SƏRHƏDXəbərlər

Əsaslı təmir olunan sərhəd zastavası xidməti istifadəyə verilib – VİDEO

Dövlət Sərhəd Xidmətinin (DSX) Sərhəd Qoşunlarının “Şəmkir” sərhəd dəstəsinin xidməti ərazisində yerləşən “Salahlı” sərhəd zastavası əsaslı təmirdən sonra xidməti istifadəyə verilib.

DSX-nin Mətbuat Mərkəzindən “Poliqon”a verilən məlumata görə, Dövlət Himninin səsləndirilməsi ilə başlayan tədbirdə Ulu Öndər Heydər Əliyevin və ölkəmizin ərazi bütövlüyünün bərpası uğrunda canlarından keçmiş şəhidlərimizin əziz xatirəsi bir dəqiqəlik sükutla yad edilib.

Çıxışlarda Azərbaycan Prezidenti, Silahlı Qüvvələrin Müzəffər Ali Baş Komandanı İlham Əliyevin tapşırıqlarına uyğun olaraq dövlət sərhədlərimizin toxunulmazlığının təmin edilməsi məqsədilə zəruri sərhəd müdafiə və mühafizə infrastrukturunun yaradılması istiqamətində ardıcıl tədbirlərin həyata keçirildiyi bildirilib. Hərbi qulluqçuların xidmət və sosial-məişət şəraitinin yaxşılaşdırılmasının dövlət sərhədinin mühafizəsinə göstərilən ali diqqət və qayğının növbəti təzahürü olduğu xüsusi vurğulanıb.

DSX rəisi general-polkovnik Elçin Quliyevin təbrikini Dövlət Sərhəd Xidməti rəisinin birinci müavini – Baş Qərargah rəisi general-leytenant Rəşad Sadıqov şəxsi heyətə çatdırıb.

Açılış mərasimindən sonra sərhəd zastavasında zəruri avadanlıqlarla təchiz edilmiş xidməti otaqlar və mənzillərə baxış keçirilib.

Tədbirin sonunda şəxsi heyətlə birlikdə nahar edilib.

Back to top button