda təklif edir. İstifadəçinin seçimindən asılı olaraq zirehli maşının amfibiya versiyası da təqdim olunur. 2015-ci ildə körfəz ölkələrindən birində isti iqlim və amfibiya testlərinə cəlb olunan maşın minlərlə kilometr yol qət edərək, açıq dənizdə üzmə testlərini uğurla tamamlayıb.

Onun maksimum ağırlığı 14500 kiloqram, uzunluğu 6400 mm, eni 2500 mm, hündürlüyü 2300 mm, klirensi 400 mm-dir. Zirehli maşın 30% yan əyimli ərazilərdə hərəkət edə, 60% əyimli dik yoxuşları qalxa, 1000 mm dərinliyindəki su və 500 mm hündürlüyündəki dik maneələri aşa, habelə 1000 mm dərinliyindəki xəndəkləri keçə bilir. 360 at gücündəki turbo dizel mühərrik və avtomatik ötürmələr qutusuna sahib “Cobra II” maksimum 110 km/saat sürətlə hərəkət edir. “Cobra II”nin tam dolu yanacaqla maksimum əməliyyat mənzili 700 kilometrdir.

Poliqon.az

CATEGORIES
TAGS