
MKE şirkəti daha 3 ədəd elektrikli zirehli personal daşıyıcısını (E-ZPT – Elektrikli Zırhlı Personel Taşıyıcısı) Türkiyə Quru Qoşunları Komandanlığına təhvil verib.
MKE-dən “Poliqon”a verilən məlumata görə, texnikalar çətin səhra sınaqlarını uğurla başa vurduqdan sonra müştəriyə çatdırılıb.
E-ZPT, Türkiyə Milli Müdafiə Nazirliyinin Hərbi Zavodlar Baş İdarəsinin koordinasiyası altında həyata keçirilən layihə çərçivəsində MKE tərəfindən inkişaf etdirilib. Bu layihəyə əsasən, ümumilikdə 50 ədəd E-ZPT-nin Türkiyə Silahlı Qüvvələrinin silahlanmasına daxil edilməsi planlaşdırılır.
M113 seriyalı zirehli personal daşıyıcısının modernləşdirilməsi əsasında hazırlanmış E-ZPT, döyüş meydanında qarşılaşa biləcək real ssenarilər simulyasiya olunaraq çoxsaylı çətin sınaqlardan keçirilib. Zirehli maşın kvalifikasiya prosesində 3000 kmdavamlılıq, 1600 km yolsuzluq, 800 km asfalt və 600 km torpaq yol sınaqlarını uğurla tamamlayıb.
Bundan əlavə, 60 faiz dik maililik, 30 faiz yan maililik və xəndək keçmə kimi sınaqlardan da uğurla keçən E-ZPT həddindən artıq isti və soyuq hava şəraitində yüksək performans nümayiş etdirib.
MKE mühəndislərinin ərsəyə gətirdiyi E-ZPT ekoloji cəhətdən təmiz texnologiyanı yüksək təhlükəsizlik konsepsiyası ilə birləşdirir. Daxili batareya bloku ilə 150 km, generator dəstəyi ilə isə 650 km məsafə qət edə bilən E-ZPT, 0-dan 50 km/saat sürətə cəmi 8 saniyəyə çatır. Sürətli enerji doldurma sistemi sayəsində batareyanın doluluq səviyyəsi 20 faizdən 80 faizə 1,5 saat ərzində yüksəldilə bilir.
Yüksək təhlükəsizliyə malik batareya quruluşu ilə müasir müdafiə tələblərinə cavab verən E-ZPT aşağı istismar və texniki xidmət xərcləri ilə seçilir. Eyni zamanda, o, müxtəlif növ faydalı yüklərlə tam uyğun işləyə bilir. Maşın sürücü, komandir, tuşlayıcı-operator və 4 nəfər desant olmaqla ümumilikdə 7 nəfər daşımaq imkanına malikdir.
100 faiz elektrik ötürücü sistemi sayəsində akustik və istilik izi daha aşağı olan zirehli maşının tam yüklü vəziyyətdə kütləsi təxminən 15 ton, faydalı yükdaşıma qabiliyyəti isə 2,5 ton təşkil edir. Ən müasir texnologiyalarla təchiz olunan E-ZPT-yə 12,7 mm-lik uzaqdan idarəolunan silah sistemi də quraşdırılıb.




