
“Elbit Systems” adı açıqlanmayan ölkənin PDM-lərini UT30 MK2 qüllələri ilə təmin edəcək
İsrailin “Elbit Systems” şirkəti adı açıqlanmayan NATO üzvü Avropa ölkəsinin ASCOD piyada döyüş maşınlarını (PDM) UT30 MK2 qüllələri ilə təmin edəcək.
“Poliqon” “Elbit Systems”ə istinadən xəbər verir ki, bunun üçün “Elbit Systems və “General Dynamics European Land Systems” (GDELS) şirkətləri arasında 100 milyon ABŞ dolları dəyərində müqavilə imzalanıb.
Müqavilənin 2027-ci ilin sonuna qədər həyata keçirilməsi planlaşdırılıb.
“Elbit Systems” şirkəti tərəfindən hazırlanan müasir UT30 MK2 (MT30) uzaqdan idarə olunan qülləsi zirehli transportyorların atəş gücünün artırılması üçün nəzərdə tutulub. Onun silahlanmasına 30 mm-lik ATK MK44 ABM topu, 7.62 mm-lik pulemyot və tank əleyhinə raketlər daxildir. UT30 MK2, “Iron Fist” aktiv mühafizə sisteminə malikdir. Bundan başqa, sözügedən qüllə əlavə sensorlar, atəşə nəzarət və lazer xəbərdarlıq sistemləri ilə də təchiz olunub.