Ermənistan Rusiyanın yeni hücum helikopterlərinə maraq göstərir

Ermənistan Rusiyanın yeni hücum helikopterlərinə maraq göstərir

Noyabrın 14-dən 18-dək BƏƏ-də keçirilmiş “Dubai Airshow-2021” beynəlxalq sərgisində Rusiyanın yeni Ka-52M və Mi-28NE hücum helikopterlərinə xarici müştərilərin marağı yüksək olub.

“Poliqon” xəbər verir ki, bu barədə TASS xəbər agentliyinə müsahibəsində “Rostex” Dövlət Korporasiyasına daxil olan “Vertolyot Rossii” şirkətinin baş direktoru Andrey Boqinski deyib.

Onun sözlərinə görə, “Dubai Airshow 2021” sərgisi çərçivəsində Ermənistan, Qazaxıstan, Malayziya, Mavritaniya, Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanından nümayəndə heyətləri Ka-52M və Mi-28NE hücum helikopterləri ilə maraqlanıblar.

“BƏƏ-də keçirilən “Dubai Airshow-2021” sərgisinin əsas yeniliklərindən biri Mi-28NE hücum helikopterinin beynəlxalq premyerası olub. Əvvəllər “Gecə ovçusu”nun bu modifikasiyası heç vaxt xarici sərgilərdə nümayiş etdirilməyib. Ka-52 ilk dəfə “Dubay Airshow-2021”də nümayiş etdirilib. Aviasiya şousu çərçivəsində təyyarə uçuş proqramında iştirak edib və bu proqram zamanı helikopterlər real hava döyüşlərində istifadə olunan mürəkkəb akrobatik və manevr elementlərini nümayiş etdiriblər”, – deyə Andrey Boqinski vurğulayıb.

Qeyd edək ki, Ka-52M helikopteri Ka-52 “Alligator”un təkmilləşdirilmiş versiyasıdır. İstehsalçı şirkətin açıqlamasına görə, Ka-52M-in raketlə silahlanması Mi-28NM-in yeni zərbə helikopterinin silahlanmasıyla unifikasiya edilib ki, bu da helikopterin atış məsafəsini əhəmiyyətli dərəcədə artırmağa imkan verib. Həmçinin, Ka-52M aktiv fazalı yeni radar sistemi ilə təchiz edilib. Modernləşdirilmiş helikopterin prototipinin ilk uçuşu 2020-ci il avqustun 10-da keçirilib.

Mi-28NE helikopteri hava hədəflərini, tankları və zirehli texnikaları məhv etmək üçün nəzərdə tutulub, həmçinin kəşfiyyat və patrul xidməti üçün də istifadə oluna bilər. Mi-28NE silah kompleksinə 30 mm-lik top, 6 və 10 kilometr mənzilli üç növ tank əleyhinə idarə olunan raketlər, idarə olunan “hava-hava” raketləri, iki növ idarə olunmayan raketlər, o cümlədən 500 kq-a qədər olan aviasiya bombaları daxildir.

Poliqon.az

CATEGORIES
TAGS