Elşən Verdiyev: Axtarışda olan 26 865 nəfər saxlanılaraq aidiyyəti üzrə dövlət orqanlarına təhvil verilib
Dövlət sərhədindən hərəkət edən şəxslərin və nəqliyyat vasitələrinin sürətli və elektron qaydada rəsmiləşdirilməsini təmin etmək məqsədilə bütün dövlət sərhədindən buraxılış məntəqələrində “Giriş-çıxış və qeydiyyat idarələrarası avtomatlaşdırılmış məlumat axtarış sistemi”nin (İAMAS) stasionar və səyyar iş yerləri quraşdırılıb.
“Poliqon” xəbər verir ki, bu barədə Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti Komandanlığının rəisi general-leytenant Elşən Verdiyev bildirib.
Onun sözlərinə görə, hazırda sistemə qoşulan aidiyyəti dövlət qurumlarının səlahiyyətləri çərçivəsində məlumatların elektron qaydada sistemə ötürülməsi və elektron sorğu əsasında sistemdən alınması təmin edilir: “Əsas fəaliyyət sahələrimizdən biri də dövlət sərhədindən buraxılış məntəqələrindən keçən nəqliyyat vasitələrində radioaktiv maddələrin aşkar edilməsi məqsədilə bütün dövlət sərhədindən buraxılış məntəqələrində stasionar və səyyar radiasiya aşkarlanma avadanlıqları quraşdırılmışdır”.
Sərhəd Nəzarəti Komandanlığı fəaliyyətə başladığı 2017-ci ildən hal-hazıradək:
- Axtarışda olan 26 865 nəfər saxlanılaraq aidiyyəti dövlət orqanlarına təhvil verilmiş, ümumilikdə 86 123 əməliyyat tapşırığı yerinə yetirilmişdir;
- 2296 halda saxta və 178 halda özgəsinə məxsus sənədlərlə keçməyə və 19 halda gizli şəkildə dövlət sərhədini pozmağa cəhd edərkən saxlanılmışdır;
- Dövlət sərhədindən keçməyə hüquq verən sənədləri olmayan 58 503 nəfər barəsində müvafiq qərarlar qəbul edilmişdir;
- Müxtəlif səbəblərdən arzuolunmaz şəxs qismində 2106 əcnəbi ölkə ərazisinə buraxılmamışdır.
“Eyni zamanda qarşılıqlı əlaqədə olaraq qaçaqmal və narkotik vasitələrin qeyri-qanuni dövriyyəsi ilə mübarizə çərçivəsində həyata keçirilmiş tədbirlər nəticəsində 3599 halda aşkar edilərək götürülmüş qaçaqmalın ümumi təxmini dəyəri 442 milyon 227 min 857 manat təşkil etmiş, narkotik vasitələrin qeyri-qanuni dövriyyəsinə qarşı mübarizə çərçivəsində 1028 halda ümumi çəkisi 7 ton 422 kq 400 qram narkotik vasitə və 86 min 246 ədəd psixotrop həb aşkar edilərək qeyri-qanuni dövriyyədən çıxarılmışdır”, – deyə general-leytenant E.Verdiyev qeyd edib.