Ermənistan EDEX-2023 sərgisində PUA-larını nümayiş etdirib

Ermənistan EDEX-2023 sərgisində PUA-larını nümayiş etdirib

Ermənistanın “AirWorker” şirkəti yeni AW17 və AW21 süzən sursatlarını (kamikadze pilotsuz uçuş aparatları) və AW5R kəşfiyyat pilotsuz uçuş aparatını (PUA) Misirin paytaxtı Qahirə şəhərində keçirilən EDEX-2023 sərgisində nümayiş etdirib.

“Poliqon” xəbər verir ki, 2016-cı ildə yaradılan “AirWorker” şirkəti aviasiya mühəndisliyi və robot texnikası sahəsində konsaltinq xidmətləri ilə məşğul olur, yerli və beynəlxalq qurumlarla birgə tədqiqatlar aparır, o cümlədən Ermənistanın Yüksək Texnologiyalar Sənayesi Nazirliyi və Ermənistan Milli Politexnik Universiteti ilə əməkdaşlıq edir.

“AirWorker” tərəfindən hazırlanan AW21 süzən sursatı 20 dəqiqə havada qalma müddətinə, 30 metr/saniyə uçuş sürətinə və dəniz səviyyəsindən maksimum 3500 metr uçuş hündürlüyünə malikdir. Elektrik mühərriki ilə hərəkətə gətirilən süzən sursatın faydalı yük götürmək bacarığı 2 kiloqramdır.

“AirWorker”in 55 dəqiqəlik uzun uçuş imkanı olan AW17 süzən sursatının uçuş sürəti 25 metr/saniyə, uçuş hündürlüyü dəniz səviyyəsindən maksimum 3500 metr təşkil edir. Analoqları kimi, o, katapult vasitəsilə havaya buraxılır və buraxılış zamanı küləyin sürəti 10 metr/saniyəyə çatır. AW17 PUA-nın döyüş başlığı və idarəetmə sistemi daxil olmaqla AW21 ilə eyni yük qabiliyyətinə malikdir.

AW21 və AW17 süzən sursatlarından fərqli olaraq, kəşfiyyat tapşırıqlarını yerinə yetirmək üçün inkişaf etdirilən AW5R PUA-nın havada qalma müddəti 90 dəqiqə, uçuş sürəti 18-22 metr/saniyə və maksimum uçuş tavanı 3500 metrdir. Onun kütləsi 3.2 kq, faydalı yük götürmək (video kamera) qabiliyyəti isə 0.3 kiloqramdır. Əl ilə havaya buraxılan AW5R səssiz işləyə bilməsi üçün elektrik mühərriki ilə təchiz olunub.

Qeyd edək ki, “AirWorker” şirkəti AW17, AW21 və AW5R PUA-larını ilk dəfə bu ilin fevral ayında Birləşmiş Ərəb Əmirliklərində keçirilmiş IDEX-2023 sərgisində nümayiş etdirib.

CATEGORIES
TAGS