Elçin Quliyev Zaqatalada 6 rayonun sakinlərini qəbul edib – FOTO

Dövlət Sərhəd Xidmətinin (DSX) rəisi – Sərhəd Qoşunlarının Komandanı, general-polkovnik Elçin Quliyev sentyabrın 15-də Zaqatala Sərhəd Dəstəsində Balakən, Oğuz, Qax, Qəbələ, Şəki və Zaqatala rayonlarının sakinlərini qəbul edib.
Bu barədə “AzeriDefence”yə məlumat DSX mətbuat mərkəzindən verilib.
Qəbul zamanı vətəndaşların DSX-da xidmətə qəbul, sərhədboyu rejimdə təsərrüfat işlərinin görülməsi, sosial müavinətlərin verilməsi, tibbi yardımın göstərilməsi, mənzil şəraitinin yaxşılaşdırılması, sərhədyanı yaşayış məntəqələrində mövcud olan sosial-məişət problemlərinin həlli və digər məsələlərlə bağlı müraciətləri dinlənilib.
Vətəndaşlar tərəfindən qaldırılan məsələlər araşdırılıb və əksər məsələlər yerindəcə həllini tapıb.
Digər müraciətlərin isə hərtərəfli öyrənilməsi və qanunvericiliyə uyğun həlli üçün Dövlət Sərhəd Xidmətinin müvafiq bölmələrinə konkret tapşırıqlar verilib.
DSX-nın səlahiyyətlərinə aid olmayan müraciətlər qeydiyyata alınıb və aidiyyəti üzrə qurumlara göndərilməsi nəzərdə tutulur.




