Elçin Quliyev: Azad edilən ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması sürətlə davam etdirilir

Elçin Quliyev: Azad edilən ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması sürətlə davam etdirilir

Dövlətimizin ərazi bütövlüyü təmin edildikdən, o cümlədən ölkəmizin Ermənistan Respublikası ilə dövlət sərhədi işğaldan azad edildikdən sonra Müzəffər Ali Baş Komandanımızın tapşırığına əsasən, bu ərazilərdə zəruri sərhəd mühafizə infrastrukturunun yaradılması, hərbi qulluqçuların xidməti şəraitinin və sosial təminatının yaxşılaşdırılması üzrə kompleks tədbirlər sürətlə davam etdirilir.

“Poliqon”un məlumatına görə, bu fikirlər Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi general-polkovnik Elçin Quliyevin “Azərbaycan” qəzetində dərc olunan məqaləsində yer alıb.

General-polkovnik E.Quliyev bildirib ki, işğaldan azad olunmuş İran İslam Respublikası ilə dövlət sərhədində qısa müddət ərzində sərhəd zastavalarının fəaliyyəti bərpa edilib, Zəngilan, Qubadlı rayonlarından və Laçın rayonunun bir hissəsindən keçən Ermənistanla dövlət sərhədinin mühafizəsi və müdafiəsinin təşkilinə cavabdeh olan 19 yeni hərbi hissə kompleksi, 140 sərhəd-döyüş məntəqəsi, “Eyvazlı” və “Qazançı” dövlət sərhədindən buraxılış məntəqələri inşa olunub. Zəngilan və Füzuli beynəlxalq hava limanlarında sərhəd nəzarəti təşkil edilib.

Dövlət Sərhəd Xidməti tərəfindən işğaldan azad edilmiş ərazilərdə 106 kilometr məsafədə yeni yollar çəkilib, 225 kilometr məsafədə yolların əsaslı və cari təmiri həyata keçirilib, 2456 hektar ərazi mina və partlamamış sursatlardan təmizlənib, 1530 ədəd piyada və 1762 ədəd tank əleyhinə mina, 294 ədəd partlamamış hərbi sursat aşkarlanaraq zərərsizləşdirilib.

“Azərbaycan Prezidenti İlham Əliyevin 2021-ci ilin 26 aprel, 4 oktyabr, 20 oktyabr, 25 oktyabr tarixlərdə işğaldan azad olunmuş ərazilərdə Dövlət Sərhəd Xidmətinin yeni hərbi hissələrini, cari ilin 7 avqust tarixində Dövlət Sərhəd Xidmətinin Sərhəd Qoşunlarının “Qazax” əlahiddə sərhəd diviziyasının açılışının etməsini, hərbi hissələrin xidməti-döyüş fəaliyyətinin təşkilini, hərbi qulluqçuların peşəkar və döyüş qabiliyyətinin yüksəldilməsi üçün yaradılmış şəraitlə tanış olmasını Azərbaycan sərhədçiləri böyük ruh yüksəkliyi ilə qarşıladılar.

Müzəffər Ali Baş Komandanın “Sərhədçilərimizin ümumi zəfərimizdə rolu çox böyükdür. Mən bunu qiymətləndirirəm” sözləri isə hər birimizə böyük sevinc hissləri yaşatdı”, – deyə DSX rəisi qeyd edib.

CATEGORIES