Ermənistan silahlı qüvvələri Kəlbəcəri atəşə tutub, şəhidimiz var

İyulun 23-ü saat 16:00 radələrində Ermənistan silahlı qüvvələrinin bölmələri Basarkeçər rayonu ərazisindəki mövqelərindən Azərbaycan Ordusunun Ermənistan-Azərbaycan dövlət sərhədinin Kəlbəcər rayonu sahəsindəki mövqelərini atəşə tutub.
Müdafiə Nazirliyinin mıtbuat xidmətindən “Poliqon”a verilən məlumata əsasən, qarşı tərəfdən açılan snayper atəşi nəticəsində Azərbaycan Ordusunun hərbi qulluqçusu gizir Yaqublu Fərman Telman oğlu şəhid olub.
“Hazırda qeyd olunan istiqamətdə yerləşən Azərbaycan Ordusunun bölmələri tərəfindən cavab tədbirləri həyata keçirilir.
Ermənistan tərəfi bu kimi təxribat yolu ilə qəsdən iki ölkənin dövlət sərhədində vəziyyəti gərginləşdirmək məqsədi güdür.
Baş vermiş təxribata görə bütün məsuliyyət tam şəkildə Ermənistanın üzərinə düşür”, – deyə Nazirlikdən bildirilib.




