Əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi: Daxili Qoşunların arsenalına müasir silahlar və hərbi texnikalar qəbul edilir – MÜSAHİBƏ

Əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi: Daxili Qoşunların arsenalına müasir silahlar və hərbi texnikalar qəbul edilir – MÜSAHİBƏ

Azərbaycan istehsalı olan silahlar Daxili Qoşunlar tərəfindən döyüş tapşırıqlarının yerinə yetirilməsində səmərəli istifadə olunur

Vətən müharibəsində “Cobra” zirehli transportyorları öz üstünlükləri ilə fərqləndi

Daxili Qoşunların Təlim Mərkəzində müasir hədəflər və idarəetmə sistemləri mövcuddur

Аzərbаycаn Rеspublikаsı Daxili İşlər Nazirliyinin Daxili Qoşunları müstəqillik illərində davamlı olaraq döyüş hazırlığının artırılması, hərbi intizamın yüksəldilməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi üzrə nəzərəçarpacaq irəliləyişlər əldə edib. Mərhələlərlə və ardıcıl həyata keçirilən hərtərəfli quruculuq işləri nəticəsində Daxili Qoşunlar qarşıya qoyulmuş tapşırıqları yerinə yetirməyə qadir olan, qanunla müəyyən edilmiş hərbi birləşmə kimi dövlətimizin etibarlı dayaqlarından birinə çevrilib.

Bu gün Daxili Qoşunlara göstərilən dövlət qayğısı özünü istər peşəkar kadr hazırlığının və döyüş qabiliyyətinin yüksəldilməsində, istər maddi-texniki bazanın möhkəmləndirilməsində, istərsə də yeni hərbi hissələrin açılışında daha qabarıq şəkildə göstərir. Daxili Qoşunların Baş İdarəsinin Qərargahında əməliyyat və döyüş hazırlığı idarəsinin rəisi polkovnik Zəfər Əliyev POLİQON jurnalına müsahibəsində Daxili Qoşunların qarşıya qoyulmuş xidməti-döyüş tapşırıqları, maddi-texniki bazası, o cümlədən hərbi hissələrin müasir silah, texnika, xüsusi vasitələrlə təchiz edilməsi və digər məsələlər ilə bağlı daha ətraflı məlumat verib.

POLİQON: Cənab polkovnik, əvvəlcə DİN Daxili Qoşunlarının strukturu və fəaliyyət istiqamətləri haqqında oxucularımıza qısa məlumat verməyinizi xahiş edirik.

MRS4562 — копияZəfər Əliyev: Öncəliklə demək istərdim ki, Azərbaycan Xalq Cümhuriyyəti dövründə könüllü əsgərlər dəstəsi kimi fəaliyyət göstərən hərbi qurum ölkədə asayişin, əmin-amanlığın qorunması, qanunazidd hərəkətlərin qarşısının alınması kimi vəzifələri yerinə yetirmişdir. 1919-cu il mаrtın 27-dən Dахili İşlər Nаzirliyinin tərkibində yaradılan, Bаkı şəhərində sаbitlik və nizаm-intizаmın qоrunub sахlаnmаsı ilə fəаliyyətə bаşlаyаn “Yаrdım аlаyı” еlə Dахili Qоşunlаrın vəzifələrini icrа еdirdi. Alayın ilk komandanı polkovnik Yusif Ziya Talıbzadə olmuşdur.

Sovet İttifaqının mövcudluğunun son mərhələsində, 1991-ci ilin dekabr ayında SSRİ Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Bakı, Sumqayıt və Gəncə şəhərlərində yerləşən üç hərbi hissəsi Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin tabeliyinə verilmişdir. Həmin vaxtdan Azərbaycan Respublikasının DİN Daxili Qoşunlarının formalaşmasına başlanılmışdır.

Birinci Qarabağ müharibəsi dövründə ilk dəfə 1992-ci il mаrtın 12-də Dахili Qоşunlаrın Bаş İdаrəsinin, Bаkı və Sumqаyıt şəhərlərində yеrləşən hərbi hissələrinin şəхsi hеyətindən ibаrət birləşmiş hərbi dəstə Аğdаm rаyоnunun Qаlаyçılаr və Pаprаvənd kəndlərinin müdаfiəsində dayanaraq döyüş tapşırıqlarının yerinə yetirilməsinə başlamışdır.

Аzərbаycаn Rеspublikаsı Prеzidеntinin 9 mаrt 1995-ci il tаriхli Fərmаnı ilə Daxili Qоşunlаrın Аzərbаycаnın ərаzi bütövlüyü uğrundа Еrmənistаnın hərbi təcаvüzünə qаrşı döyüşə bаşlаdığı gün – 12 mart Dахili Qоşunlаrın Günü еlаn еdilmişdir.

Müstəqilliyimizin ilk illərindən etibarən Daxili Qoşunların hərbi hissələrinin qarşısına qoyulmuş mühüm tapşırıqlar ərazi polis orqanlarının və digər nizami hissələrin şəxsi heyəti ilə birgə icra olunmuş, respublikamızın paytaxtı və bölgələrində ictimai asayişin və təhlükəsizliyin qorunması, silahlı cinayətkar dəstələrin zərərsizləşdirilməsi, mühüm dövlət obyektlərinin, cəzaçəkmə müəssisələrinin, istintaq təcridxanalarının mühafizəsi, məhkum olunmuş şəxslərin daşınması və digər spesifik xarakterli vəzifələr yerinə yetirilmiş, bunlarla yanaşı, şəxsi heyət respublikamızın ərazi bütövlüyü uğrunda döyüşlərdə iştirak etmişdir.

Daxili Qoşunların formalaşdığı həmin gərgin mərhələdə maddi-texniki baza və digər resurslar məhdud həcmdə idi. Peşəkar zabit kadrları azlıq təşkil edirdi. Bölgələrdə yeni yaradılan hərbi hissələr mülki obyektlərdə yerləşdirilmişdi. Ön cəbhədə düşmənlə, arxa cəbhədə isə müxtəlif cinayətkar ünsürlərlə mübarizə şəraitində xidmət aparan şəxsi heyət dövlətçilik əqidəsinə sadiq qalmışdır.

Ümummilli Lider Heydər Əliyev daxili işlər orqanlarının, o cümlədən Daxili Qoşunların xidməti fəaliyyətini həmişə xüsusi diqqət mərkəzində saxlamışdır. Məhz Ulu Öndərin ölkəmizə rəhbərlik etdiyi dövrdə Daxili Qoşunların fəaliyyətinin hüquqi bazası yaradılmış, eləcə də inkişaf istiqamətləri müəyyən edilmiş, yüksək səviyyədə döyüş hazırlığına, maddi-texniki təchizatının müasir standartlara uyğun təşkilinə nail olunmuşdur.

1994-cü il fevralın 8-də qəbul edilmiş “Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının statusu haqqında” Azərbaycan Respublikasının Qanunu bu Qoşun növünün əsas funksiyalarını, vəzifələrini, fəaliyyətinin prinsiplərini müəyyən etmiş, hərbi qulluqçuların hüquqi vəziyyətini nizama salmışdır. 

POLİQON: Dövlət başçısı ordu quruculuğuna, o cümlədən Daxili Qoşunların fəaliyyətinin təkmilləşdirilməsinə, hərbi qulluqçuların xidmət və məişət şəraitinin daha da yaxşılaşdırılmasına daim xüsusi diqqət göstərir. Bu istiqamətdə görülən işlər barəsində nələri deyə bilərsiniz?

DQZəfər Əliyev: Azərbaycan Respublikasının Prezidenti Silahlı Qüvvələrin Ali Baş Komandanı cənab İlham Əliyevin rəhbərliyi ilə respublikamızda digər sahələrlə yanaşı, Daxili Qoşunların maddi-texniki bazasının gücləndirilməsi istiqamətində də ardıcıl məqsədyönlü tədbirlər həyata keçirilir. Daxili Qoşunlarda aparılan sürətli abadlıq və quruculuq işləri buna bariz nümunədir.

Daxili Qoşunların xidməti-döyüş fəaliyyətini uğurla yerinə yetirməsi üçün ölkə başçısı tərəfindən hərtərəfli şərait yaradılmış, hərbi qulluqçularımıza olan diqqət və qayğı nəticəsində qoşunlarımızın maddi-texniki təminatı, o cümlədən sosial məsələlərin həlli istiqamətində böyük işlər görülmüşdür. Belə ki, 2008-2022-ci illər ərzində Bakı, Sumqayıt, Naxçıvan, Gəncə, Lənkəran, Hacıqabul, Şirvan, Bərdə, Zaqatala, Qəbələ, Quba, Ağcabədi, Ağstafa şəhər və rayonlarında yeni hərbi şəhərciklər, o cümlədən şəxsi heyətin xidmət və məişət şəraitinin yaxşılaşdırılması məqsədilə əsgər kazarmaları, yeməkxanalar, anbar binaları, qarovul və tibb məntəqələri inşa edilmiş, zabit, gizir və MAXE hərbi qulluqçuların sosial rifahının yaxşılaşdırılması üçün ümumilikdə 15 yaşayış binası, subay hərbi qulluqçular üçün isə 21 yataqxana inşa olunmuş və şəxsi heyətin istifadəsinə verilmişdir.

Onu da qeyd edim ki, işğaldan azad olunmuş ərazilərdə xidməti-döyüş tapşırıqlarının yerinə yetirilməsinə cəlb olunmuş şəxsi heyət üçün hərtərəfli müasir xidmət və məişət şəraiti yaradılmışdır. 

POLİQON: Daxili Qoşunların şəxsi heyəti ictimai təhlükəsizliyin təmin olunması, mühüm obyektlərin mühafizəsi, xüsusən işğaldan azad edilmiş ərazilər üzrə müəyyən edilmiş tapşırıqları həyata keçirir. Bu tapşırıqların icrası hansı imkanlar vasitəsilə və necə təşkil olunur?

DQ OtokarZəfər Əliyev: 44 günlük Vətən müharibəsi nəticəsində işğaldan azad edilən ərazilərimizdə geniş abadlıq və quruculuq işləri həyata keçirilir, düşmən tərəfindən dağıdılmış, xarabalığa çevrilmiş şəhər, qəsəbə, kəndlərimiz bərpa olunur. Bu ərazilərdə təhlükəsizlik tədbirləri görülmədən dinc həyatın bərqərar olmasını, vətəndaşlarımızın məskunlaşmasını təsəvvür etmək mümkün deyil.

Bu gün Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyəti polis əməkdaşları ilə birgə Ağdam, Füzuli, Cəbrayıl, Zəngilan, Qubadlı, Kəlbəcər, Laçın, Xocavənd, Xocalı, Tərtər rayonlarının, eləcə də Şuşa şəhərinin ərazilərində ictimai qaydanın və ictimai təhlükəsizliyin qorunması, həyat təminatlı mühüm əhəmiyyətli obyektlərin mühafizəsi, terror, təxribat, digər qanunazidd fəaliyyətin qarşısının alınması, giriş-çıxışın xüsusi rejiminin tətbiqi üzrə xidməti tapşırıqları yerinə yetirir. Gündəlik olaraq qeyd olunan istiqamətlərdə stasionar postlar və piyada marşrutlarda hərbi qulluqçularımız polislə birgə komendant xidməti aparırlar. Fəxrlə bildirmək istəyirəm ki, Daxili Qoşunların hərbi qulluqçularına qədim mədəniyyət ocağımız, Qarabağın tacı adlandırılan, mühüm hərbi-coğrafi mövqedə yerləşən Şuşa şəhərinin müdafiəsində dayanmaq da həvalə olunmuşdur.

Mühüm əhəmiyyətli dövlət tədbirlərinin keçirilməsi ilə əlaqədar işğaldan azad olunmuş ərazilərdən keçən avtomobil magistral yollarının, körpü və keçidlərin müayinəsi əməliyyatlarına, həmçinin döyüş əməliyyatları zamanı ətrafa yayılmış sursat və mərmi qalıqlarının toplanılması, eynilə yeni tikilən obyektlərin və təməlqoyma yerlərinin müayinəsinin aparılmasını təmin edərək istehkamçı bölmələrin hərbi qulluqçuları qarşıya qoyulmuş tapşırıqları müvəffəqiyyətlə yerinə yetirirlər.

Şəxsi heyətin işğaldan azad edilmiş ərazilərdə xidməti-döyüş fəaliyyəti çoxşaxəli olmaqla, hərbi qulluqçulardan yüksək peşəkarlıq, ayıq-sayıqlıq, qətiyyət və əzmkarlıq tələb edir. Hərbi qulluqçularımız qarşıya qoyulan tapşırıqları məsuliyyətlə yerinə yetirir, göstərilən etimadı ləyaqətlə doğruldurlar. 

POLİQON: Cənab polkovnik, bir qədər də qoşunların xidməti-döyüş fəaliyyəti və qarşıda duran vəzifələr haqqında danışaq. Daxili Qoşunların döyüş hazırlığının yüksəldilməsi sahəsində son illər hansı fəaliyyətlər həyata keçirilib və cari ildə gözləntiləriniz nələrdir?

Daxili Qosunlar 32 4Zəfər Əliyev: Daxili İşlər Nazirliyinin Daxili Qoşunları ötən 31 ildə öz statusu ilə müəyyən edilmiş vəzifələrdən irəli gələrək, paytaxt Bakıda və bölgələrimizdə müxtəlif təyinatlı xüsusi əməliyyatlarda iştirak etmiş və digər fəaliyyətlərə cəlb olunmuşdur. Hərbi qulluqçularımız qarşıya qoyulmuş xüsusi tapşırıqların yerinə yetirilməsi zamanı dövlətçiliyə sədaqət, qətiyyət və sayıqlıq nümunələri göstərmişlər.

Yaşayış məntəqələrində ictimai qayda əleyhinə yönəlmiş hərəkətlərin qarşısının alınması, ayrı-ayrı ərazilərdə silahlı cinayətkarların axtarılması və zərərsizləşdirilməsi, cəzaçəkmə müəssisələrində kütləvi iğtişaşlar nəticəsində pozulmuş daxili rejim qaydalarının bərpa olunması, irihəcmli qəzaların və təbii fəlakətlərin nəticələrinin aradan qaldırılması zamanı ictimai asayişin mühafizəsi, vətəndaşların xilas edilməsi, dövlət və əhaliyə məxsus əmlakın qəza və təbii fəlakət zonalarından təxliyyəsi üzrə xüsusi tapşırıqların uğurla yerinə yetirilməsi məhz şəxsi heyətin peşəkarlığı və yüksək mənəvi-psixoloji hazırlığının göstəricisidir.

Bir çox xüsusi əməliyyatda Daxili Qoşunların hərbi hissələri ərazi polis orqanları ilə birgə və ya koordinasiya olunmuş şəkildə iştirak etmişlər. Vəzifələrin yerinə yetirilməsi zamanı şəxsi heyətin silah, texnika, xüsusi vasitələrdən qanunvericiliyin tələblərinə uyğun və effektiv şəkildə istifadə etməsi təmin olunur.

Daxili Qoşunlar ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin olunmasında zəngin xidmət təcrübəsi toplamışdır. Bu amil xüsusi əməliyyatların planlaşdırılması, xüsusiyyətləri və keçirilməsi taktikasında da öz əksini tapmışdır.

6nn — копия Şəxsi heyət polis əməkdaşları ilə birgə Azərbaycan Respublikası ərazisində keçirilmiş “Eurovision-2012” mahnı müsabiqəsi, I Avropa Oyunları, Qəbələ rayonunda atıcılıq üzrə Dünya kubokunun təsnifat mərhələsi və Beynəlxalq Qran Pri yarışları, Bakı şəhərində “17 yaşadək futbolçular arasında futbol üzrə Avropa çempionatı”,  “Formula-1 Azərbaycan Qran Pri” yarışları, IV İslam Həmrəyliyi Oyunları, Bakı Olimpiya stadionunda futbol üzrə UEFA Avropa Liqasının final oyunu və futbol üzrə Avropa çempionatının oyunları, Avropa Gənclər Olimpiya Festivalı və digər beynəlxalq tədbirlər zamanı ictimai təhlükəsizliyin təmin edilməsində, ictimai-siyasi sabitliyin pozulmasının qarşısının alınması və dini ekstremizmlə mübarizədə, habelə baş vermiş partlayışların və texnogen qəzaların nəticələrinin aradan qaldırılmasında, partlayıcı maddələrə qarşı müayinələrin aparılmasında və aşkar edilmiş sursatların zərərsizləşdirilməsində fəal iştirak etmişdir.

5nn — копия

Koronavirus infeksiyası ilə əlaqədar xüsusi karantin rejimi dövründə hərbi qulluqçular şəhər və rayonlarda polis əməkdaşları ilə birgə post-patrul xidmətinin aparılmasında, xüsusi rejimli müalicə və karantin obyektlərinin mühafizəsində və giriş-çıxışın məhdudlaşdırılması üzrə xidmətin aparılmasında iştirak etmişdir.

Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə elan olunmuş hərbi vəziyyət dövründə komendant saatının tətbiqi zamanı müəyyən edilmiş tapşırıqların icrası ilə əlaqədar  polis orqanları ilə birlikdə gündəlik olaraq Bakı, Sumqayıt, Abşeron və digər 19 şəhər və rayonda yaradılmış komendant postlarında müəyyən edilmiş vəzifələr yerinə yetirilmişdir. Hərbi vəziyyət rejiminin təmin olunması məqsədilə əlavə olaraq işğaldan azad olunmuş ərazilərdə-Qubadlı, Kəlbəcər, Xocavənd, Cəbrayıl, Zəngilan, Füzuli, Ağdam rayonları və Şuşa şəhəri üzrə yaradılmış stasionar postlarda həvalə olunmuş xidməti-döyüş tapşırıqlarının icrası layiqincə yerinə yetirilmişdir.

Daxili Qoşunların şəxsi heyətinin xalqımızın əmin-amanlığı keşiyində mübariz xidməti dövlət rəhbərliyi tərəfindən yüksək qiymətləndirilir və ölkə ictimaiyyətinin dərin rəğbətini qazanır. 

POLİQON: Daxili Qoşunların polis orqanları ilə birgə fəaliyyətinin və koordinasiyasının təkmilləşdirilməsi məqsədilə birgə xüsusi-taktiki təlimlər təşkil edilir. Əvvəlki illərdə olduğu kimi birgə təlimlərin keçirilməsi nəzərdə tutulurmu?

10 — копияZəfər Əliyev: Daxili Qoşunlarda bu istiqamətdə ən başlıca vəzifələr hissə və bölmələrin yüksək döyüş hazırlığının təmin edilməsindən ibarətdir. Təlim prosesində əsas diqqət hərbi qulluqçularda peşəkarlıq vərdişlərinin təkmilləşdirilməsinə, habelə şəxsi heyətin komandir, ixtisas və fiziki hazırlıq səviyyəsinin yüksəldilməsinə yönəldilir. Tədris ili ərzində təlim prosesinin əsaslarından olan nəzəri biliklərin tədrisi Daxili Qoşunların xüsusiyyətləri və döyüş təyinatı nəzərə alınmaqla, toplanışlarda, komandir hazırlığı məşğələlərində təşkil olunur.

Azərbaycan Daxili İşlər Nazirliyinin müvafiq əmri ilə ictimai təhlükəsizliyin təmini məqsədilə kütləvi iğtişaşların, törədilə biləcək cinayətlərin və digər hüquq pozuntularının qarşısının alınması üzrə Daxili Qoşunların hərbi hissələrinin və polis orqanlarının birgə fəaliyyətlərinin təkmilləşdirilməsi, xüsusi əməliyyatların hərtərəfli təminatının təşkili, müxtəlif şəraitlərdə bölmələrin fasiləsiz idarə olunması və koordinasiyası təcrübəsinin artırılması məqsədilə “Silahlı cinayətkar qrupun zərərsizləşdirilməsi üzrə xüsusi təyinatlı dəstənin fəaliyyəti” və “Yaşayış məntəqəsində ictimai asayişin qrup halında pozulması hallarının, cinayətlərin və digər hüquq pozuntularının qarşısının alınmasında şəxsi heyətin fəaliyyəti” mövzularında birgə xüsusi-taktiki təlim məşqləri təşkil olunaraq keçirilmiş və hal-hazırda bu təlimlərin keçirilməsi plana uyğun olaraq davam etdirilməkdədir.

Bundan əlavə, şəxsi heyətin qarşılıqlı əlaqədə olan orqanlarla birgə fəaliyyətinin uzlaşması, koordinasiyalı hərəkətinin təmin edilməsi üçün müvafiq vəzifəli şəxslərin iştirakı ilə qərargah və komanda-qərargah təlimləri keçirilməkdədir. Həmçinin işğaldan azad olunmuş ərazilərdə xidmətin təşkili və aparılması, qarşılıqlı əlaqədə olan orqanlarla şəxsi heyətin birgə fəaliyyətinin təkmilləşdirilməsi istiqamətində də praktiki təlimlər keçirilir və cari ildə də davam etdirilməkdədir. 

POLİQON: Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin fəaliyyət istiqamətləri və bu gün xüsusi təyinatlı təhsil müəssisələri arasındakı yeri barədə məlumat verməyinizi istərdik.

1 — копияZəfər Əliyev: Azərbaycan Respublikası Prezidentinin 2011-ci il 25 fevral tarixli Sərəncamına əsasən yaradılmış Daxili İşlər Nazirliyi Daxili Qoşunlarının Ali Hərbi Məktəbi ali və əlavə təhsil proqramlarını həyata keçirən, tətbiqi elmi tədqiqatlar aparan xüsusi təyinatlı dövlət ali hərbi təhsil müəssisəsidir. Azərbaycan Prezidentinin 2012-ci il 9 iyul tarixli Fərmanı ilə Ali Hərbi Məktəbin Nizamnaməsi təsdiq edilmişdir.

Ali Hərbi Məktəbdə tədris prosesi Azərbaycan Respublikasının Nazirlər Kabinetinin qərar və sərəncamlarının, daxili işlər nazirinin və daxili işlər nazirinin müavini – daxili qoşunların komandanının əmr və direktivlərinin tələblərinə uyğun olaraq təşkil olunur. Ali Hərbi Məktəbdə tədris Avropada tətbiq olunan Avropa Kredit Transferi Sisteminin tələblərinə uyğun keçirilir.

Bu gün özünəməxsus xüsusiyyətləri nəzərə alınmaqla fəaliyyəti təşkil olunmuş Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının Ali Hərbi Məktəbinin digər qurumların xüsusi təyinatlı təhsil müəssisələri arasında xüsusi əhəmiyyətli yeri vardır. Ali Hərbi Məktəbdə “İctimai təhlükəsizlik və idarəetmə” ixtisası üzrə kadrlar hazırlanır.

Məktəbdə təhsil əyani təhsilalma formasında, ali təhsil pilləsinin bakalavriat səviyyəsində həyata keçirilir. Məktəbdə təhsil müddəti 4 ildir. Ali Hərbi Məktəbi bitirən məzunlara “bakalavr” ali peşə-ixtisas dərəcəsi, qanunvericiliklə nəzərdə tutulmuş diplom və daxili işlər nazirinin əmri ilə “leytenant” hərbi rütbəsi verilir.

Məktəbdə tədris prosesinin təşkilində əsas məram kursantlara öyrənmək üçün maksimum geniş imkanların yaradılmasıdır. Bu cür tədris gerçək mühitin bütün müxtəlifliklərinə baxmayaraq, ona optimal şəkildə uyğunlaşmağa imkan verir. Məktəbdə təlim-tədrisin planlaşdırılması zamanı kursantların Daxili Qoşunların ehtiyaclarına və dövrün tələblərinə uyğun təhsilin verilməsi və qazandıqları bilikləri nə vaxt, harada, necə tətbiq edəcəkləri praktiki olaraq göstərilir, təlim-tədrisdə kursantların savadlı və bacarıqlı bir hərbi qulluqçu kimi hazırlanmasına fikir verilir, sistemli şəkildə fərdi və qrup halında çalışmalar təşkil edilib keçirilir.

Məktəbin kursantları gələcək ixtisasına uyğun vəzifələrdə xidmət təcrübəsinin əldə olunması məqsədilə qoşun təcrübəsinə cəlb olunurlar. Qoşun təcrübəsi Ali Hərbi Məktəbin tədris planına əsasən Daxili Qoşunların hərbi hissələrində keçirilir. Qoşun təcrübəsi kursantların Ali Hərbi Məktəbdə aldıqları nəzəri biliklərin möhkəmləndirilməsində və öz ixtisaslarına uyğun praktiki vərdişlərin qazanılmasında əsas tədris fəaliyyətidir. 

POLİQON: Daxili Qoşunların xüsusi təyinatlı bölmələri üçün Türkiyənin Jandarm Baş Komandanlığının müvafiq təlim-tədris mərkəzlərində yeni kurslar təşkil edilir. Habelə hazırda qardaş ölkənin təcrübəli zabitlərindən ibarət pedaqoji heyət yüksək ixtisaslı zabit kadrlarının hazırlanmasında fəal iştirak edir. Bu istiqamətdə görülən işləri və əldə olunan nəticələri necə dəyərləndirirsiniz?

7 — копияZəfər Əliyev: Daxili Qoşunların beynəlxalq hərbi əməkdaşlıq əlaqələrinin təməlini Ümummilli Lider Heydər Əliyev qoymuşdur. Ulu Öndərin təşəbbüsü ilə 1996-cı il iyun ayının 10-da “Azərbaycan Respublikası Hökuməti və Türkiyə Respublikası Hökuməti arasında hərbi təlim, texniki və elmi sahədə əməkdaşlıq haqqında saziş” imzalandı. Bu sazişə uyğun olaraq, Daxili Qoşunların 6 nəfər hərbi qulluqçusu Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığının hərbi təhsil məktəbində təhsil almağa göndərildi. Onlar Daxili Qoşunları qardaş Türkiyə Respublikasında təmsil edən ilk hərbi qulluqçular oldular.

1997-ci ildən etibarən ötən dövr ərzində Daxili Qoşunlar tərəfindən beynəlxalq təcrübənin öyrənilməsi məqsədilə ikitərəfli münasibətlər çərçivəsində Türkiyə, Belarus, Rusiya, Çin, Qazaxıstan, Özbəkistan, ABŞ, Fransa, İtaliya və Ukraynanın müvafiq qurumları ilə əməkdaşlıq əlaqələri qurulmuşdur.

Türkiyə Respublikası Daxili İşlər Nazirliyinin Jandarm Baş Komandanlığı tərəfindən Daxili Qoşunların inkişafı, maddi-texniki bazasının gücləndirilməsi yönündə müxtəlif sahələr üzrə göstərilmiş yardım qardaş ölkənin xoş məramının nümunəsi kimi həmişə minnətdarlıqla xatırlanacaq.

Daxili Qoşunların Ali Hərbi Məktəbində tədrisin təşkilinə Jandarm Təşkilatının zabitləri praktiki köməklik göstərmişlər.

Türkiyə Jandarm Baş Komandanlığının zabitlərinin bilik və bacarıqlarından faydalanaraq NATO standartlarına uyğun bölük və tabor tərkibində taktiki təlimlər planlaşdırılmış və keçirilmişdir.

Qarşılıqlı hərbi əməkdaşlığı daha da genişləndirmək məqsədilə Daxili Qoşunların Komandanlığı ilə Türkiyə Jandarm Baş Komandanlığının və Silahlı Qüvvələrinin yüksək rütbəli hərbi qulluqçuları arasında bir sıra rəsmi görüşlər keçirilmişdir. Görüşlər zamanı qurumlar arasında əməkdaşlıq münasibətlərinin daha da təkmilləşdirilməsi istiqamətində mühüm qərarlar qəbul edilmişdir.

Qoşunlarda xidmət keçmək üçün zabit, gizir və müddətdən artıq xidmət edən hərbi qulluqçuların hazırlanması və təkmilləşdirilməsi Daxili Qoşunların Ali Hərbi Məktəbi ilə yanaşı, Türkiyə Respublikasının Milli Müdafiə və Səhiyyə Elmləri Universitetlərində, Türkiyə Respublikasının Quru Qoşunlarının Ali Hərbi Məktəbində və Jandarm Baş Komandanlığının təlim-tədris mərkəzlərində həyata keçirilir. Hal-hazırda Türkiyə Respublikası Silahlı Qüvvələrinin müxtəlif tədris müəssisələrində və kurslarda hərbi qulluqçularımız təhsil alırlar. 

POLİQON: Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi və kadr təminatı barədə fikirlərinizi bilmək istərdik. Hərbi təhsil sisteminin inkişaf etdirilməsi və dünya standartlarına uyğunlaşdırılması istiqamətində hansı addımlar atılır?

9 — копияZəfər Əliyev: Təhsil müəssisələrinin maddi-texniki bazasının gücləndirilməsi məqsədilə dərs vəsaitlərinə və maddi tədris bazasına olan ehtiyacın siyahısı tərtib edilir və onların planlı şəkildə təmin edilməsi ilə həyata keçirilir. Qeyd etmək istərdim ki, bu zaman real döyüş şəraitinə uyğun təlimlərin keçirilməsi üçün döyüş və atış simulyasiya avadanlıqlarının, müasir döyüşdə geniş tətbiq edilən elektronik hərb texnologiyalarının öyrənilməsi və tətbiqi üzrə avadanlıqların maddi tədris bazasına daxil edilməsinə, tədris siniflərinin kompüterlərlə təmin olunmasına üstünlük verilir.

Kadr təminatı barədə demək istərdim ki, tədris işində hərbi-nəzəri və hərbi-praktiki biliklərə yiyələnmiş, intellektual təfəkkürə malik, taktiki səviyyədə komanda və digər vəzifələrdə xidmət etmiş, müxtəlif kurslarda təcrübə keçmiş, müasir texnologiyalar üzrə hərbi bilikləri olan, ali hərbi təhsilli zabit heyəti kadrların hazırlanmasına cəlb edilir.

Bunlarla yanaşı, qoşunların müddətli həqiqi hərbi xidmət mütəxəssislərinə və hərbi qulluqçularına olan tələbatının təmin olunması məqsədilə, müvafiq təlim-tədris proqramlarının tələblərinə əsasən Şirvan şəhərində yerləşən hərbi hissədə kiçik komandir, mütəxəssis və sürücülərin hazırlanması, Bakı şəhərinin Nərimanov rayonunda yerləşən hərbi hissədə isə müddətli həqiqi hərbi xidmətə çağırılmış çağırışçıların qəbulu və hazırlanması prosesi həyata keçirilir.

Hərbi təhsil sisteminin inkişaf etdirilməsi və dünya standartlarına uyğunlaşdırılması məqsədilə, Türkiyə Respublikası Jandarm Təşkilatı başda olmaqla, dünyanın müxtəlif ölkələrinin hərbi qurumlarının təhsil müəssisələrilə əməkdaşlıq edilir. 

POLİQON: Hərbi təlim-tədris prosesinin vacib elementlərindən biri də poliqonlardır. Daxili Qoşunların poliqonlarının müasirləşdirilməsi, yeni təlim texnologiyası ilə təchiz edilməsi kimi planlarınızla bağlı fikirlərinizi və yanaşmanızı bilmək istərdik.

4 — копияZəfər Əliyev: Bakı şəhərində yerləşən Daxili Qoşunların Təlim Mərkəzində müasir hədəflər və idarəetmə sistemləri mövcuddur. Təlim Mərkəzinin ərazisində müxtəlif çaplı silahlardan atışların keçirilməsi üçün atış meydanları, təlim şəhərcikləri, xüsusi silah və qurğulardan praktiki atışların keçirilməsi üçün atış meydanı və digər təlimlərin keçirilməsi üçün xüsusi təlim sahələri yaradılıb.

Eyni zamanda Daxili Qoşunların Təlim Mərkəzində səhra təlimlərinə cəlb olunan şəxsi heyətin qalması üçün 300 nəfərlik kazarma-yaşayış fondu və digər zəruri şərait yaradılmışdır.

Xızı rayonu ərazisində yerləşən Təlim Mərkəzi hazırkı dövrdə əsas etibarilə xüsusi təyinatlı bölmələrin hazırlığının təmin edilməsi üçün istifadə olunur. Bu Təlim Mərkəzinin dağlıq və meşəlik ərazidə olması xüsusi təyinatlı bölmələrin hazırlanmasında xüsusi əhəmiyyətə malikdir. Bununla yanaşı, Təlim Mərkəzində müasir hədəfqaldırıcılarla təmin olunmuş xüsusi atış zolaqları, atıcılıq tiri, maneələr zolağı, təlim yaşayış məntəqələri və digər təlim obyektləri mövcuddur.

Xızı rayonunda yerləşən Təlim Mərkəzində eyni zamanda 100 nəfərədək şəxsi heyəti yerləşdirimək üçün kazarma-yaşayış fondu və digər zəruri şərait yaradılmışdır.

Bundan əlavə, Daxili Qoşunların Hacıqabul rayonunda yerləşən hərbi hissəsinin balansında olan təlim-sınaq məntəqəsində də atıcılıq tiri və atış meydanı, sürücülərin hazırlanması üçün xüsusi təlim zolağı və digər təlimlərin keçirilməsi üçün xüsusi təlim sahələri mövcuddur və şəxsi heyətin istifadəsindədir. Qeyd etdiyim təlim-sınaq məntəqəsinin ərazisi eyni zamanda bir neçə hərbi hissənin birgə təlimlərinin keçirilməsi üçün kifayət qədər imkana malikdir.

Bölgələrdə yerləşən hərbi hissələr şəxsi heyətlə atıcılıq təlimlərinin daha da səmərəli keçirilməsi üçün daşına bilən hədəfqaldırıcı kompleksləri ilə təmin olunmuşdur. Hərbi hissələrdə tabel silahlarından praktiki atışların daha da keyfiyyətli keçirilməsi məqsədilə atıcılıq tirləri şəxsi heyətin istifadəsinə verilmişdr.

Qeyd etdiyiniz kimi, hərbi təlim-tədris prosesinin vacib elementlərindən biri də poliqonlardır. Ümumiyyətlə, Daxili Qoşunların maddi-tədris bazası döyüş təliminin yaxşılaşdırılması və inkişafı üçün mühüm yer tutur. Sözsüz ki, poliqonlar, təlim mərkəzləri maddi-tədris bazası elementlərindən biri olaraq hər il planlı şəkildə təkmilləşdirilir. Son illər ərzində Azərbaycan Respublikasının Müdafiə Sənayesi Nazirliyinin strukturları tərəfindən poliqonların, xüsusilə də atış meydanlarının müxtəlif avadanlıqlarla və müasir hədəfqaldırıcılarla təchiz olunur.

POLİQON: Tədrisin təşkilində müasir texnologiyalardan, simulyatorlardan istifadə edilirmi? Bunlarla bağlı nə kimi yenilikləriniz var?

Zəfər Əliyev: Hal-hazırda istifadədə olan əsas silahların təlim trenajorları mövcuddur. Daxili Qoşunların hərbi hissələrində şəxsi heyətin atıcılıq vərdişlərinin inkişaf etdirilməsi üçün atış tirlərinin bazasında atışsız simulyasiya kompleksləri və trenajorların quraşdırılması üçün müvafiq plana uyğun işlər davam etdirilir.

Qeyd etmək lazımdır ki ümumilikdə Daxili Qoşunlarda şəxsi heyətin səhra və praktiki vərdişlərinin artırılması üçün müvafiq təlim obyektləri və tədris bazasının inkişaf etdirilməsi istiqamətində işlər planlı şəkildə icra olunmaqdadır.

POLİQON: Son illər Daxili Qoşunlarda həyata keçirilən islahatlar, silahlanma və qoşunların hərbi texnika parkının yenilənməsi istiqamətində görülən işlər barədə nələri deyə bilərsiniz?

DQ Prezident — копияZəfər Əliyev: Son illər Silahli Qüvvələrin Ali Baş Komandanı tərəfindən qarşıya qoyulan tapşırıqlara uyğun olaraq, Azərbaycan Respublikasının daxili işlər nazirinin rəhbərliyi altında Daxili Qoşunlarda həyata keçirilən islahatlar nəticəsində döyüş hazırlığının yüksəldilməsi, daşımaların effektivliyinin artırılması məqsədilə qoşunların parklarında hərbi texnikanın yenilənməsi üçün tədbirlər görülmüş, tam ötürücülü “KamAZ” markalı şəxsi heyət daşıyan, “Ford Transit” markalı tibbi yardım, “Toyota Hilux” markalı pikap avtomobilləri, “Cobra II” markalı zirehli döyüş maşınları istismara verilmişdir.

Dünya dövlətləri tərəfindən istifadə olunan müasir silahlanma vasitələri və hərbi texnika tərəfimizdən araşdırılır, qoşunların yerinə yetirdiyi tapşırıqlar nəzərə alınmaqla tədarük edilərək istifadəyə qəbul edilir.

POLİQON: Prezident İlham Əliyevin Daxili Qoşunların Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı zamanı inventara yeni qəbul edilən “Cobra II” zirehli transportyorları ilk dəfə nümayiş etdirildi. Bu texnikanın üstün xüsusiyyətləri və Daxili Qoşunlara qazandırdığı imkanlar barədə nələri söyləyə bilərsiniz?

Cobra Azerbaycan 750x536 1Zəfər Əliyev: Silahli Qüvvələrin Ali Baş Komandanı İlham Əliyevin Daxili Qoşunların Ağcabədi rayonunda yeni inşa olunan hərbi şəhərciyinin açılışında iştirakı zamanı qoşunların balansına qəbul edilmiş “Cobra II” zirehli transportyorları ilk dəfə nümayiş etdirildi. Yeni alınan “Cobra II” markalı  zirehli transportyorlar mövcud “Cobra I” markalı zirehli transportyorların daha da inkişaf etdirilmiş və dizayn edilmiş formasıdır. “Cobra II” zirehli transportyorları, 4×4 təkər formuluna malik, sürücü və komandir daxil olmaqla doqquz döyüşçü üçün nəzərdə tutulmuşdur. O, partlayıcı qurğular və minalardan gələn təhlükələrə qarşı yüksək qorunma xüsusiyyətinə və çoxfunksiyalı müxtəlif təhlükəsizlik qorumalarına malikdir. Ümumiyyətlə, “Cobra” markalı zirehli transportyorlar ballistik qoruma ilə yanaşı, eyni platformanın fərqli dizaynında yüksək qorunma və keçicilik qabiliyyəti ilə öz sinfində seçilir. Oxşar gövdə və infrastruktur üzərində hazırlandığına baxmayaraq fərqli istifadə məqsədləri üçün fərqli maşınlardan ana quruluşunda əzəmətliliyin olması kimi, həmçinin baxım, təmir və ehtiyat hissələri ilə qənaətlə təmin edilməsi, yaxın və uzaq məsafələrdə döyüşün aparılması, silah bazasının seçimi, standart avadanlığa arxa görüntü kamerasının, termal ön kamerasının, çoxnöqtəli təhlükəsizlik kəmərlərinin olması və s. üstünlükləri mövcuddur. Vətən müharibəsi zamanı “Cobra” markalı zirehli transportyorlar döyüş meydanlarında öz üstünlükləri ilə fərqlənmişdir.

POLİQON:  Daxili Qoşunların arsenalında xaricdən alınan silahlarla yanaşı, yerli müəssisələrdə istehsal olunan silah və digər avadanlıqlar yer alır. Daxili Qoşunların tələbatı yerli istehsal olan müdafiə təyinatlı məhsullarla nə dərəcədə qarşılanır?

25cd3258 09e5 3d60 a0b7 51bf882c7c93 2Zəfər Əliyev: Müdafiə Sənayesi Nazirliyinin tabeliyində olan müəssisələr tərəfindən istehsal olunan tapançalar, avtomat silahları, əl pulemyotları,  qumbaraatanlar, minaatanlar, optik cihazlar və döyüş sursatları Daxili Qoşunların şəxsi heyəti tərəfindən mütəmadi olaraq döyüş tapşırıqlarının yerinə yetirilməsində səmərəli istifadə olunur və müsbət qarşılanır.

POLİQON:  44 günlük Vətən müharibəsində Daxili Qoşunlarımız xüsusi şücaət və qəhrəmanlıq göstərib. Mümkünsə, bu barədə bir qədər danışardınız.

Azərbaycan Prezidenti, Müzəffər Ali Baş Komandan İlham Əliyevin vahid komandanlığı altında dəmir yumruq kimi birləşən Silahlı Qüvvələrimiz, o cümlədən Daxili İşlər Nazirliyinin Daxili Qoşunları Vətən müharibəsində şərəfli döyüş yolu keçib. Murovdağdan Şuşayadək döyüşlərdə iştirak edən hərbi qulluqçularımız torpaqlarımızın işğaldan azad olunmasında misilsiz şücaət nümunələri göstəriblər.

Daxili Qosunlar 32 5Xüsusi vurğulamaq istəyirəm ki, Vətən müharibəsində Daxili İşlər Nazirliyinin Daxili Qoşunlarının şəxsi heyətindən 66 nəfər şəhidlik zirvəsinə ucalmış, 346 nəfər isə yaralanmışdır. 4 nəfər hərbi qulluqçumuz “Vətən Müharibəsi Qəhrəmanı” adına layiq görülmüş, xeyli sayda hərbi qulluqçumuz isə dövlətimizin müxtəlif orden və medalları ilə təltif olunmuşdur.

44 günlük Vətən müharibəsində iştirak etmiş hərbi qulluqçularımızın vətənpərvərliyi və döyüşkənliyi ilə qürur duyuruq. Onlar Müzəffər Ali Baş Komandanın və xalqımızın etimadını layiqincə doğrultdular. Hərbi qulluqçularımızın yüksək döyüş ruhu qarşısında tab gətirməyən düşmən biabırçı məğlubiyyətə uğrayaraq geri çəkilmək məcburiyyətində qaldı.

Döyüş meydanlarında iştirak etməklə yanaşı cəbhəboyu zona və işğaldan azad olunmuş ərazilərdə Daxili Qoşunların şəxsi heyəti tərəfindən mühüm tapşırıqlar icra olunur.

Müharibədə iştirakımız zəngin döyüş təcrübəsi deməkdir. Şəxsi heyət bu döyüş təcrübəsindən daim bəhrələnəcək, öz peşəkarlığını daha da təkmilləşdirəcəkdir.

Daxili Qoşunların şəxsi heyəti bundan sonra da Müzəffər Ali Baş Komandanın hər bir əmrini yerinə yetirməyə hazır və qadirdir. PJ

Zaur Babaşov

Müsahibə POLİQON JURNALI-nın №02 (64) Mart-Aprel 2023 buraxılışında yayımlanıb

 

CATEGORIES
TAGS