Elçin Quliyev: Şəhidlik zirvəsinə ucalan hərbi qulluqçularımızın qəhrəmanlıqları, şərəfli xidmət yolu daim yaşayacaq

Dövlət Sərhəd Xidmətinin (DSX) helikopterinin qəzaya uğraması nəticəsində hərbi qulluqçuların həlak olması ölkə ictimaiyyətini dərindən sarsıtdı.
“Poliqon”un məlumatına görə, bunu hərbi helikopterin qəzaya uğraması nəticəsində şəhid olan hərbi qulluqçularla vida mərasimində DSX rəisi, general-polkovnik Elçin Quliyev söyləyib.
DSX rəisi bildirib ki, şəhidlik zirvəsinə ucalan hərbi qulluqçular Vətən müharibəsinin iştirakçıları idi: Onların qəhrəmanlıqları, şərəfli xidmət yolu daim yaşayacaq. Biz silahdaşlarımızı itirmişik. Onların hər biri şəhidlik zirvəsinə ucalaraq, övladlarının başını uca etdilər. Vətən sağ olsun.
Şəhid zabitlərimizin, əməkdaşlarımızın valideynlərinə, yaxınlarına, əzizlərinə, bacı-qardaşlarına, övladlarına DSX-nin bütün rəhbər heyəti və rəhbərliyi adından başsağlığı verirəm. Allah bütün şəhidlərimizə rəhmət eləsin. Əmin ola bilərsiniz ki, hər bir Azərbaycan vətəndaşı, sərhədçisi şəhidlərimizin xatirəsini daim qəlblərində yaşadacaq. Onların Vətənə xidmətdə göstərdikləri qəhrəmanlıqlar yaşadılaraq, gələcək nəsillərə çatdırılacaq. Şəhidlərimizin valideynləri qarşısında baş əyirəm”.




